Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
- 30-04-2024, 11:29
- Dünya
- 0
- 49
Son zamanlarda Ankara ilə Bağdad arasındakı sıx təmaslar bölgədə tamamilə yeni situasiya yaradıb. Xüsusən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-dən Bağdad və Ərbilə səfəri, orada əldə edilən razılaşmalar, imzalanan sənədlər Yaxın Şərqdəki gələcək geosiyasi durumu yenidən dizayn edilməsi prosesinə təkan verməkdədir. Artıq Ankaranın dəstəyi ilə Bağdadın bölgədə tamamilə yeni oyunçu qismində proseslərdə iştirakı müşahidə olunmaqdadır. Ankara-Bağdad-Ərbil arasındakı sıx koordinasiya öz bəhrəsini verməkdədir. Məhz bunun nəticəsidir ki, 30 ildən sonra İraq sərhədçilərinin Türkiyə ilə sərhəddə dayanmaq imkanı əldə ediblər.
Bölgədəki son hadisələri dəyərləndirən istefada olan iraqlı general Məcid əl-Qeys bildirib ki, sərhəddə qurulan hərbi məntəqələr Türkiyə ilə koordinasiyalı işin məhsuludur.
"Bağdadda iki ölkə arasında kəşfiyyat və hərbi əməkdaşlıq müqavilələri imzalanıb. Terrorun və qaçaqmalçılığın qarşısını almaq üçün İraq ordusunun 30 ildən sonra sərhəddə qurduğu bazalar ciddiyə alınmalıdır. Bu vəziyyət Türkiyə və qarşıdan gələn əməliyyat üçün müsbət mesajdır", - iraqlı general qeyd edib.
Qlobal aktorların bölgədə yaratdığı uçurumda yer alan PKK terror təşkilatının sonunun yaxınlaşdığını qeyd edən iraqlı general bildirib ki, artıq bölgədə rollar dəyişib. "Türkiyə həm Körfəz, həm ABŞ, həm də İran üzərində ciddi təsir gücünə malikdir. Tehran və Qərb qanadı buna görə də sakitdir. Təbii ki, Türkiyə ordusu həm Zaxo-Ərbil, həm də Qamışlı-Səməlka dəhlizlərində hərbi varlığını saxlayan ABŞ-yə və İraqda Həşdi-Şabi ilə hərbi təsir gücünə malik İrana qarşı lazımi tədbirləri görəcək. Türkiyə əhəmiyyətli bir plan qurub. Bu prosesin mütləq hərbi nəticələri olacaq", - o qeyd edib.
İraq və Türkiyə orduları və kəşfiyyat birlikləri arasında ciddi məlumat axını və koordinasiya olduğunu qeyd edən generalın sözlərinə görə, münasibətlərin səviyyəsi bəlkə də tarixin ən yaxşı nöqtəsindədir: "Sərhədləri və həcmi gizli saxlanılan əməliyyatla bölgənin gələcəyi dəyişəcək. Bundan bütün iraqlılar, kürdlər, ərəblər və türkmənlər öz faydasını götürəcək".
Ankaranın bölgədə yeni "İnkişaf yolu" layihəsini reallaşdırmaq istiqamətində atdığı addım Yaxın Şərqdə geosiyasi vəziyyəti dizayn etməyə imkan verəcək. Bu layihə təkcə Ankaranın deyil, ilk növbədə İraq və Körfəz ölkələrinin maraqlarına xidmət edir. "İnkişaf yolu" layihəsi Körfəz ölkələrinin alternativ yollardan istifadə etmək Avropaya, Rusiyaya, Ukraynaya, Cənubi Qafqaza və Mərkəzi Asiyaya rahat çıxışını təmin etmək imkanı yaradacaq.