Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
- 29-03-2024, 10:00
- Dünya
- 0
- 67
ABŞ və Avropa Birliyindən “təhlükəsizlik təminatı dilənən” Paşinyan hakimiyyəti ən real təhlükə ilə elə məhz Ermənistanın daxilində üzləşib... Ermənistanda “bir ölkədə iki dövlət” ssenarisinin daxili parçalanma və vətəndaş müharibəsinə qədər inkişaf edə biləcəyi qətiyyən istisna deyil...
Ermənistan “geopolitik bataqlıq”da çabalamaqda davam edir. Əsas səbəbləri və günahkarları isə elə İrəvanda axtarmaq lazımdır. Çünki məhz rəsmi İrəvan öz xaotik xarici siyasət taktikası ilə Ermənistanı hazırda çabaladığı “geopolitik bataqlığa” salıb. Hər halda, Paşinyan hakimiyyətinə heç kim eyni vaxtda “bir neçə stulda otur” deməmişdi. Əksinə, baş nazir Nikol Paşinyan özünü hamıdan “ağıllı və hiyləgər” hesab edərək, bir-biri ilə düşmən olan dünya nəhənglərindən eyni vaxtda faydalanmaq niyyətinə düşmüşdü. Və indi Ermənistanın hər tərəfdən aldığı zərbələrin qarşısında belə, geri çəkilərək, “xaotik xarici siyasət” kursundan imtina edə bilmir.
Məsələ ondadır ki, son bir necə il ərzində Cənubi Qafqazdakı geopolitik maraqları məhz Ermənistan üzərində kəskin şəkildə toqquşan dünya nəhəngləri Paşinyan hakimiyyətinə belə imkan vermək niyyətindən uzaqdırlar. Yəni, rəsmi İrəvanın Rusiyadan qaçıb, Qərbə sığınmaq cəhdlərinin real nəticələri artıq ortaya çıxmağa başlayıb. Ermənistan isə olduqca zəif və kiçik ölkə olduğundan bu nəticələrin altında əzilməyə məhkumdur. Və yaxın vaxtlarda Ermənistanı daha ağır fəlakətlərin gözlədiyi qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin Ermənistandan Rusiyaya qarşı “geopolitik alət” kimi istifadə etmək cəhdləri erməni toplumunu da ciddi şəkildə parçalamağa başlayıb. Üstəlik, bu parçalanma adətən, erməni toplumunu birləşdirən ideoloji hədəflər üzərindən baş verməkdədir. Belə vəziyyətdəsə, Ermənistan üçün yaxın gələcək daha çox daxili xaos və kataklizmlər vəd edir. Və parçalanmış erməni siyasi düşərgələri arasında gərginlik artaraq, real qarşıdurma müstəvisinə yaxınlaşır.
Hər halda, Kreml Ermənistanın belə asanlıqla, ABŞ və Qərbin əlində Rusiyaya qarşı “geopolitik alətə” çevrilməsi ilə barışmaq niyyətində olmadığını biruzə verir. Düzdür, Rusiya siyasi dairələri Ermənistana münasibətdə maksimum səviyyədə tolerant mövqeyə də üstünlük verməyə çalışır. Ancaq bu taktikanın son vaxtlar Rusiyanın geopolitik maraqlarına fayda vermək əvəzinə zərbə vurduğunu da nəzərə almaq məcburiyyətindədir. Hər halda, Kremlin ehtiyatlı məzmun daşıyan ləng davranışları, tolerant mövqeyi Paşinyan hakimiyyətini daha da cəsarətləndirir. Və Ermənistanın Rusiya əleyhinə düşərgəyə yerləşməyə həvəsləndirir.
Təbii ki, ilk növbədə Rusiya əleyhinə yönəldiyi qətiyyən şübhə doğurmayan ABŞ, Avropa Birliyi və Ermənistan 5 aprel ortaq konfransına hazırlıq Kremldə narahatlığı artırıb. Çünki həmin konfransda ABŞ və Qərb tərəfindən Ermənistana təhlükəsizlik təminatı verilməsi barədə paktın imzalanmasının nəzərdə tutulduğu barədə məlumatlar mövcuddur. Əgər, bu, baş verərsə, Ermənistanın Rusiyaya qarşı atdığı addımlar daha konkret xarakter daşıya bilər.
Ona görə də, Rusiya Ermənistana təsir mexanizmlərini hərəkətə gətirməyə çalışdığı da müşahidə olunur. Kremlin reallaşdırılmasına yaxşı bacardığı erməni separatizmi ilə bağlı ssenarilər yenə də aktuallaşdırılmağa başlayıb. Belə ki, Azərbaycandakı “boz zona”nın ləğvindən sonra Ermənistana sığınmış erməni separatizminin cinayətkar liderləri fəallaşdırılmaqdadır. Hər halda, beynəlxalq hüquq məkanında heç vaxt mövcud olmamış “dqr” təmsilçiləri fəaliyyətlərini davam etdirdiklərini bəyanlayıblar. Erməni separatçıların son “rəhbəri” Samvel Şahramanyan hansısa “dövlət strukturları”nın Ermənistan ərazisində fəaliyyətinə əngəl törədilməsindən də şikayətlənib.
Maraqlıdır ki, erməni separatçılarının “rəhbər”inin bu açıqlamaları Paşinyan hakimiyyəti tərəfindən narahatlıq və qıcıqla qarşılanıb. Baş nazir Nikol Paşinyan Ermənistan hökumətinə qarşı fəaliyyət göstərən bu separatçı qruplaşmanın davranışlarının erməni dövlətçiliyinə real təhlükə törətdiyini bəyan edib. Onun fikrincə, bu separatçı qruplaşmanın təmsilçiləri kənar təsirlərin altındadırlar və Ermənistanın milli təhlükəsizliyini təhdid edirlər: “Ermənistanda hansısa “mühacir hökuməti” mövcud deyil. Ölkədə yalnız Ermənistan hökuməti var. Əgər, kimlərsə, özlərini “hökumət” kimi təqdim etməyə çalışışırsa, bu, artıq Ermənistanın milli təhlükəsizlik problemidir”.
Erməni baş nazir hesab edir ki, kənar güclərin bu separatçı davranışlardan Ermənistana qarşı istifadə edə bilməməsi üçün dərhal sərt addımlar atılmalıdır. Yəni, rəsmi İrəvan erməni separatçıları açıq-aşkar hədələyir. Onları Ermənistana qarşı fəaliyyət göstərməkdə suçlayır. Baş nazir Nikol Paşinyanın “kənar güclər” deyərkən, birmənalı şəkildə Rusiyanı nəzərdə tutduğunu anlamaq da qətiyyən çətin deyil. Və bu baxımdan, Rusiyadan qaçıb, Qərbə yaxınlaşmağa can atan Ermənistanda daxili qarşıdurmanın qaçılmaz olduğu açıq-aşkar nəzərə çarpır.
Ermənistan Nazirlər Kabineti aparatının rəsmi təmsilçisi Taron Çaxoyan isə birmənalı şəkildə vurğulayıb ki, özünün “mühacir hökuməti” kimi təqdim edənlərin fəaliyyət göstərdiyi bütün məkanlar ləğv edilməlidir: “Onlar öz mövcudluqları ilə Ermənistanın təhlükəsizliyini və dövlətçiliyini təhdid edirlər. Ermənistanda dövlət içərisində dövlət ola bilməz. Hər hansı “mühacir hökuməti” də mövcud deyil. Qarabağda çevriliş edərək, həmin ərazilərin boşalmasına səbəb olan avantüristlər indi də Ermənistanda “mühacir hökuməti” yaratmağa çalışırlar. Buna qətiyyən imkan verilməyəcək”.
Paşinyan hakimiyyətinə bağlı erməni deputat Artur Ovannisyan isə vurğulayıb ki, separatçıların rəhbəri Samvel Şahramanyan özünü xarici ölkənin agenti kimi aparır. Erməni deputat hesab edir ki, separatçıların “mühacir hökumət” iddialarının əsas hədəfi Ermənistanın müstəqilliyini təhlükə altına salmaqdır: “Onların bəyanatları ilə bəzi kənar güclərin Ermənistanın müstəqilliyinə qarşı fəaliyyətini müqayisə etdikdə, ölkəmizə yönəlik “qaranlıq ssenarilər”in işə salındığını anlamaq mümkündür”.
Göründüyü kimi, rəsmi İrəvan Ermənistanın təhlükəsizliyinə ABŞ və Avropa Birliyindən təminat almağa can atır. Ancaq bu barədə paktın imzalanacağı ehtimal olunan “ortaq konfrans” ərəfəsində Ermənistanın daxilində təhlükəli proseslər başlayıb. Hər halda, 30 il Azərbaycana qarşı istifadə olunmuş erməni separatizmi indi artıq Ermənistanın daxili probleminə çevrilmək üzrədir. Əgər, ehtimal edildiyi kimi, bu prosesin arxasında Rusiya dayanırsa, deməli, rəsmi İrəvan ciddi nəticələr çıxartmalıdır.
Əks halda, ABŞ və Qərbdən “təhlükəsizlik dilənən” Paşinyan hakimiyyəti ən real təhlükə ilə elə məhz Ermənistanın daxilində üzləşə bilər. Çünki bu prosesin Ermənistanda “iki dövlət” prinsipi üzrə vətəndaş müharibəsinə qədər inkişaf edə biləcəyi də qətiyyən istisna deyil. Bu, baş verərsə, ABŞ və Avropa Birliyindən “diləndiyi” təhlükəsizlik təminatının Ermənistanı xilas edə biləcəyinə yalnız sadəlövhlər inanar.(musavat.com)