“II Napoleon” Rusiyaya daha bir savaş açır: Kreml Avropanı dağıtmaq bəhanəsi qazanır
- 16-03-2024, 09:00
- Dünya
- 0
- 75
Fransada “II Napoleona” çevrilmək xəyalına düşmüş prezident Emmanuel Makron yalnız öz ölkəsini deyil, ümumiyyətlə, Avropa qitəsini kataklizmlərə doğru sürükləyir... Çünki Fransa prezidenti son avantürist ideyasından imtina etməzsə, Rusiyanın radikal cavab reaksiyası Ukrayna savaşının öz indiki əhatə dairəsini aşaraq, “qoca qitə”yə sıçramasına da yol aça bilər...
Ukrayna savaşı ətrafında situasiyanın gərginləşməkdə olduğu müşahidə olunur. Bu gərginləşmə həm siyasi, həm də hərbi faktorlar üzrə nəzərə çarpır. Belə ki, hazırda ABŞ və Qərb Ukraynanın savaş meydanında üzləşdiyi və yaxın gələcəkdə yaranacaq yeni situasiyadan olduqca narahatdır. Bu baxımdan, Qərbdə müəyyən siyasi hərəkətliliyin qabarıq şəkildə ortaya çıxmaqda olması o qədər də təəccüblü deyil.
Onu da qeyd etmək lazımdır ki, hazırda Qərb siyasi dairələrində Ukrayna savaşının gələcək taleyi ilə bağlı qənaətlər daha çox pessimist məzmun daşıyır. Belə ki, indi Ukrayna ordusunun qələbə şansları bir müddət öncə ilə müqayisə də o qədər də yüksək hesab olunmur. Hətta bəzi mülahizələrə görə, Ukrayna hərbi qələbə imkanlarını sürətlə tükəndirir və tezliklə ağır məğlubiyyət qaçılmaz ola bilər. Və bu səbəbdən də, ən qısa zamanda mövcud situasiyanın dəyişdirilməsi istiqamətində radikal addımların atılması vacibdir.
Maraqlıdır ki, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali təmsilçisi Cozep Borrel Ukrayna savaşının hansı nəticələrə yol açacağının məlum olması üçün yaxın üç ay ərzində baş verəcək hadisələrin həlledici xarakter daşıyacağını vurğulamışdı. O, Qərb ölkələrini dərhal Ukraynaya hərbi dəstəyin maliyyələşdirilməsi prosesini bərpa etməyə çağırmışdı. Bu isə o deməkdir ki, Qərb ölkələrinin həm Ukraynanı, həm də bu dövlətlə birlikdə Avropanın gələcək taleyini real təhlükədən xilas etmək üçün ən uzağı üç ay vaxtı qalıb.
Digər tərəfdən, ABŞ prezidenti Co Bayden də Ukraynanın savaş meydanında məğlub duruma düşməsinə görə öz ölkəsinin konqresmenlərini suçlamışdı. Ağ Ev sahibi vurğulamışdı ki, ABŞ Konqresinin hərbi yardımları bloklaması ucbatından Ukrayna ordusu döyüş qabiliyyətini sürətlə itirir və bununla da Rusiyanın bütün dünya üçün daha real təhlükəyə çevrilmə ehtimalı artır. Prezident Co Bayden də Qərb siyasi dairələrini tələsməyə və qətiyyətli olmağa çağırmışdı, Ukrayna ordusunun döyüş sursatının tükənmək üzrə olduğunu xatırlatmışdı və bir müddətdən sonra rəsmi Kiyevə göstəriləcək yardımların effektiv olmayacağını bildirmişdi.
Göründüyü kimi, Ukrayna savaşı ətrafında yaranmış vəziyyət olduqca ciddidir. Üstəlik, son bir neçə gün ərzində Ukrayna ordusunun bütün döyüş potensialının cəmləşdirərək, Rusiyaya qarşı hücum əməliuyyatlarına başladığı da diqqəti çəkir. Rəsmi Kiyevin silah-sursat çatışmazlığının yaşandığı bir şəraitdə belə riskli addımlar atması əsasən iki səbəblə izah olunur. Belə ki, ABŞ və Qərb növbəti prezident seçkiləri dövründə Kremlə ciddi problemlər yaratmaqda, Rusiyanı daxili xaosa sürükləməkdə maraqlıdır. Çünki Ukrayna ordusunun savaşı Rusiyanın daxilinə keçirtməyə çalışdığı açıq-aşkar nəzərə çarpır.
Digər tərəfdən, rəsmi Kiyev Ukrayna ordusunun qısamüddətli də olsa, hücum taktikasına qayıtması ilə Qərbə qətiyyətli mesajlar verməyə çalışır. Belə ki, Ukrayna ordusunun döyüş qabiliyyətindən ümidini kəsən bəzi Qərb ölkələrinə qənaətlərinin yanlış olduğunu anlatmağa cəhd göstərir. Yəni, rəsmi Kiyev Ukrayna ordusunun döyüş qabiliyyətinin hələ də çox yüksək olduğunu nümayiş etdirməklə, Qərb ölkələrini hərbi yardımlar üçün maliyyə ayırmağa həvəsləndirmək istəyir. Və bu metodun hansı nəticələr verəcəyi isə hələlik müəmmalı xarakter daşıyır.
Ukrayna savaşı ətrafında yaranmış gərginliyin ikinci istiqaməti isə daha çox kollektiv Qərb düşərgəsinin daxilində olan kəskin ziddiyyətlərlə birbaşa bağlıdır. Əsas ziddiyyətlər Ukraynaya hərbi yardımların ayrılması məsələsində yaşanan ciddi tərəddüdlərlə bağlıdır. ABŞ-ın yardımları dayandırıldıqdan sonra bəzi Avropa ölkələri də bu məsələdə geri addımın atılmasına meyl göstərirlər. Və bu, Qərb siyasi düşərgəsində ciddi mübahisələrə yol açmağa başlayıb.
Məsələ ondadır ki, bəzi Avropa ölkələri Ukraynaya dəstəyin kəsilməsinin “qoca qitə”ni fəlakətə sürükləmək anlamı daşıdığını iddia edirlər. Onların mövqeyinə görə, indiki situasiyada Ukraynaya daha çox müasir hərbi texnika göndərilməlidir ki, Rusiyanı zəiflədərək, gücsüz vəziyyətə salmaq mümkün olsun. Əks halda, Ukrayna savaşından qalib çıxacağı təqdirdə, Rusiya bütün Avropanı təhdid edən real hərbi təhlükə mənbəyinə çevrilə bilər.
Maraqlıdır ki, Ukraynaya hərbi dəstək çağırışlarına indi daha çox Fransa müəlliflik edir. Halbuki, savaşın başlanmasından üzübəri Fransanın Ukraynaya ayırdığı maliyyə vəsaitinin ümumi həcmi bir milyard dollara belə, çatmayıb. Almaniya isə indiyə qədər Ukraynaya 17 milyard avro göndərib. Buna baxmayaraq, indi Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi qüvvə göndərmək barədə avantürist xarakterli təklifin müəllifidir. Və o, bu təklifində israrlı mövqe tutmağa çalışır.
Prezident E.Makron bir müddət öncə Avropa Birliyi ölkələri cəsarət göstərməsələr, Ukraynaya Fransa qoşunlarını göndərmək məcburiyyətində qala biləcəyini vurğulamışdı. Son açıqlamasındasa, o, bildirib ki, Qərb ölkələri ilə bu məsələ ətrafında anlaşmanın mümkün olmadığını etiraf edib. Tərəfdaşlarını sərt şəkildə ittiham edən prezident E.Makron Ukraynanın hərbi qələbəsinin Avropa üçün taleyüklü olduğunu da qabardıb.
Ancaq Fransa prezidenti deyəsən, Ukraynaya hərbi qüvvə göndərmək məsələsini özünün siyasi piarına çevirmək niyyətinə düşüb. Belə ki, o, indi olmasa da, istənilən halda, yaxın gələcəkdə Fransa ordusunun bir hissəsini Ukraynaya göndərmək məcburiyyətində qala biləcəyini qətiyyən istisna etmir.
Təbii ki, Qərb siyasi dairələri Fransa prezidenti E.Makronun Rusiya ilə birbaşa savaşa girməyə cəsarət edə biləcəyinə ehtimal vermirlər. Onlar hesab edirlər ki, prezident E.Makron hazırda siyasi şizofrenyadan əziyyət çəkir və özünü az qala yeni Napoleon Banapart hesab edir. Qərbdə hesab edirlər ki, prezident E.Makronun Ukraynaya hərbi qüvvə göndərmək kimi avantürist ideyanı tez-tez təkrarlaması Avropa ölkələri üçün real təhlükə mənbəyidir. Çünki Kreml Qərbə “dərs vermək” üçün Fransa prezidentinin bu avantürist ideyasından bəhanə kimi istifadə edə bilər. Və bu halda, Rusiyanın preventiv addım kimi, nüvə dövləti olan Fransaya deyil, məhz digər Avropa ölkələrinə raket zərbəsi endirmə ehtimalı istisna sayılmır.
Bütün bunlar onu göstərir ki, Fransada II Napoleona çevrilmək xəyalına düşmüş prezident E.Makron yalnız öz ölkəsini deyil, ümumiyyətlə, Avropa qitəsini kataklizmlərə doğru sürükləyir. Çünki Fransa prezidenti bu davranışlarını davam etdirərsə, hansısa mərhələdə Rusiyanın cavab reaksiyası Ukrayna savaşının “qoca qitə”yə sıçramasına da yol aça bilər. Və bu halda, Ukrayna müharibəsinin qlobal savaşa çevrilməsi qaçılmaz olacaq.(Yeni Müsavat)