Müharibədə ikinci cəbhə açılır: Toqquşmaya qoşulanların sayı artır
- 23-10-2023, 14:25
- Dünya
- 0
- 103
Livan-İsrail sərhədində vəziyyət kəskin şəkildə pisləşib. İranyönlü “Hizbullah”ın İsraillə HƏMAS arasında münaqişəyə tam gücü ilə müdaxilə edəcəyi narahatlığı var.
İsrailin baş naziri Benyamin Netanyahu “Hizbullah”a xəbərdarlıq edib.
“Hizbullah” müharibə qərarı verərsə, bununla bir ömür boyu səhv etmiş olar. Biz onu təsəvvür etmək mümkün olmayan bir qüvvə ilə vuracağıq və bunun həm “Hizbullah”, həm də Livan dövləti üçün dağıdıcı nəticələri olacaq”, - Netanyahu bildirib.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin də Hizbullaha belə bir səhvə yol verməməyi şiddətlə tövsiyə edib.
Livan da öz növbəsində ölkənin cənubunda müharibədən qaçmağa çalışır.
Əgər “Hizbullah” belə bir qərar verəcəksə, o zaman Livanın baş naziri Najib Mikati təşkilatın qərarına təsir edə bilməyəcək. Çünki bu təşkilat müstəqil və ya İranın təklifi ilə qərarlar verir.
Emek İsrail Kollecinin Yaxın Şərq tədqiqatları məktəbinin rəhbəri İdo Zelikoviç Kan REKA radiostansiyasına müsahibəsində deyib ki, “Hizbullah”la genişmiqyaslı müharibə həmişəkindən daha yaxındır və son nəticədə qaçılmazdır.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus isə bildirib ki, “Hizbullah” Livanı müharibəyə sürükləyir. “Hizbullah çox təhlükəli oyun oynayır. Onlar vəziyyəti gərginləşdirirlər. Biz hər gün getdikcə daha çox hücum görürük”, - o əlavə edib.
İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat Britaniyanın “Daily Mail” qəzetinə müsahibəsində deyib ki, “Hizbullah” İsrailə hücum edərsə, o zaman “ilanın başı olan” İranı vuracaqlar.
Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin "Carney" esminesi cümə axşamı Yəmən sahillərindən, İrana yaxınlığı ilə seçilən husilərin “Ənsar Allah” hərəkatı tərəfindən İsrailə atılan bir neçə raketi məhv edib.
ABŞ Dövlət katibi Entoni Blinken də İranın səyi ilə müharibənin coğrafiyasının genişləndirmə cəhdindən narahatlığını dilə gətirib.
ABŞ-nin eskalasiya perspektivlərini və Yaxın Şərqdəki qüvvələrinə hücum riskinin artdığını qeyd edən Pentaqonun rəhbəri Lloyd Ostin ABC telekanalına müsahibəsində deyib: “Əgər hər hansı qrup və ya ölkə bu münaqişəni genişləndirməyi və gördüyümüz xoşagəlməz vəziyyətdən istifadə etməyi planlaşdırırsa, mənim sizə məsləhətim budur: etməyin. Biz özünəmüdafiə hüququnu özümüzdə saxlayırıq və müvafiq tədbirlər görməkdən çəkinməyəcəyik”.