"Rusiyanın şeytani planı" - Kremlin növbəti addımı BƏLLİ OLDU, Putinə SƏRT REAKSİYALAR gəldi
- 29-09-2022, 15:18
- Dünya
- 0
- 209
Ukraynanın Rusiyanın işğalı altında olan 4 bölgəsində keçirilən ilhaq referendumu böyük fərqlə “Rusiyanın xeyrinə” nəticələnsə də, Kiyev administrasiyası və Qərb ölkələri nəticələri tanımayacaqlarını açıqlayıb. Bəs Moskvanın növbəti planı nədir?
Rusiya separatçı Donetsk, Luqansk və Xerson və Zaporojye vilayətlərində keçirilən referendumlarında xalqın 99 faizindən çoxunun ilhaqın lehinə səs verdiyini iddia edir. Ukrayna referendumun nəticələrini etibarsız və əsassız, BMT və ABŞ isə səsverməni qeyri-qanuni adlandırıb.
Nəticələrin açıqlanmasından sonra Donetsk və Luqansk liderlərinin Rusiyaya birləşmək üçün rəsmi müraciət etdikləri, Xerson və Zaporojye rəhbərlərinin isə tezliklə müraciət edəcəyi məlum olub.
“TORPAQLARIMIZI GERİ ALACAĞIQ”
Ukrayna prezidenti Volodimir Zelenski deyib: “İşğal olunmuş ərazilərdəki bu cəfəngiyyatı, hətta referendumun təqlidi də adlandırmaq olmaz”.
Zelenski ilhaq referendumlarının Ukraynanın strategiyasını dəyişməyəcəyini və ölkənin işğal olunmuş torpaqlarını geri alacaqlarını bildirib: “Biz irəliləyirik və ölkəmizi xilas edirik”.
BMT-dən AÇIQLAMA
BMT-nin Baş katibinin Siyasi və Sülh Quruculuğu Məsələləri üzrə müavini xanım Rozmari DiKarlo referendumların beynəlxalq hüquqa əsasən qanunsuz olduğunu deyib.
"Bir dövlətin xalqın iradəsini təmsil etdiyi iddiası ilə başqa bir dövlətin ərazisini zorla ələ keçirmə cəhdini qanuniləşdirmək məqsədi daşıyan birtərəfli hərəkətlər beynəlxalq hüquq baxımından qanuni olaraq qəbul edilə bilməz" - BMT Təhlükəsizlik Şurasında çıxış edən Dikarlo deyib.
AVROPA İTTİFAQI NƏTİCƏLƏRİ PİSLƏYİR
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrel Aİ-nin referendumları və onların nəticələrini pislədiyini açıqlayıb.
"Aİ qanunsuz referendumların keçirilməsini və onların saxtalaşdırılan nəticələrini pisləyir. Bu, sistematik insan haqları pozuntuları arasında Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün növbəti pozulmasıdır”, - o “Twitter” hesabında yazıb.
NATO-dan REAKSİYA
NATO-nun baş katibi Yens Stoltenberq sosial media hesabından verdiyi açıqlamada referendumun nəticələrinin etibarlı olmadığını bildirib.
Ukrayna lideri Zelenski ilə telefonla danışdığını açıqlayan Stoltenberq deyib:
“NATO müttəfiqlərinin Ukraynanın suverenliyi və özünümüdafiə hüququna dəstəyinin sarsılmaz olduğunu açıq şəkildə ifadə etdim. Rusiyanın təşkil etdiyi saxta referendumların heç bir legitimliyi yoxdur və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu torpaqlar Ukraynaya məxsusdur”.
ABŞ: “NƏTİCƏNİ TANIMIRIQ”
ABŞ dövlət katibi Antoni Blinken də "Rusiyanın şeytani planı" olaraq xarakterizə etdiyi referendumun nəticələrini tanımayacaqlarını açıqlayıb.
Blinken ukraynalıların torpaqlarını geri alması üçün dəstəyi davam etdirəcəklərini bildirib.
MOSKVANIN NÖVBƏTİ ADDIMI NƏ OLACAQ?
Növbəti prosesdə yaxın günlərdə Rusiya lideri Vladimir Putinin parlamentdə çıxış edəcəyi və sözügedən bölgələrin Rusiyaya birləşdirilməsini elan edəcəyi gözlənilir.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin qondarma Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin və qondarma Luqansk Xalq Respublikasının lideri Leonid Paseçniklə ünsiyyəti baş tutacaq.
"Bu və ya digər şəkildə, əlbəttə ki, ünsiyyət olacaq, planlar hələ hazırlanır", - Peskov aydınlıq gətirib.
Kremlin sözçüsü Putinin DXR və LPR liderləri ilə görüşlərinin nə vaxt keçirilə biləcəyi ilə bağlı suala qəti cavab verməyib.
"Vaxtında sizə məlumat verəcəyik" - Peskov bildirib.
Digər tərəfdən, bütün bölgələr Rusiyanın nəzarəti altında deyil. Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi Zaporojye vilayətinin mərkəzi hələ də Ukrayna qüvvələrinin nəzarəti altındadır, Donetskin bütün ərazisi hələ Rusiya qüvvələri tərəfindən ələ keçirilməyib.
Kremlin sözçüsü Dmitri Peskov dünən jurnalistlərə açıqlamasında bu mövzuya toxunub:
“(qondarma) Donetsk Xalq Respublikası torpaqlarının hamısı hələ azad edilməyib. Söhbət 2014-cü ildən etibarən sərhədlərin müəyyən edildiyi bölgədən gedir. Ona görə də Donetsk Xalq Respublikasının bütün torpaqları azad edilməlidir”.
Mənbə: Musavat.com