Tokayev: "Qazaxıstan qondarma DXR və LXR-i tanımayacaq"
- 18-06-2022, 09:00
- Dünya
- 0
- 192
Qazaxıstan qondarma Donetsk (DXR) və Luqansk (LXR) “xalq respublikaları”nı tanımayacaq.
Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışında deyib.
"Aşağıdakıları qeyd etmək istərdim: müasir beynəlxalq hüquq BMT Nizamnaməsidir. Nizamnamədə təsbit olunmuş iki əsas prinsip indi bir-biri ilə ziddiyyət təşkil edir. Bu, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququdur. BMT-nin qurucu ataları bu anı nəzərə almadı, ola bilsin, bu, qəsdən kompromis kimi təqdim edilib”, - dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, BMT Nizamnaməsinin xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı prinsiplərini rəhbər tutulsa, onda dünyada BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600-dən çox ölkə peyda olacaq.
"Əlbəttə, bu, xaos olacaq. Bu səbəbdən biz nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Və görünür, bu prinsip kvazi-dövlət ərazilərinə şamil olunacaq, fikrimizcə, bu prinsiplər Luqansk və Donetskdir”, - Tokayev əlavə edib.
Lakin o, millətlərin müqəddəratını təyinetmə hüququ ilə bağlı fikirlərini dəqiqləşdirməyib.