"Putinin hakimiyyətdən uzaqlaşdırılması ondan qorunmağın yeganə yoludur"
- 11-05-2022, 09:30
- Dünya
- 0
- 141
"Rusiya diktatoru Vladimir Putinin hakimiyyətdən uzaqlaşdırılması Qərbi Moskvadan gələn təhdidlərdən qorumağın yeganə yoludur".
Bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsbergis “Associated Press” agentliyinə müsahibəsində danışıb. O, bildirib ki, Kreml rəhbərinin mayın 9-da keçirilən paraddakı çıxışı Ukraynadakı müharibədəki uğursuzluqları göstərib. Onun fikrincə, belə bir Putin daha təhlükəli ola bilər və təhlükəni aradan qaldırmağın yeganə yolu onu uzaqlaşdırmaqdır.
“Bizim nöqteyi-nəzərimizdən indiki rejimin hakimiyyətdən uzaqlaşdırılmayana qədər onu əhatə edən ölkələr müəyyən dərəcədə təhlükə altında olacaq. Təkcə Putini deyil, bütün rejimi. Çünki bilirsiniz ki, siz Putini dəyişə bilərsiniz və ya onun mühitini dəyişə bilərsiniz, amma onun yerinə başqa Putin gələ bilər”, - deyə Landsbergis bildirib.
Nazir əlavə edib ki, nə qədər ki, Rusiya ərazisindən kənarda müharibə aparmaq niyyətində olan rejim var, onu əhatə edən ölkələr təhlükə altında olacaq.
“2008-ci ildə Gürcüstanda daha sonra 2014-cü ildə Ukraynada ilk dəfə müharibə başlayan zaman buna şübhə edənlərə bir şey sübuta yetirilibsə, bu da, Rusiyanın təcavüzkar ölkə olmasıdır. Bu, artıq hamıya məlumdur”, - deyə Litvanın xarici işlər naziri bildirib.
Xatırladaq ki, Putinin paraddakı çıxışının çox hissəsi Ukraynadakı müharibəyə həsr olunmuşdu, lakin o, Rusiya hakimiyyətinin rəsmi olaraq genişmiqyaslı işğal adlandırdığı “xüsusi hərbi əməliyyat” ifadəsini işlətməyib.
Putin çıxışı zamanı başqa ifadələrdən istifadə edib. “Rusiya təcavüzə qabaqlayıcı reaksiya verdi”, “bu gün müxtəlif millətlərdən olan döyüşçülərimiz döyüşdə bir yerdədir” və s. deyib. Prezident çıxışını bu sözlərlə bitirib: “Rusiya naminə! Qələbə uğrunda!".(bizimyol.info)