Ərdoğan: "Prezident İlham Əliyev Zəfərin baş memarıdır"
- 24-12-2021, 15:28
- Dünya
- 0
- 282
“Bu bünövrədə qardaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. Bir-birinə qəlbən bağlı olan ölkələrimizi boru xətləri, dəmir yolları ilə də əlaqələndirdik. Həyata keçirilən birgə layihələr sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı, bunların yaratdığı regional rifah və stabilliy güclənəcək”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AzTV-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı “Prezident. Təkrarsız diplomatiya” adlı sənədli filmdə bildirib.
“İlham qardaşımın baş komandanlığı və rəhbərliyi altında Azərbaycan 30 ilə yaxın davam edən işğalı 44 gündə sona çatdırdı, haqlı davasında dastanvari zəfər qazandı. “Bir millət – iki dövlət” şüarı ilə Türkiyənin qardaşlıq vəzifəsinə əsaslanaraq etdiyi Vətən müharibəsi müddətində müxtəlif təxribatlara baxmayaraq, İlham qardaşım qətiyyətli və soyuqqanlı liderlik nümayiş etdirərək Zəfərin baş memarı oldu. Bir milyon qaçqın qardaşımızın evə qayıdış yollarını açdı. O, bu qüruru və sevinci Türkiyə və Azərbaycana verib. Bu vəsilə ilə müzəffər Ali Baş Komandan, cənab Əliyevi və qəhrəman Azərbaycan xalqını bir daha təbrik edirəm”, - dövlət başçısı deyib.
Ərdoğan vurğulayıb ki, Heydər Əliyev dövründə başlayan və İlham Əliyevlə davam edən inkişafla Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib: "Paytaxt Bakı Xəzərin parlayan ulduzuna çevrildi. Bir il içində Qarabağın incisi və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa, Füzuli və işğaldan azad edilən digər yaşayış yerlərində layihələr sürətlə həyata keçirildi. Qarabağın azad olunmasından olduğu kimi, bərpa və restavrasiya prosesində Azərbaycana dəstəyimizi davam etdirəcəyik. Türkiyə olaraq indi və həmişə Azərbaycan qardaşlarımızla çiyin-çiyinə irəliləməyə davam edəcəyik”.
“Münasibətlərimizdə daim olan digər element isə qardaş köməyidir. Türkiyənin milli mücadilə dövründə azərbaycanlı qardaşlarımız tərəfindən toplanan yardımların unudulması mümkünmüdür? Bu ilin yayında meşə yanğınları ilə mübarizədə bizimlə çiyin-çiyinə mücadilə aparan azərbaycanlıların nümayiş etdirdiyi həmrəyliyi unutmaq mümkünmüdür? 15 iyun mənfur dövlət çevrilişi cəhdinin qarşısının alınmasında can Azərbaycanın dəstəyini unutmaq mümkündürmü?”, - Türkiyə Prezidenti qeyd edib.