Putin “geriyə yol yoxdur” dedi: 3 dəhşətli ssenari
- 23-12-2021, 10:44
- Dünya
- 0
- 286
Rusiya Prezidenti Vladimir Putin son çıxışında “geriyə yox yoxdur” deyərək, Qərbə ünvanladığı “qırmızı cizgi”dən vaz keçməyəcəyini bildirib. Qərb isə Kremlin heç bir “cizgisini” tanımadığını bəyan edib.
Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiyanın Avropada təhlükəsizliklə bağlı Qərbə göndərdiyi təklifləri Putinin qiymətləndirməsini şərh edərkən deyib.
Politoloq bildirib ki, Qərbdə heç kim Putinin “qonşu dövlətlər arxa baxçamızdır, bura daxil ola bilməzsiniz” ultimatumunu qəbul etmək fikrində deyil, ancaq Kreml sahibi də sözünü deyib, geri çəkilməyi düşünmür:
“Belə olan halda hadisələr bu cür inkişaf edə bilər: Birincisi, Qərb Rusiyanı sakitləşdirmək üçün danışıqlara başlaya bilər. Ancaq Putin deyib ki, Rusiyanı danışıqlar adı altında aldatmağa çalışa bilərlər. Yəni Putin danışıqlardan nəticə gözləmədiyinə bəri başdan işarə edib. Putinin digər ziddiyyətli açıqlaması da var. O bir tərəfdən istəyir ki, Vaşinqton Ukraynanın və Gürcüstanın NATO üzvü olmayacağı barədə Kremlə yazılı təminat versin, o biri tərəfdən də deyir ki, Vaşinqtonun imzaladığı sənəd qara qəpiyə dəyməz, çünki istənilər vaxt sazişdən imtina edə bilər. Bunu deyən o ölkədir ki, həmin dövlət Ukrayna ərazisinə iddia etmədiyinə dair 1994-cü ildə Budapeştdə sazişə imza atmış, 2014-cü ildə isə Krımı ilhaq etmişdi.
İkincisi, Kreml ultimatumuna Qərbdən qəti rədd cavabı aldıqdan sonra Krım və Belarus ərazisində taktiki nüvə silahları yerləşdirəcək. Belarus Prezidenti Aleksandr Lukaşenko da son müsahibələrinin birində nüvə raketlərinin ölkəsinə geri qaytarılması üçün Moskvaya müraciət edəcəyini bildirmişdi. Yəni bu proses artıq başlayıb. Kremlin məntiqi sadədir: “Siz Rumıniya və Polşada nüvə başlıqlı raketlər yerləşdirirsinizsə, mən də eyni tip raketləri istədiyim ərazidə yerləşdirəcəm”.
Üçüncü və ən təhlükəli ssenari Rusiyanın Ukraynaya hərbi müdaxiləyə başlamasıdır. Kreml ultimatumlarla “hədəfləri” elə böyüdüb ki, bu ssenari artıq qeyri-real görünmür. Rusiya “Donbasda rusları qorumaq” adı altında ordusunu bu bölgəyə yeridəcək və ardınca da Krımda olduğu kimi, “referendum” keçirib Donbası Rusiyaya birləşdirəcək. Ancaq bu da təhlükəli proseslərin sonu olmayacaq, qarşıdurma yeni fazaya keçəcək”.