Главная > Cəmiyyət > “Böyük Qayıdış"a mane olmaq istəyənlərin planları iflasa uğrayacaq
“Böyük Qayıdış"a mane olmaq istəyənlərin planları iflasa uğrayacaq13-08-2021, 15:00. Разместил: admin |
Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü təmin etdikdən sonra azad edilən torpaqlarda "Böyük qayıdış"ın təmin olunması, həm də əldə etdiyimiz qələbənin dayanıqlığı və möhkəmlənməsi istiqamətində yürüdülən siyasət, o cümlədən həyata keçirilən genişmiqyaslı tədbirlər planı nəinki Ermənistanı, onlara havadarlıq edənləri və bəzi Azərbaycanı sevməyən gücləri ciddi narahat etməkdədir. Bu qüvvələri təkcə azad olunmuş torpaqlara “Böyük qayıdış"ı təmin etmək yox, eyni zamanda dünyada baş verən kataklizmlərə baxmayaraq Azərbaycan Prezidentinin qlobal çağırışlara çevik reaksiya verib, milli maraqlara xidmət edən, habelə müharibədən sonra Cənubi Qafqazda yaratdığı yeni reallığa uyğun olaraq fəal siyasət yürütməsi də əndişələndirir. Həmin qüvvələr ən müxtəlif vasitələrdən istifadə edərək Azərbaycana əngəl olmaq istəyirlər. Elə Ermənistanın son zamanlarda 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq destruktiv siyasət yürütməsi də bunun tərkib hissəsidir. Odur ki Paşinyan yenidən baş nazir seçildikdən sonra 10 noyabr bəyanatının müddəalarını yerinə yetirmək əvəzinə, bunun əksinə siyasət yürüdür. Xüsusən də Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın açıqlamaları əldə olunan kövrək sülhə ciddi təhdidlər yaradır. Paşinayan bir yandan sülh əldə etmək üçün Azərbaycan Prezidenti ilə görüşməyə, üçtərəfli işçi qrupun fəaliyyətinin bərpa olunması, sərhədlərin delimitasiyası ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bəyan edir, digər tərəfdən isə ən müxtəlif hiyləgərlik variantından istifadə edib 10 noyabr bəyanatının müddəalarının icra etməyib, vaxt qazanmağa çalışır. O, üçtərəfli bəyanatın tələbinə uyğun olaraq nə kommunikasiyaların bərpa olunub, Zəngəzur dəhlizinin açılması, nə sərhədlərin delimitasiyası, nə də sülh sazişinin imzalanması istiqamətində real addım atır. Pozuculuq fəaliyyəti ilə məşğul olub əldə etdiyi razılaşmanın əksinə çıxır. Ermənistanın son günlərdə dövlət sərhədində Paşinyan hakimiyyəti tərəfindən törədilən təxribatlar da məhz onun bu siyasətinə xidmət edir. Amma nədənsə Azərbaycanın “dəmir yumruğunu” unudur… Paşinyan və Ermənistan unutmamalıdır ki, “dəmir yumruq” yerindədir və o, növbəti dəfə qalxarsa, o zaman onun vuracağı xəsarətlər daha ağır və dağıdıcı olacaq. Nə qədər gec deyil Ermənistan təxribatlardan və erməni hiyləgərliyindən əl çəkib haqq yoluna gəlməlidir. Onsuz da sonunda Ermənistanın Azərbaycanın şərtlərini qəbul edib sülh sazişi imzalamaqdan başqa şansı yoxdur. Hiyləgərlikləri son nəticədə öz başlarında çatladığı kimi, bundan sonra da çatlayacaq və onun ağrısını ermənilər özləri çəkməli olacaq. Çünki Azərbaycan istər bölgənin, istərsə də dövlətin gələcəyi ilə bağlı strategiyasını müəyyən edib və bu yolla irəliləyir. Azərbaycan bu yolun məsuliyyətini və çətinliyini də yaxşı bildiyindən siyasətini də üzləşəcəyi maneələri necə aşmaq və dəf etmək istiqamətində qurub. Azərbaycan ölkə başçısının dediyi kimi təmkinliliyə üstünlük verərək hədəflərinə doğru irəliləyir. Bu hədəflərinə nail olmaq üçün Azərbaycan bir yandan işğaldan azad olunan ərazilərə “Böyük qayıdışı” təmin etmək üçün sürətlə genişmiqyaslı tədbirlər planını həyata keçirir. Bunun üçün ilk olaraq infrastruktur, yenidənqurma-bərpa işləri, o cümlədən gələcəyə yönəlik layihələr icra olunmaqdadır. Digər tərəfdən isə regional və daha qlobal səviyyədə əməkdaşlığın təmin olunması istiqamətində real addımlar atır. Azərbaycan bölgədə yaratdığı geosiyasi, geoiqtisadi reallığın tələblərinə uyğun olaraq mövqeyini möhkəmləndirmək üçün siyasət yürüdür. Azərbaycan Cənubi Qafqazın əməkdaşlıq bölgəsi olması üçün Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan və digər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı həyata keçirir. Artıq beynəlxalq aləm, hətta buna qarşı olan Azərbaycanın yaratdığı reallığı qəbul edir və istəməsələr belə, siyasətlərini buna uyğun qururlar. Bilirlər ki, Azərbaycanın yaratdığı reallıq yaxın gələcəkdə həyata keçəcək və bu reallığın yaratdığı fürsətlərdən kənarda qalmaq istəmirlər. QEYD: Bu material MEDİA Agentliyinin maliyyə yardımı əsasında "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış" mövzusu ilə əlaqədar dərc olunub. Вернуться назад |