Главная > Cəmiyyət > Mədəniyyət Nazirliyi Samir Şərifova cavab verdi
Mədəniyyət Nazirliyi Samir Şərifova cavab verdi9-06-2021, 09:54. Разместил: admin |
“Mədəniyyət Nazirliyinə vəsaitlər ayrılır, ancaq nəticədə hər hansı bir kino əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”. Bu sözləri maliyyə naziri Samir Şərifov parlamentin dünən keçirilən iclasında deputatların suallarını cavablandırarkən deyib. "Modern.az məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlik cavab olaraq Samir Şərifovun iradlarına belə cavab verib. “Maliyyə nazirinin Milli Məclisdəki son çıxışı zamanı kino sahəsi ilə bağlı səsləndirdiyi fikirlərlə əlaqədar bildirmək istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən, “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində, sözügedən nazirliyin, eləcə də bu sahədəki ictimai təşkilatların rəy və təklifləri nəzərə alınaraq yenidən hazırlanmış, bu istiqamətdə qısa zaman ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm zəfər ölkəmizin tarixində yeni bir səhifə açmış və dövlətimiz bütün sahələrdə yenidənqurma və inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələ milli kinematoqrafiyamızın da qarşısında mədəniyyətimizin qalib təzahürü və carçısı olmaq vəzifəsini qoyur. Bununla əlaqədar, Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə keçirilən «Böyük Qayıdış» film layihələri müsabiqəsi Mədəniyyət Nazirliyi tərəfindən elan olundu. Dünya təcrübəsinə uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən mərhələli şəkildə təşkil edilən müsabiqədə ölkəmizdə ilk dəfə layihələrin açıq Pitçinq yolu ilə seçilməsi mexanizmi tətbiq olundu və Vətən Müharibəsinə həsr olunmuş 11 qısametrajlı bədii, sənədli və animasiya filmləri istehsala buraxılmaqdadır. Bununla yanaşı, 1982-ci ildən bu günədək ilk dəfə olaraq 2021-ci ilin əvvəlində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası üçün kinotexnika avadanlıqları alındı və «Fəryad 2», «Məryəm» və «Mərmər soyuğu» tammetrajlı bədii filmlərin istehsalına artıq başlanıldı. Eyni zamanda, 1965-ci ildən heç vaxt təmir edilməmiş “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının yenilənməsi ilə bağlı müvafiq tədbirlər görülür. Həmçinin, ölkəmizdə film sahəsinin modernləşdirilməsi, dünyanın bu sahədə ən qabaqcıl ölkələrinin təcrübəsinə uyğun şəkildə yenidən qurulması, dünya kino prosesinə inteqrasiyasının sürətləndirilməsi və nəhayət, dayanıqlı inkişafa əsaslanan kino sənayesinin formalaşdırılması üçün inkişaf etmiş kino sənayesinə malik Türkiyə, ABŞ, Fransa, Almaniya kimi ölkələrlə birgə filmlərin çəkilməsi istiqamətində işlərə başlanılıb. Son illərdə ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə özəl vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Təsadüfi deyil ki, son altı ay ərzində dövlət sifarişi və dəstəyi ilə nəzərdə tutulan film layihələri dünyanın ən nüfuzlu film festivallarında ölkəmizi təmsil edir. Buna misal olaraq Bakı Media Mərkəzi ilə birgə istehsal olunmuş “Sonuncu” sənədli filminin Rotterdam Film Festivalında, “Təkbətək”, “Göy köynəkli adam” və digəri olmaqla 3 film layihəmizin Sarayevo Film Festivalında iştirakını, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunacaq “Mərmər soyuğu” bədii film layihəsinin Rusiyanın dövlət film təşkilatı “Roskino” və Trieste Film Festivalının (İtaliya) beynəlxalq film marketinə seçilməsini göstərmək olar. Həmçinin, Azərbaycanın beynəlxalq qlobal rəqəmsal yayım platformlarına inteqrasiyası baxımından əhəmiyyətini nəzərə alaraq, “Netflix APost Lab” mötəbər beynəlxalq film tədbirlərinə ilk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müşahidəçi kimi dəvət edilməsini qeyd etmək lazımdır. Bununla belə, koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildən fəaliyyətini dayandırmış kino nümayişi müəssisələrinin fəaliyyəti bərpa edildikdən sonra Maliyyə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən filmlərlə tanış olmaq və onlar haqqında dolğun məlumat əldə etmək məqsədilə kino təqdimatlarına dəvət olunacaqlar”. Вернуться назад |