Главная > Cəmiyyət > Çimərliklərdən istifadəyə nə zaman icazə veriləcək? — VİDEO

Çimərliklərdən istifadəyə nə zaman icazə veriləcək? — VİDEO


27-07-2020, 13:52. Разместил: admin
Çimərliklərdən istifadəyə nə zaman icazə veriləcək? — VİDEO


Qızmar yayın istirahət güşələrindən biri də çimərliklərdir.
 "Report" xəbər verir ki, iyunun 15-dən başlayan çimərlik mövsümü isə təəssüf ki, koronavirus pandemiyası səbəbindən hələ də açılmayıb.

Virusun yayılmasının qarşısını almaq üçün sərt karantin rejimi müddətində çölə çıxma qadağası çimərliklərin istifadəsinə də şamil edildi. Digər sahələr üzrə hazırlanan müəyyən təlimatlar çimərlikdən istifadə üçün hazırlansa da, qapadılma olduğundan təlimatlar da keçərsiz oldu.

Hələ bir müddət əvvəl, yəni may ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı çimərliklərin mövsüm zamanı açılmasının nəzərdə tutulduğunu desə də, bu məsələ də həllini tapmadı. İcra başçısı hətta çimərlikdən istifadə üçün elektron sistem üzərində düşünüldüyünü və vətəndaşların evdən çıxmazdan əvvəl elektron sistemlə yer sifariş edə biləcəyinə diqqət çəkmişdi. O müddətən bu yana hələ də çimərliklər əhalinin istifadəsinə verilmədi.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva isə qərargahın növbəti brifinqində media nümayəndələrinin bu istiqamətdə ünvanladığı suala belə cavab verib:

“Bu gün Bakı ətrafında olan çimərliklərin əhalinin istifadəsinə veriləcəyi halda, ora insan axınının necə çox olacağını təxmin etmək elə də çətin deyil. Çimərliklərin ərazisində sosial məsafənin saxlanılması qaydalarına hansı formada əməl ediləcəyi sual altındadır. Ona görə də bu gün əsas istəyimiz insanların sıx toplaşmasının qarşısını almaqdır”.

Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə ötən gün keçirilən brifinqdə təəssüf hissi ilə qeyd etdi ki, Bakıda olan çimərliklərin açılmasına hazır deyillər:

“Çimərlikləri açsaq bu günə qədər əldə edilən həssas nailiyyəti itirə bilərik. Çünki böyük kütlə bir yerə gəldikdə yoluxma riski qat-qat artır. Çimərliyin açılmasının 3 əsas riski var ki, birincisi çimərliyə gəldikdə böyük həcmdə insanların sosial məsafə saxlaması qeyri-mümkündür. Bu da yoluxma sayını artıracaq. İkincisi, çimərliyə gələnlər müəyyən yerdən su və yemək alır və bu da ümumi yer olduğundan yenə yoluxma riskinə səbəb olur.

Üçüncüsü, çimərlikdə tək həmin ərazidə yaşayanlar yox, eləcə də Bakının müəyyən hissəsindən gələnlər bir yerə toplaşır. Bu da yoluxmanın bir ərazidən digərinə paylanmasını kəskin artırır. Ona görə də hesab edirəm ki, bu məsələni təşkil olunmuş qaydada həll edə bilsək, bütün vətəndaşlar üçün hədiyyə olar. Bu istiqamətdə artıq işlərə başlanılıb. Avqustun 5-nə qədər çimərlikləri aça bilməsək də, 5-dən sonra əmin olsaq ki, bu işi təhlükəsiz formada həyata keçirməyə qadirik, onda da bunu nəzərə alacağıq”.

Məsələnin digər tərəfi isə dəniz suyu vasitəsi ilə koronavirus infeksiyasının yayılması mümkünlüyüdür.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirir ki, insan suya girəndə ağzına su dolur: “Əgər həmin şəxs koronavirus daşıyıcısıdırsa, yaxud xəstəsidirsə, onun tüpürcəyi də virusludur. Həmin insan ağzındakı suyu tüpürməklə dəniz suyunu viruslu edir. Təbii ki, virus da müəyyən müddət dəniz suyunda qala bilir.

Həmin su sağlam adamın ağzına, gözünə düşərsə, onu yoluxdura bilər. İkinci tərəfdən, xəstə insanlar dənizin sahilində oturacaq, söhbət edəcəklərsə, yenə də ətrafdakıları yoluxdura bilərlər. Əsas odur ki, insanlar o tövsiyələrə əməl etsinlər”.

Koronavirusun dəniz suyunda qalma müddətinin hələ dəqiqləşdirilmədiyinə diqqət çəkən mütəxəssis əlavə edib ki, virus suda bir saat da qalsa, kifayət edir ki, suya girən insanları yoluxdursun.

Açıqlamalardan göründüyü kimi, çimərliklərin açılmamasının əsas səbəbi kimi insan sıxlığının yaranacağı və koronavirus infeksiyasına yoluxmanın artacağı ehtimalı göstərilir. Lakin nəzərə alaq ki, bu gün park və nəqliyyatda da sıxlıq müşahidə olunur. Digər tərəfdən, Şahmar Mövsümov bildirir ki, çimərliyə gələnlər müəyyən yerdən su və yemək alır və bu da ümumi yer olduğundan yenə yoluxma riskinə səbəb olur.

Burada da nəzərə almaq lazımdır ki, bir sıra hallarda ərzaq dükanlarında da vəziyyət ürəkaçan olmur. Ən azından çimərliklərin insan orqanizminə xeyri də var ki, misal kimi günəşdən alınan D vitamini göstərilir və bunun da faydasında bütün dünyada danışılır.




Вернуться назад