Главная > Cəmiyyət > Elmə yeni töhfə: "Antropologiya morfologiyanın əsasları ilə"

Elmə yeni töhfə: "Antropologiya morfologiyanın əsasları ilə"


18-01-2021, 11:09. Разместил: admin
Elmə yeni töhfə: "Antropologiya morfologiyanın əsasları ilə"


İnsan öz yaranışı, dünyaya gəlişi ilə həyata şüur, intellekt rüşeymi gətirdi. Milyardlarla illəri geridə qoymuş Yer kürəsində insanın yaranması ilə "tarix" məfhumu yarandı.

İnsan mədəniyyəti, sənayeni, incəsənəti yaratdı, təsərrüfat münasibətlərini qurdu, ailə anlayışını formalaşdırdı, nəsillər əmələ gəldi, Ömür daimi olmadığı üçün nəsillər bir-birini əvəz etdi. Bir sözlə, insan yer üzünə sahiblənərək "Bura mənimdir" söylədi. İndi "tarix" deyəndə insanın, yəni bəşər övladının tarixi başa düşülür, elm, incəsənət, texnika və kommunikasiyalar hamısı onun zəkasının məhsuludur. Bütün bunları həyata keçirərkən insanı düşündürən öz cismani və mənəvi quruluşundakı sirlərin açılması da oldu. İnsan inkişaf edib cahillik, barbarlıq səhifələrini həyatından qətiyyətlə silib ataraq öz aləminə elm mövqeyindən baxmaq istədi. İnsanın özündən bəhs edən elmin yaranmasına lüzum vardı. İnsanın özündən bəhs edən elm, yəni antropologiya elmi ən mürəkkəb fiziki quruluşla yanaşı, bu quruluşda analoji şüuri fəaliyəti və psixoemosional aləmi olan canlıdan, bəşər övladından bəhs edən elmdir. "Antropologiya" anlayışını elmə gətirən Aristotel olub. Təbii ki, dahi filosof bu termini ilk dəfə işlədərkən insanın ruhi aləmini, onun psixi fəaliyyətini nəzərdə tutmuşdu. Lakin bəşəriyyət tarixinin məşhur simalarından birinin qələmi ilə dünyaya "göz açmış" antropologiya ilk dövrlər filosofların fikrinə hakim kəsilsə də, sonradan onun insanın cismani quruluşunun sirləri açılmadan, insanın inkişaf mənbəyi və yeri göstərilmədən mövcud olaraq ərsəyə gəlməsi problemə çevrilməkdə idi. Antropologiya böyüyb inkişaf etməli idi. Bunun üçün onun elmi "qidaya", fədakar, qorxmaz alimlərin tədqiqatlarına ehtiyacı vardı. Ekspedisiya və arxeoloji qazıntılardan, dəqiq elmlərin tətbiqi ilə aparılan ölçmələrdən gələn biliklərlə zənginləşmə labüd idi Antropologiya artıq fəlsəfi söhbətlər, disputlar səviyyəsinə sığışmırdı. Burada insanın cismani, eləcə də, orqanlarının quruluşunu dəqiq bilən, yəni onları təkcə təsvir edən deyil, həm də səbəb-nəticə əlaqələrini izah etmək iqtidarında olan alimlərə ehtiyac vardı. Anatomlar bu işin öhdəsindən layiqincə gələrək müasir antropologiyanın özəyini yarada bildilər.

Sevindirici haldır ki, antropologiya haqda Ana dilimizdə çap olunan böyük həcmli dərs vəsaitinin müəllifi məhz anatomlardır. Bu dərs vəsaiti "Antropologiya morfologiyanın əsasları ilə" adlanır. Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının akademiki, Azərbaycan Tibb Universiteinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor V.B.Şadlinski və həmin kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru A.S.Abdullayev tərəfindən yazılıb. Dərs vəsaitinin "Morfologiya" fəslini tibb üzrə fəlsəfə doktoru S.Şadlinskaya yazıb. Dərs vəsaiti Antropologiya fənninin müasir proqramı əsasında tərtib olunub. Bu da, heç şübhəsiz, təsadüfi deyil. Müəlliflər ali məktəb müəllimləri olaraq çox geniş auditoriya üçün nəzərdə tutduqları dərs vəsaitini ilk növbədə gələcəyimiz olan tələbələr üçün yazmışlar. Müasir elmi ədəbiyyatla peşəkarcasına işləmiş müəlliflər haqlı olaraq qeyd etmişlər ki, antropologiya hal-hazırda Avropa və Amerikada iri addımlarla irəliləyir, bir qədər sonra o, təhsilin, mədəniyyətin və hətta iqtisadiyyatın bütün sahələrinə sirayət edəcəkdir.

Antropologiyanın söykəndiyi üç dayaq antropogenez, morfologiya və etnik antropologiyadır ki, bunların hər üçünün də olduqca uğurlu təhlilini "Antropologiya morfologiyanın əsasları ilə" kitabında görürük. Alimlər ən son ədəbiyyat mənbələrindən və nəzəriyyələrindən tutmuş qədim mənbələrə qədər bütün materialların dərin analizini vermiş, bununla da müəllifi olduqları kitabı həm elmi-pedaqoji fəaliyyətlə məşğul olanlar, həm də tələbələr üçün olduqca əhəmiyyətli etmişlər. Fəsilləri oxuduqca nə qədər müxtəlif mövzulara həsr olunsalar da, aralarındakı üzvi bağlılığın, problemlərin kompleks surətdə, ən yüksək kriterilərlə təhlil edildiyinin şahidi oluruq. Anatomlara məxsus konkret izah üslubu burada sanki dəyişmiş, əsərin dili onun oxunaqlığını daha da artırmışdır. Bu əsəri oxuduqca insanın sadəcə bioloji deyil, həm də sosial varlıq kimi o bioloji canlının daxilindən necə bu aləmə özünü bəyan etdiyini, onun təfəkkürünün, nitqinin necə bir inkişaf yolu keçdiyini görmək olur. Əsərdə yüksək peşəkarlıqla nitqin, təfəkkürün inkişafının insan skeleti, onun kəlləsi, dik yerişə keçməsi ilə əlaqəliliyi vurğulanmışdır. Mübaliğəsiz demək olar ki, bu yazı üslubu ilə tanış olan hər bir oxucu, peşəsindən asılı olmayaraq kitabda yazılanları başa düşəcəkdir. Çox fərəhli haldır ki, müasir ədəbiyyat materiallarının böyük əksəriyyəti ana dilimizdə ilk dəfə məhz bu dərs vəsaitində verilmişdir.

Kitabın daha bir gözəl məziyyəti onun zəngin və çox keyfiyyətli illüstrativ materialıdır. Həqiqətən də yüksək zövqlə seçilmiş, işlənmiş rəngli şəkillər dərs vəsaitinin oxunaqlığını artırır, onun mürəkkəbliklərini sadələşdirir. Bir sözlə, bu kitabı oxuyarkən oxucu yorulmur. Baxmayaraq ki, kitab özü olduqca mürəkkəb problemlərin təhlilinə həsr olunmuşdur və özündə ən müasir elmlərin - kibernetikanın, genetikanın, paleoantropologiyanın nəticələrini birləşdirir. "Etnik antropologiya" fəsli xüsusi bir zövqlə yazılmışdır, onu oxuyarkən Yer üzündə yayılmış irqlər, xalqlar sanki canlı olaraq göz önündən keçir. Demək olar ki, burada müəlliflər mümkün olmayana nail olmuş - anatomik, antropoloji dəlilləri elə bir sahmanla təqdim etmişlər ki, ilk baxışda kitabda insanın sırf fiziki quruluşunun inkişafından, bu inkişafın zaman və məkan kəsiyində dəyişməsindən bəhs edildiyinə inanmaq olmur; Əsər fəlsəfiliyi, psixolojiliyi ilə seçilir. Ən əsası odur ki, bu kitabı tələbələrin maraqla və öyrənmək üçün oxuyacaqlarına şübhə etmirsən.

"Antropologiya morfologiyanın əsasları ilə" vəsaiti "Giriş"dən, 6 fəsildən və Ədəbiyyat siyahısından ibarətdir. Zənnimcə, "Giriş" özü bir fəslə bərabərdir. Burada müəlliflər tərəfindən olduqca yüksək ustalıqla "müasir insan" anlayışı əsaslandırılmışdır. İnsan və təbiət münasibətləri yüksək ədəbi dildə təsvir edilmiş, insanın biliklərə sahiblənmək ehtiyacının nə qədər qədim köklərə malik olduğu göstərilmişdir. Müəlliflər eləcə də, tarix və fəlsəfə sahələrində də yüksək peşəkarlığa malik olduqlarını nümayiş etdirmişlər. "Giriş" Aristoteldən, Demokritdən, Dekartdan, Anaksaqordan gələn postulatların təhlili ilə başlayaraq müasir dövr ədəbiyyat məlumatlarının təhlilinə qədər üzvü bir zəncir şəklində qurulmuşdur. Müəlliflər antropologiyanın inkişaf tarixini həm də tənqidi nöqteyi-nəzərdən təhlil etmişlər. Burada Foqtun səhv mülahizələrinin Petri tərəfindən ifşa olunması bir misal kimi olduqca yerinə düşmüşdür. Çox maraqlıdır ki, cəmi 300 il bundan qabaq elmdə "eybəcər insan" adlı insan yarımqrupu da qəbul olunmaqda idi. Kitabda çox düzgün olaraq qeyd edilir ki, müasir antropologiya bu səhv mülahizələri silərək prosesin başa düşülməsi istiqamətində getmiş və ön plana kauzal aspekti çıxarmışdır.

I fəsil - "Antropogenezə müasir konseptual baxış" adlanır. Həqiqətən, olduqca ağır nəzəriyyələrin, hipotezlərin oxunaqlı bir dildə izahı verilmiş, təkamül prosesinin "əslində, daha effektiv davranış sistemlərinin ardıcıllığı kimi qəbul edilməli" olduğu göstərilmişdir. "Müqayisəli morfologiya" kimi sırf elmi və konkret paraqrafı oxuyarkən, hətta antropologiyadan çox uzaq olan insanlar da problemin kökünü dərk edə bilirlər. Burada J.Küvye, C.F.Mekkel kimi böyük alimlərin klassik fikirlərindən misallar gətirilmişdir.

II fəsil - "Antropogenez", III fəsil - "Neandertaldan müasir insana doğru" adlanır. Bu fəsillərdə, bir qədər əvvəl qeyd edildiyi kimi, zəngin illüstrativ materiallarla müasir ədəbiyyat məlumatlarının çox gözəl birlik yaratdığının, nəinki elmi-tədqiqatların nəticələrinin, eləcə də bu tədqiqatların aparılma tarixinin izahını oxuyuruq. Həqiqətən də, ana dilimizdə yazılmış "Antropologiya morfologiyanın əsasları ilə" kitabi fundamental surətdə tədqiqatların aparılmasının əhəmiyyətini qarşıya məqsəd qoymuş və gələcəkdə bütöv bir antropoloqlar nəslinin yetişməsi üçün şərait yaratmışdır.

Kitabın IV fəslinə olduqca maraqlı və dolğun bir ad verilmişdir - "Müasir insan: təbiətdən cəmiyyətə". Burada antropoloji dəlillərin analizi əsasında bioliji varlığın biososial varlığa çevrilməsi güclü arqumentlərlə isbat olunmuşdur. "Morfologiya" fəslində yüksək peşəkarlıqla, əsl anatom qələmi ilə insanın cismani quruluşunun variasiyaları təhlil edilmişdir.

"Etnik antropologiya" adlı sonuncu fəsil, bir qədər əvvəl qeyd edildiyi kimi, olduqca oxunaqlıdır. Müasir irqlərin formalaşması sırf elmi nöqteyi-nəzərdən analiz olunmuş, onların fərqli xüsusiyyətləri göstərilmişdir.

Hesab etmək olar ki, bizim elmi mühitimizdə qeyd edilən dərs vəsaitinin yazılıb ərsəyə gəlməsi üçün şərait çoxdan yetişmişdi. Azərbaycanın gündən-günə inkişaf etməsi, onun nəinki iqtisadi, eləcə də mədəni-tarixi irsi dünya dövlətlərinin və alimlərinin diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, ölkəmizin alimləri istər milli, istərsə də beynəlxalq arxeoloji ekspedisiyaların, etnoqrafik tədqiqatların aparılmasında iştirak edirlər. Bu baxımdan, əməkdar elm xadimi, görkəmli akademik V.B.Şadlinskinin ümumi redaktorluğu ilə hazırlanmış "Antropologiya morfologiyanın əsasları ilə" dərs vəsaiti zərurət olan bir vaxtda meydana gəlmişdir. Buradakı məlumatlar və təhlillər istər nəzəri, istərsə də praktiki cəhətdən olduqca aktualdır. Bu dərs vəsaiti, ümid etmək olar ki, elmi tədqiqatçıların və tələbələrin masaüstü kitabına çevriləcəkdir.

Sevinc QOCAYEVA
BDU-nun dosenti

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub



Вернуться назад