Главная > Cəmiyyət > Reza Deqati: “Ermənilərin avtobusların yanında qoyub qaçdıqları paltarları tarixin ibrət dərsi idi” - MÜSAHİBƏ
Reza Deqati: “Ermənilərin avtobusların yanında qoyub qaçdıqları paltarları tarixin ibrət dərsi idi” - MÜSAHİBƏ18-11-2020, 13:47. Разместил: admin |
Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hərbi təxribat törədib. Bundan sonra Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb. Nəticədə, Azərbaycan öz ərazilərini illərlə sürən mənfur düşmən tapdağından azad edib. 44 gün davam edən müharibədə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən jurnalistlər, fotoqraflar çəkilişlər aparıb. Onlar arasında dünya şöhrətli fotoqraf Reza Deqati də olub. R.Deqatinin çəkdiyi şəkillər müharibənin, erməni vandalizmi və barbarlığının bariz nümunələri kimi maraq doğurub. "Ölkə.Az" xəbər verir ki, Reza Deqati Vətən Müharibəsi, ümumən Azərbaycanın zəfərə yürüşü barədə Oxu.Az-ın suallarını cavablandırıb: - Reza bəy, qanayan yaramızın sağalmağa doğru getdiyi bu günlərdə münaqişənin ilk illərində çəkdiyiniz fotoları paylaşmağa başlamısınız. Zaman fərqi sizdə hansı duyğuları oyadır? - Mən 30 ildə eyni yerdə iki dəfə müharibəni çəkmişəm. Fikrimcə, bu müharibə tarixə böyük bir dərs olmalıdır. Necə ola bilər ki, bir millətə haqsız yerə zülm versinlər? Nəhayət, 30 ildən sonra həmin millət özünü tapdı və torpağına qayıtdı. Mən belə deyərdim ki, 30 il əvvəl azərbaycanlıları torpaqlarından ayaqyalın qovdular, indi onlar tankla, dronla geri gəldilər. Hər dövlət, insan, dünya bilməlidir ki, illər əvvəl ayaqları donaraq qaçanlar bu gün qisas aldılar. Fotolarımda da bu məqamlar əks olunub. - Siz geridə qalan 30 ilə yaxın dövrdə iki dəfə burada müharibə çəkmisiniz. Yaddaşınızdan silinməyən foto varmı? - Mən hər gün müharibə zonasından çəkdiyim fotoları düşünürəm... Qarabağda olduğum günlərdə çəkdiyim foto məni 30 il əvvələ apardı və təsirləndim. Biz Füzulidə çəkiliş üçün gedən zaman iki avtobus var idi ki, elə bil 30 ildir orada qalıblar... İçindən də ağac çıxıb, böyümüşdü. Həmin çürümüş avtobusun ətrafında erməni əsgərlərinin çıxarıb atdığı paltarları, ayaqqabıları var idi. Yəni elə qaçmışdılar ki, heç nəyi götürə bilməmişdilər. Onda düşündüm ki, tarixdə ibrət var. Həmin an 1993-cü ildə oradan avtobusla çıxmağa çalışan insanlarla söhbətimi xatırladım. Füzuli işğal olunan zaman ermənilər həmin insanların oranı tərk etməsini tapşırıblar, onlar da avtobusla getmək istəyən zaman digər tərəfdən yolu bağlayıblar. Qadınları, kişiləri düşürüblər. Özləri ilə nələr aparmaq istəyiblərsə, hamısını alıblar. Hətta qadınların üzüklərini, boyunbağlarını alanda onların sinələrinə, bədənlərinə əl atıblar. Bir kişi deyəndə ki, qadınlara niyə elə əl atırsınız, onu başından güllə vurub, öldürüblər. Erməni avtobusdan düşürülən adamlara deyib ki, bu adam mənə belə söz dedisə, hamınız ayaqqabınızı çıxarın və ayaqyalın qaçın... Bəlkə də, həmin avtobus deyil, amma mən Füzulidə o iki avtobusu görən kimi həmin sözləri xatırlatdım... Necə deyərlər, tarix təkrarlanır. Həmin ərazidəki erməni əsgərlər paltarsız, ayaqyalın qaçmışdılar... - İndi Kəlbəcəri tərk edən ermənilər bizim meşələri, evləri yandırırlar... - Mətbuatdan bunu izləyəndə də bir xatirə yadıma düşdü. 1992-1993-cü ildə işğal olunan torpaqlardan çıxan insanlar evlərini tərk edən zaman ermənilər əllərindən hər şeyi alıb, üzərilərində nə varsa, götürüblər. Amma evlərin açarını gizlədib, özləri ilə gətiriblər. Bir adam ki, evindən çıxanda evin açarını götürürsə, bilir ki, arzusu, xəyalı ora yenidən qayıtmaqdır. Bir adam isə gedəndə evi yandırırsa, demək ki, bu torpaq onların deyil və buraya bir də qayıtmayacaqlar. Evlərinin açarını götürən insanlar mənə o zaman dedilər ki, ermənilər onları qovanda qapını açarla bağlamayıblar ki, ermənilər onların evinə daxil olanda qapını sındırmasınlar. Axı onlar düşünürdülər ki, qayıdacaqlar. 30 il sonra bu baş verdi... - Son günlər işğaldan azad olunan torpaqlarımızdakı məscidləri çəkirsiniz və oradakı vandalizmdən dəhşətə gəldiyiniz hiss olunur. Eyni şey kilsədə də olsaydı, situasiyaya münasibətiniz eyni olardımı? - Mənim üçün fərq etməz. Sabah mən işğaldan azad olunan yerlərdə olan kilsədə bu cür hallar baş versə, onu çəkib, dünyaya göstərəcəyəm. Bir dövləti mədəniyyəti ilə tanımaq olar. Mədəniyyətə edilən vəhşilik düzgün deyil. Orada gördüyüm yanlışı da yayımlayacağam. Mən məsciddə şəkil çəkən zaman oraya iki gözlə - bir fotoqraf, bir də arxitektor gözü ilə baxdım. Məsciddən başqa orada iki bina da var. Düşünürəm ki, o binalar bir zaman necə gözəlmiş... O binaları məhv ediblər, bəlkə də, onlar həmin binaları tövlə kimi istifadə edə bilərdilər ki, məscidlərdə donuz saxlamasınlar. Bu, mədəniyyətə, dinə olan nifrətdən irəli gəlir. Azərbaycanda mən heç zaman bu cür nifrətə rast gəlməmişəm. Hər bir dinə sitayiş edənlər rahat şəkildə yaşayırlar. - Çəkilişlərdən yayımlamadığınız fotolar varmı? - Bu gün gördüyüm şəkilləri çəkirəm. Amma ola bilər ki, oradan bir şəkili beş ay, beş ildən sonra yayımlayım. - Vətən Müharibəsinin ilk günlərində Şuşadan çəkdiyiniz silsilə fotoları paylaşmağınız böyük rəğbətlə qarşılandı. İşğaldan sonra Şuşada içilən ilk çayı harada çəkmək istərdiniz? - Mən yenə də Şuşada içilən çayı çəkmək istəyərdim. Onu gözləyirəm ki, ora gedim, çay içim və fotolar çəkim. Mənə söz veriblər, orada çay təşkil edəcəklər (gülür). Səhifəmdə fotolar paylaşanda hər kəs yazır ki, Reza bəy, bizə Şuşanı göstərin. Mən mütləq Şuşanı çəkib, hər kəsə göstərəcəyəm. - Bir fotonu çəkərkən sizin üçün həlledici kadrı seçmək nədən asılı olur? Hansı halda deyirsiniz ki, məhz axtardığım budur? - Mən bir yerdən şəkil çəkməyə hazırlaşıramsa, oradan başqa heç nə düşünmürəm. Mən fotoaparatımda onun tənzimləmə yerini də tam bilmirəm. Sadəcə, çəkdiyim yerlə birləşirəm. Sevinc olanda mən də elə bil gülürəm, kədər olanda ağlayıram. Bu, dərin bir haldır və özümü unuduram. Mən 50 ildir foto çəkirəm, hər dəfə kadra baxanda gözləyirəm, ürəyim sıxılan zaman şəkli çəkirəm. Mənim üçün o fotodur, əgər ürəyimdə sıxılma olmursa, o kadrı çəkmirəm. Yəni mənim üçün foto çəkmək hiss etməkdən ibarətdir. - Müharibə ərəfəsində azərbaycanlı fotoqrafların çəkdikləri şəkillərdən bəyəndiyiniz oldumu? - Bəlkə də, mən fotoların hamısına baxmamışam. Amma gördüyüm fotolardan heç biri məni təsirləndirməyib. Ərazilərdə çəkiliş aparan zaman bir onu gördüm ki, fotoqrafların əksəriyyəti adamları yığır ki, burada dayan, bu işi gör və mən çəkim. Bunu doğru hesab etmirəm. Mənim işimin dünyada tanınmasının özəlliyi də ondan ibarətdir ki, gördüyüm kadrı həmin vaxt çəkirəm. O kadrı çəkə bilməsəm də, o adama demirəm ki, yenidən dayan, çəkim. Çünki çatdırmaq istədiyim uğurlu kadr heç vaxt alınmaz. - Qarabağ müharibəsinin ilk illərində çəkdiyiniz foto qəhrəmanlarınızdan illər sonra qarşılaşdığınız olubmu? - Bəli olub. İllər sonra Bakıda sərgi keçirən zaman o yaxınlaşmışdı ki, Şuşada çəkdiyim fotodakı şəxs odur. Bir neçə gün əvvəl 1992-ci ildə Şuşada sakin və hərbçiləri çəkdiyim foto paylaşmışam. Bir qız yazıb ki, Şuşadakı fotolarda olan şəxslərdən biri onun atasıdır. Digər şəxslərin də kim olması barədə məlumat olan kimi bölüşəcəyəm. - Xudafərin körpülərini çəkəndə əsərlərinizə şərh olaraq yazmışdınız ki, bu torpaqların azadlığını çəkmək arzunuz olub. Bu, cənublu olmağınız və Xudafərin körpülərinin həsrət körpüləri adlanması ilə bağlıdır? - İllər əvvəl nənəm, babam Xudafərin körpüsü ilə bağlı danışırdılar. O zaman bilməzdim Xudafərin nədir... Bir də bir şeir var idi, həmişə onu xatırlayırdım: Arazı ayırdılar, Qum ilə doyurdular, Mən səndən ayrılmazdım, Zülm ilə ayırdılar. Onun üçün uşaqlıqdan adını eşitdiyim Xudafərini çəkdim. Əvvəl əlimi-üzümü yudum orada, sonra foto çəkdim. - Siz işğaldan azad olunmuş torpaqları yenidən çəkməyə başlamısınız. Eləcə də, cəbhə xəttindən çox uzaqda düşmən hücumuna məruz qalan, terror qurbanı olmuş insanları lentə almışınız. Belə vəhşəti bundan öncə harada çəkmisiniz? - Ömrümün 40 ili müharibə zonalarında keçib. Mən, əslində, sülhsevənəm, müharibəyə nifrətim var. Mənim üçün bir müharibə qəbulumdur ki, o xalq evini, vətənini qoruyur. Azərbaycanın da müharibəsi vətən idi. Başqa cür müharibə mənim üçün qəbuledilməzdir, nifrətim var. İnamım var ki, bir zaman gələcək dünyada müharibə olmayacaq. Əminəm ki, Azərbaycan məcburi köçkünlər üçün işğaldan azad olunan o torpaqlarda gələcək quracaq. İllər sonra ermənilərin məhv etdiyi şəhərlərin yenidənqurma şəkillərini dünyaya göstərmək lazımdır. Necə mədəniyyətə sahib olduğumuzu dünyaya nümayiş etdirə bilərik. - Ümumiyyətlə, sizin üçün çəkdiyiniz əsərlərdə faciənin müqayisəsi varmı? - Hər dəfə müharibə çəkməyə gedəndə elə bil ki, ilk dəfədir müharibə görürəm. Orada bir uşaq görürəm ki, ağlayır, ana ki, uşağının meyitinin üzərində ağlayır, mən onu hər dəfə ilk dəfə görmüş oluram. Duyğusuz olsam, fotoları çəkəndə heç bir hiss olmayacaq. - 44 gün davam edən Vətən Müharibəsinin miqyasını bir foto ilə ifadə etməli olsanız, bu, hansı əsəriniz olar və onu harada çəkmisiniz? - Bu müharibədə elə bir kadr olmayıb ki, o 44 günün ümumi nəqli olsun. Planım var idi, amma onu tapıb, çəkməmişəm. Çəkəndən sonra mütləq yayımlayacağam. - Bəs sizin üçün ən sarsıdıcı məqam hansı idi? - Ermənilər müharibələrdə ən qeyri-insani əməliyyatı Gəncədə və Bərdədə törətdilər. Gəncəni gecə hamı yatanda bombaladılar. Onu edənlər bilir ki, insan gecə yatanda hansı geyimdə yatır. Bunu etmək qeyri-insani hərəkətdir. Bərdədə dinc əhalinin çox olduğu yeri bombaladılar. Bərdədə qadın yemək bişirirmiş, nar lazım olub. 16 yaşlı oğlan deyib ki, mən dərib, gətirərəm. Həmin zaman ermənilər tərəfindən atılan bombadan ölüb. Hərbi zonadan uzaq olan ərazidə qətliam törətmək vəhşilikdir. Bu, hərbi cinayəti Azərbaycan dünyaya sübut etməlidir. Bunlar hamısı sarsıdıcı məqamdır. - Müharibədən paylaşdığınız şəkillərə görə sizə ermənipərəst şəxslər yazıblarmı? - Çox yazırdılar. Mənə deyirlər ki, sən bir tərəfi göstərirsən. Gəl, Ermənistan tərəfi də çək. Halbuki dünyanın 80-ə yaxın jurnalisti Ermənistan tərəfdə idi. Mən də cavab verdim ki, necə olur ki, mən tək adam mülki şəxslərin qətlə yetirildiyini göstərmişəm, amma 80-ə yaxın adam Ermənistanda öldürüldüyünü iddia edən bir mülki şəxsin şəklini yaymadı? Avropada ermənipərəst insanlar çoxdur. - Siz də Fransada yaşayırsınız. Orada da erməni lobbisi güclüdür... - Elədir. Bu, mənim üçün önəmli deyil. 30 ildir ki, müharibədən şəkillər paylaşıram, məlumat verirəm. Ermənilər sərgilərimə gəlir, şəkillərimi cırırlar, sərgimin qarşısında plakatlarla çıxış edirlər. Mən bunlara fikir vermirəm, çünki işimi görürəm. Çəkdiyimi, gördüyümü dünya çatdırıram. Fransaya qayıdandan sonra bu müharibə barədə fotoları sərgiləcəyəm... - Dediniz ki, 40 ildir müharibə çəkirsiniz. Bu mənəvi yorğunluğu necə çıxarırsınız? - Mən hər gün çəkdiyim fotoları görürəm. Gözüm gülsə də, çəkdiyim şəkillərə görə ürəyim ağrıyır. Sadəcə, onları dünyaya çatdırmaqla mənəvi yükümü azaldıram. Вернуться назад |