Главная > Cəmiyyət > Xocalı Soyqırımı
Xocalı Soyqırımı24-02-2024, 10:52. Разместил: admin |
Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Ümummilli lider Heydər Əliyev . Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Hücumdan əvvəl, fevralın 25-i axşamdan şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başladı. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Ancaq bu, baş tutmadı. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular. Məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üzərində yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndidən qovulmuş azərbaycanlıların bəziləri bu şəhərdə məskunlaşmışdılar. Sonralar ermənilər etiraf edirdilər ki, Ermənistan silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi idi. Xocalı soyqırımı zamanı şəhərin mülki əhaliyə qarşı cinayət işlənib, daha dəqiq 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər işgəncə nəticəsində öldürülüblər , o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub. Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını, sadəcə, azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır. XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. “Xocalıya ədalət!” bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran mənəvi bir cəbhədir. “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. “Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də - Şuşanın işğalı günü irəli sürülüb. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib. Bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Həmçinin beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” Konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Bu gün Azərbaycanın Xocalı adlı bir şəhərindən əsər-əlamət yoxdur. Sağ qalan xocalılılar Azərbaycanın 48 şəhər və rayonunda 500-dən çox kənd və qəsəbəsində sanatoriya, düşərgə, çadır şəhərciyi və xüsusi evlərdə müvəqqəti məskunlaşıblar. Doğma yurdlarından didərgin düşmüş Xocalı sakinləri işğal dövründə , o cümlədən Sumqayıtda məskunlaşmış 118 ailə dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Müzəffər Azərbaycan ordusu onun Baş Komandanı Cənab İlham Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində 15 oktyabr 2023 ildə azad edilib və nəhayət Xocalı şəhərində dövlətimizin şanlı üçrəngli bayrağımız ucaldılıb və şəhidlərimiz qanı yerdə qalmayıb. Heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır və qalmayacaq. Xocalı bizimdir, Qarabağ Azərbaycandır ! Günel Əlizadə Nəsimi rayon Təhsil işçisi Вернуться назад |