Главная > Cəmiyyət > Son proqnozlar Azərbaycan üçün nə vəd edir? - Artan ehtiyatlar, qiymətlər...

Son proqnozlar Azərbaycan üçün nə vəd edir? - Artan ehtiyatlar, qiymətlər...


23-01-2024, 11:19. Разместил: admin
Son proqnozlar Azərbaycan üçün nə vəd edir?  - Artan ehtiyatlar, qiymətlər...


“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2023-2025-ci illərdə ikirəqəmli səviyyədə qalacağını, eyni dövrdə icmal büdcənin də profisitdə olacağını proqnozlaşdırıb.

İqtisadçı ekspert Elman Sadıqov açıqlamasında bildirib ki, “Fitch Ratings”in müsbət proqnozu gözlənilən idi: 

“Cari əməliyyatlar balansında profisit yaradan əsas amil mal və xidmətlərin idxal-ixrac hissəsidir. Neft və qaz qiymətlərinin bugünkü həddi imkan verir ki, həm ticarət, həm cari əməliyyatlar, həm də ümumilikdə tədiyyə balansımız müsbətdə qalsın. Bu müsbət hədd də ÜDM-ə nisbətdə iki rəqəmli, yəni 10%-in üzərində ifadə olunur. Cari əməliyyatlar balansı ölkənin tədiyyə balansında mal və xidmətlərin idxal və ixracını, investisiyalardan xalis gəliri, transfer ödənişlərinin xalis həcmini birləşdirir. ÜDM-ə nisbətdə cari əməliyyatlar balansının profisitinin 2 rəqəmli olması ölkəmizin strateji valyuta ehtiyatlarının artmasına səbəb olur. Həmçinin biz xarici borclarımıza daha yaxşı xidmət göstərə bilirik. Həmin borcun nəinki faizi, əsas hissəsindən də ödənişlər apararaq öz xarici borclarımızı azalda bilirik. 

Nəhayət, bu ölkəmizin reytinqi üçün müsbətdir. Ölkəmiz strateji valyuta ehtiyatlarının yüksək olması, xarici borcunun ÜDM-yə nisbətinin aşağı olması səbəbindən istənilən zaman borclanmaya gedə bilər. Ölkəmizə verilən borc da az riksli hesab olunduğundan şərtlər də daha rahat olar. Cari əməliyyatlar balansının müsbət olmasını şərtləndirən əsas amil neft və qaz qiymətləri, ixracdakı gəlirlərdir”. 

Ekspertin sözlərinə görə, bir digər məsələ dövlət büdcəsində neftin qiymətinin daha konservativ götürülməsidir: “Büdcə xərclərinə nəzər saldıqda, bunun strateji valyuta ehtiyatlarının artırılmasılını şərtləndirdiyini görürük. Lakin bu bizi arxayınlaşdırmamalıdır. Tədiyyə balansında komponentlərdən bəzilərinin mənfi saldoya keçməsi ticarət balansında əldə olunan gəlirlərin müəyyən qədər azlamasını şərtləndirir. Həmin istiqamətdə fəaliyyətimizi genişləndirsək, bu göstəricini artıra bilərik”. 

“Qeyri-neft sektorunda da ixracın artması müsbət hal kimi qeyd olunur. Biz qeyri-neft sektorunda ixracı davamlı artırmaqla neft istehsalının azalması ilə azalan gəlirləri, valyuta daxilolmalarını, o cümlədən cari əməliyyatlar balansında neft ixracından azalan payı kompensasiya edə bilərik”, - deyə E.Sadıqov əlavə edib. 

Ekspert deyib ki, Azərbaycanda sözügedən profisitin inflyasiyaya təzyiqi minimumdur.


Вернуться назад