Главная > Cəmiyyət > Ruslan Nəcəfov: Azərbaycan öz hədəflərinə doğru qətiyyətlə irəliləməkdədir
Ruslan Nəcəfov: Azərbaycan öz hədəflərinə doğru qətiyyətlə irəliləməkdədir6-09-2023, 12:58. Разместил: admin |
Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı, Tibb üzrə Fəlsəfə Doktoru Ruslan Nəcəfov - Son dövrlər Laçın sərhəd buraxılış məntəqəsi və Xankəndi ətrafında baş verən hadisələr, atəşkəsin intensiv şəkildə pozulması onu göstərir ki, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə və soyqırımı da daxil olmaqla, ən ağır müharibə və insanlıq əleyhinə saysız-hesabsız cinayatlər törətmiş Ermənistan 30 ilə yaxın davam edən işğalçı siyasət və əməllərdən əl çəkmək istəmir. Rəsmi İrəvanın sülh prosesinə yaratmağa çalışdığı əngəllər Nikol Paşinyanın “Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanındığına” dair bəyanatına tamamilə ziddir. Azərbaycana qarşı bölgədə qeyri-qanuni fəaliyyət aparılmasını çətinləşdirən Laçın sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini tələb edən, təcavüzkar siyasəti və separatizmi dəstəkləyən Ermənistan tərəfi anlamaq istəmir ki, Azərbaycanın Laçında məntəqə təsis etməsi tamamilə beynəlxalq hüquq normaları çərçivəsindədir. Bu addım Ermənistanın pozucu fəaliyyətinin qarşısını almaq zərurətindən doğur və bu məntəqənin mövcudluğu müzakirə mövzusu deyil. Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın məlum tələbini 2023-cü il 6 iyul tarixli qərarı ilə yekdilliklə rədd edərək bir daha təsdiq edib ki, Azərbaycanın sərhəddə buraxılış məntəqəsi təsis etməsi tamamilə suveren və legitim bir qərardır. Bundan sonra Ermənistanın guya Azərbaycanın Laçın dəhlizini blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoyması ilə bağlı müraciəti əsasında BMT TŞ-nın 2023-cü il 16 avqust tarixində keçirilmiş növbədənkənar iclasında aparılan müzakirələr də rəsmi İrəvanın ikiüzlü, riyakar siyasətini bir daha nümayiş etdirdi. Ermənistanın bu platformadan növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Özü-özünə süni maneələr yaratmaqla, Azərbaycanın yeni, alternativ humanitar yollarına qarşı aqressiv münasibət nümayiş etdirən və tarixi xislətlərinə sadiq qalan ermənilərin isə özlərini bütün dünyaya məzlum, yazıq, əzabkeş obrazını sırıması və bu əsasla mərhəmət diləməsi indi artıq mümkün deyil. Ona görə də qondarma Dağlıq Qarabağ rejiminin və Ermənistanın gözləntilərinin əksinə BMT TŞ-də müzakirədə iştirak edən dövlətlərin heç birinin xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma Dağlıq Qarabağ rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etmədilər. Bu, məntiqi nəticədir. Ermənistan nəinki ölkəmizə qarşı BMT səviyyəsində sanksiyaların tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına nail ola bilmədi, əksinə, faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Çin, Braziliya, Albaniya kimi dövlətlərin nümayəndələrinin Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləməsi onu göstərir ki, ölkəmizin beynəlxalq dəstəyinin coğrafiyası gündən-günə genişlənməkdədir. Bu, ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cənubi Qafqaz bölgəsində sülhyaratma prosesi çərçivəsində həyata keçirdiyi praqmatik, uzaqgörən xarici siyasətinin, beynəlxalq təşkilatlarda, o cümlədən ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə səmərəli fəaliyyətinin bariz uğur nümunəsidir. Görünən odur ki, Azərbaycan diplomatiyasının ardıcıl uğurlarını həzm edə bilməyən Ermənistan Qarabağdakı separatçı qüvvələrə müxtəlif vasitələrlə siyasi və hərbi dəstək verməkdə və bu prosesə beynəlxalq erməni mafiyasını cəlb etməkdə davam edir. Lakin Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq aktorlar, o cümlədən, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən müsbət qarşılanmış Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan istifadə edilməsi təklifindən Ermənistan tərəfinin imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının reallığı əks etdirmədiyini göstərir. Demək, rəsmi İrəvanın əsl niyyəti bu vəziyyətdən siyasi şantaj məqsədilə sui-istifadə etmək və Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətini davam etdirməkdir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Qarabağda yaşayan erməni əhali üçün göndərilmiş 40 ton ərzaqdan imtina edilməsi, Xankəndidə və İrəvanda şou xarakterli küçə nümayişlərinin təşkil olunması, Livanda Azərbaycan səfirliyinə hücum, Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulluğunun qarşısındakı meydanın adının dəyişdirilərək, qondarma “Artsax Respublikası” qoyulması barədə qərar da bu üzdəniraq siyasətin elementləridir. Ermənistan baş nazirinin bölgədə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətini, hər gün onlarla erməni sakinlərin məntəqədən hər iki istiqamətdə keçməsini və Azərbaycanın Ağdam-Xankəndi marşrutu daxil olmaqla, alternativlər irəli sürməsini gözardı edərək, “blokada” barədə məlumatlar yayması beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir. 30 illik işğal dövründə beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı davam etdirdiyi təcavüzə, etnik təmizləmə siyasətinə qarşı beynəlxalq təşkilatların xəbərdarlıqlarını, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini heçə sayan Ermənistanın Azərbaycana qarşı beynəlxalq səviyyədə tədbirlər görməyə çağırış etməsi absurddur və riyakarlıqdır. Prezident İlham Əliyev postmüharibə dövrünün yeni reallıqlarından çıxış edərək ən müxtəlif səviyyələrdə və müxtəlif formatlı görüşlərdə vəziyyətdən yeganə çıxış yolunu göstərmiş və dəfələrlə bəyan etmişdir ki, bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərt Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə Ermənistan rəsmilərinin müdaxilə cəhdlərinə son qoyulması və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsidir. Silahlı təxribatlar və şou xarakterli siyasi avantüralar isə bu gün rəsmi İrəvanın hələ də bölgədə sülhə maraqlı olmadığını sübut edir və onun barışığa çalışması barədə yalnız sözdə söylədiklərin siyasi manipulyasiyadan başqa bir şey deyil. Artıq bütün dünya görür ki, Ermənistan və onun xaricdə satın aldığı havadarları tərəfindən “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı aparılan qərəzli təbliğat əsassız və sübutu olmayan iddialardır. Tarix boyu türklərə və azərbaycanlılara qarşı açıq-aşkar düşmənçilik siyasəti yürüdən, maddı və mənəvi terror yolu tutmuş, beynəlxalq konvensiyalara və bəyanatlara açıq-aşkar məhəl qoymayan rəsmi İrəvanın həmin beynəlxalq qurumlardan dəstək ummasını sağlam düşüncə qəbul etmir. Monoetnik Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısını almaqdır. Bunun əksinə olaraq, beynəlxalq ictimaiyyət Azərbaycanı çoxmillətli dövlət və milli azlıqlar arasında heç bir ayrı-seçkiliyin olmadığı tolerant ölkə kimi tanıyır. Hökumətimiz Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bunun üçün Ermənistan da daxil olmaqla kənardan heç bir yardıma ehtiyacı yoxdur. Prezident İlham Əliyev hər fürsətdə Azərbaycanda yaşayan hər bir vətəndaşın, o cümlədən erməni sakinlərin əmin-amanlıq şəraitində və bərabərlik prinsipi əsasında hüquq və azadlıqlarının təmin olunacağına zəmanət verdiyini söyləyir. Bu məqsədlə beynəlxalq hüququn tələblərinə əsaslanaraq müvafiq fəaliyyət formasını və vasitəlirini də özü seçir. Bu kontekstdə BMT TŞ-nın iclasında məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi tamamilə Azərbaycanın maraqlarına cavab verir. O ki qaldı “blokada” məsələsinə, Ermənilərin təyinatından kənar məqsədlər üçün istifadə etməyə çalışdıqları və bu niyyətlərinə hətta BQXK-ni və Rusiya sülhməramlı kontingentini cəlb etmələri Azərbaycan tərəfinin Laçın sərhəd buraxılış məntəqəsinə nəzarəti gücləndirməyə və müvafiq təhlükəsizlik tədbirlərini görməyə vadar etmişdir. Və bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan legitim haqqımızdır. Afrika ölkələrində baş verən ciddi siyasi proseslər fonunda beynəlxalq nüfuzunu sürətlə itirməkdə davam edən Fransanın Ermənistanın vəkili rolunda öz hədəflərinə istədikləri nəticəni əldə edə bilməməsi də məntiqi nəticədir. Bu, həm də onu göstərir ki, ciddi siyasi böhranın hökm sürdüyü Ermənistan hökumətinin, revanşist qüvvələrin və beynəlxalq erməni mafiyasının sülhə mane olmaq cəhləri heç bir nəticə verməyəcək. Bir neçə gün bundan öncə Laçın sərhəd keçid məntəqəsində gömrük postunun fəaliyyətə başlaması, son günlər Ermənistan tərəfindən rəvac verilən genişmiqyaslı silahlı təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavablar onu göstərir ki, Azərbaycan isə bölgədə dayanıqlı sülhün bərqərar olunması, həmçinin ölkəmizin təhlükəsizliyinin və suveren hüquqlarının təmin olunması naminə qarşıya qoyduğu hədəflərə doğru qətiyyətlə irəliləməkdədir. Вернуться назад |