Главная > Cəmiyyət > AHİK İcraiyyə Komitəsi vacib qərarlar qəbul edib -Fotolar
AHİK İcraiyyə Komitəsi vacib qərarlar qəbul edib -Fotolar11-11-2022, 18:25. Разместил: admin |
Noyabrın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib. Öncə Vətənimizin müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutlar yad edilib. AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyinə “2023-2025-ci illər üçün bağlanacaq Baş Kollektiv Sazişin layihəsi”, “Bir qrup şəhid ailəsinin himayəyə götürülməsi”, “2021-ci il və 2022-ci ilin 9 ayı ərzində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat xəsarətlərinin qarşısının alınması üzrə AHİK-in və üzv təşkilatların həyata keçirdikləri işlər” və digər cari məsələlərin daxil edildiyi barədə məlumat verib. aia.az xəbər verir ki, məsələlərin müzakirəsi zamanı bildirilib ki, Əmək Məcəlləsinə müvafiq olaraq sosial-əmək münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri üzrə razılaşdırılmış sosial-iqtisadi siyasətin həyata keçirilməsi, əhalinin sosial müdafiəsi üçün lazımi şəraitin yaradılması, vətəndaşların əmək, iqtisadi, hüquqi mənafelərinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti, AHİK və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişin layihəsi hazırlanıb. İclasda hökumətlə və işəgötürənlər birliyi ilə yekun danışıqların səmərəliliyini artırmaq üçün AHİK-in İcraiyyə Komitəsinin üzvlərinə müvafiq idarə və təşkilatlarla Baş Kollektiv Sazişin müddəaları ətrafında müzakirələrin aparılması tövsiyə olunub, həmçinin Baş Kollektiv Saziş layihəsinin Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına təqdim edilməsi barədə qərar qəbul olunub. İclasda qəbul olunmuş qərarla bu il sentyabrın 13-14-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən həlak olmuş 18 şəhidin 32 övladı himayəyə götürülüb. Belə ki, bir uşağı olan ailəyə uşaq 18 yaşına çatanadək hər ay 100 manat, iki və daha çox uşağı olan ailəyə uşaqları 18 yaşına çatanadək hər ay 200 manat məbləğində vəsait ödəniləcək. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Şahmat-Dama” idman klubunun üzvü Gövhər Beydullayeva şahmat üzrə 20 yaşlı qadınlar arasında keçirilən dünya çempionatında bütün rəqiblərini üstələyərək Dünya Çempionu tituluna yiyələnib. Bu münasibətlə iclasda Gövhər Beydullayevaya və onun məşqçisi Xanlar Allahverdiyevə pul mükafatının verilməsi barədə qərar qəbul olunub. “2021-ci il və 2022-ci ilin 9 ayı ərzində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat xəsarətlərinin qarşısının alınması üzrə AHİK-in və üzv təşkilatların həyata keçirdikləri işlər barədə” məsələnin müzakirəsi zamanı bildirilib ki, ötən 1 il 9 ay ərzində texnik əmək müfəttişləri tərəfindən aparılmış yoxlamalar zamanı müəyyən edilmiş 1441 pozuntudan (1290) 89,52 %-nin aradan qaldırılması təmin olunub. AHİK-in xidmətinə daxil olan müəssisə və təşkilatlarda istehsalatda baş vermiş bədbəxt hadisələr zamanı 172 nəfər xəsarət alıb, 32 nəfər isə ölüb. Həyata keçirilmiş tədbirlər nəticəsində əvvəlki ilə nisbətən 2022-ci ilin 9 ayı ərzində həmkarlar ittifaqlarının xidmətlərinə daxil olan müəssisələrdə istehsalat zədələnmələri 49,46 % azalıb. İcraiyyə Komitəsi AHİK-in üzv təşkilatlarının xidmətlərində olan müəssisə və təşkilatlarda təhlükəsiz və sağlam iş şəraitinin yaradılması üçün mövcud nöqsanların aradan qaldırılması istiqamətində konkret tədbirlərin görülməsi barədə qərar qəbul edib. İcraiyyə Komitəsi “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə başlanan “Gənc qızların təhsilinə dəstək” kampaniyasına AHİK-in də qoşulması, həmçinin Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin İnkişaf Fonduna dəstək göstərilməsi məqsədilə 10 000 manat pul vəsaiti köçürülməsi barədə qərar verib. Bunlardan başqa, gündəlikdə olan digər məsələlər, o cümlədən cari və təşkilati məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib. Sonda AHİK sədri əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tövsiyə edib. S.Möhbalıyev həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılsın, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun. Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb. Вернуться назад |