Главная > Cəmiyyət > Karantin rejimi ləğv edilə bilərmi? — AÇIQLAMA

Karantin rejimi ləğv edilə bilərmi? — AÇIQLAMA


25-08-2020, 10:53. Разместил: admin
Karantin rejimi ləğv edilə bilərmi? — AÇIQLAMA


Artıq 6 aydır ki, Azərbaycanda insanlar “koronavirus”la birgə yaşamağa alışıblar. Pandemiyanın ilk dövrlərinə nəzər salsaq, o zaman insanlar COVID 19-a yoluxmaqdan daha çox qorxur, bəziləri hətta evdən çölə çıxmağa belə ehtiyat edirdi. Eyni zamanda, insanlar fiziki məsafə saxlamaq, maska taxmaq qaydalarına da əməl edirdilər.
Bununla bərabər həmin dönəmdə virusun olmadığını israr edən kütlə də var idi. Yoluxma sayı çoxaldıqca, ailə üzvləri koronavirusa yoluxduqca bu düşüncədə olan adamların da sayı azalmağa başladı. Yəni bu gün insanlar həm xəstəliyin təhlükəsini, həm də ondan qorunmağın yollarını mənimsəyiblər.

Qeyd edək ki, artıq bir sıra dünya ölkələri sərt karantin rejimindən çıxıb, bu ölkələrdə pandemiya ilə əlaqədar qoyulan bir sıra məhdudiyyətlər ləğv edilib. Azərbaycanda da karantin rejimi xeyli yumşaldılıb, amma bir çox məhdudiyyətlər avqustun 31-dək qüvvədədir. İndi çoxlarını düşündürən odur ki, sentyabrın 1-dən qadağalar aradan qaldırılacaqmı?

Millət vəkili Fazil Mustafa hesab edir ki, sərt karantin rejimini artıq aradan qaldırmaq lazımdır: “Rayonlara gediş-gəlişi bərpa etmək də vacibdir, yalnız insanlara nəzarət gücləndirilməildir. Qapalı məkanlarda sosial məsafə gözlənilməklə, gigiyenik normalara əməl etməklə, restoranların, kafelərin də açılmasına icazə verilməlidir. Çünki əhalinin iqtisadi cəhətdən yoxsullaşması, iş adamlarının müflis olması dövlətə daha böyük zərbə vurur. Məsuliyyətli insanlar yenə də qorunacaqlar. Məsuliyyətsiz insan onsuz da ”qaydalara əməl et" deyəndə narazı qalır. Ona görə biz daha çox məsuliyyətli insanların marağını təmin edərək addım atmalıyıq. Fikrimcə, bütün sahələrdə iş yerləri açılmalıdır. Məktəblərin də müvafiq qaydalarla açılmasını təmin etmək lazımdır. Onsuz da yoluxma riski yalnız özünü qorumaqdan asılı deyil. Müşahidələr də göstərdi ki, hətta çox sayda adamlar bir yerə yığışdığı zaman yoluxma sayı o qədər də artmadı".

F.Mustafa futbol oyunlarının yenidən bərpa edilməsini təqdirəlayiq addım kimi qiymətləndirib: “Bütün idman yarışlarını bərpa etmək lazımdır. Məncə, artıq qaydalara riayət etməyi insanların öz üzərinə buraxmaq lazımdır. Əməl edənlər etsinlər, etməyənlər də özləri öz əziyyətlərini çəksinlər. Digər tərəfdən yas və toy mərasimlərini də tənzimləmək lazımdır. 30-40 nəfəri keçməmək şərti ilə toylar keçirilsin. Bir nəfərdən də artıq müğənni çağırılmasın. Yəni bir şənlik formasında keçirilsin. Yas mərasimlərini də eyni qaydada, 30 nəfərdən artıq insanın yığılmasına imkan verilməsin, eyni zamanda sosial məsafə gözlənilsin. İnsanları bu formada hədsiz məhdudiyyətlə qapamaq olmaz”.
İnfeksionist Nəzrin Mustafayeva bildirib ki, karantin qaydalarının tamamilə aradan qaldırılması bu gün üçün real deyil: “Çünki həm dünya statistikasına nəzər salsaq, həm ölkədəki gedişatı analiz etsək görərik ki, bugünədək rəqəmlərimizi bu formada saxlamağımızın səbəbi məhz karantin qaydalarına riayət olunma ilə bağlıdır. Əhalinin 70 faizi qaydalara normal riayət etsə - maska taxsa, sosial məsafəni saxlasa, gigiyena qaydalarına riayət etsə, karantin rejimi də aradan qaldırıla bilər. Amma müşahidə edirik ki, ən sərt karantin rejimində belə bu qaydaları pozanlar var idi. Bütün cərimələrə baxmayaraq insanlar öz sağlamlığını düşünmədən ictimai nəqliyyatda və digər sıxlıq olan məkanlarda adi bir maskadan istifadə etmədilər. Biz bu şərtlərlə karantin rejimini necə ləğv edə bilərik?!

Təbii ki, bunun başqa bir tərəfləri də var. Əlbəttə, bu fikirləri həkim kimi insanların sağlamlığı baxımından deyirəm. Amma sosial, iqtisadi problemlər var ki, mən bu sahələrə toxunmaq istəmirəm. Ümumiyyətlə isə bu sahələrdə yaranan problemlərə görə müəyyən yumşaldılmalar tətbiq edilir. Təbii ki, ömür boyu karantin rejimi də davam edə bilməz. Bu balansı qorumaq şərtilə bir tərəfdən əhalini maarifləndirməklə, onlara vəziyyəti düzgün çatdırmaqla yumşalmalar ola bilər”.

Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, ölkədə yoluxma sayı sıfıra endiriləndən sonra karantin rejiminin ləğvindən danışmaq olar: “Bu haqda dəqiq proqnoz vermək mümkün deyil. Yoluxma sayı ilə bağlı rəqəmlər gah artır, gah azalır, təhlükə hələ də var. Ona görə də biz arxayın olmalı deyilik. Birmənalı şəkildə insanların çox toplaşdığı, qapalı yerlərdə, avtobuslarda, hətta dayanacaqlarda tibbi maskalardan istifadə olunmalıdır. Sosial məsafə qorunmalıdır. İnsanlar da vacib olan gigiyenik qaydalara riayət etməlidirlər. Bu şərtlərə o vaxta qədər əməl etməliyik ki, Azərbaycanda koronavirus yoxa çıxsın”.

F.Ağamalı onu da əlavə edib ki, qaydalara əməl edilməklə bəzi qadağalar aradan götürülə bilər: “Kütləvi tədbirlər - yas mərasimləri tibbi maskalardan istifadə etməklə, məhdud sayda insanların iştirakı ilə keçirilə bilər. Toylarla bağlı qaydalar işlənməlidir, 300-400 nəfər iştirak etməyə bilər. Ancaq məsafə gözlənilməklə az sayda insanın iştirakı ilə toy mərasimləri bərpa oluna bilər. Lakin bərpa olunandan sonra toy sahibləri hökmən şadlıq saraylarının rəhbəri, heyəti ilə karantin qaydalarına ciddi şəkildə əməl etməlidirlər.

Amma məktəblərdə onlayn sistem tətbiq olunmalıdır. Körpələri maska ilə də təmin edə bilərik, gigiyena qaydalarına da əməl oluna bilər, amma məktəblərdə sosial məsafəni saxlamaq mümkün deyil. Bu ali məktəblərə də aiddir. Əgər istəyiriksə ki, az itki verməklə bu mübarizədən uğurla çıxaq, xalqımızın sağlamlığını təmin edək, hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti başa düşüb ona əməl etməlidir. Sadəcə anlamaq lazımdır ki, böyük bir müharibənin, bəlanın içərisindəyik".//“Yeni Müsavat”


Вернуться назад