Главная > Cəmiyyət > Eldar Quliyev: Müzəffər Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır

Eldar Quliyev: Müzəffər Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır


29-06-2022, 11:48. Разместил: admin
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”

Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev - 1918-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra  böyük ruh yüksəkliyi ilə yaradılmış  Milli Ordu qısa müddətdə mətinləşmiş, Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmişdir.  Lakin 1920-ci ilin aprelində  Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra mürtəce bolşevik hökuməti Milli Ordunu ləğv etmişdir.

Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmiş, çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılsalar da, onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd  azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi.

Bu siyasətin mahiyyətini yaxşı başa düşən Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyik etdiyi bütün dönəmlərdə qüdrətli ordu yaratmaq prioritet istiqamət olub. Ümummil­li lider bunun üçün hələ keçmiş SSRİ zamanında Azərbaycanda hərbi kadr­ların hazırlanmasına xüsusi əhəmiyyət verib, gənclərin hərb sənətinə marağı­nı gücləndirib, 1971-ci il iyunun 20-də görkəmli sərkərdə Cəmşid Naxçı­vanskinin adını daşıyan hərbi liseyin yaradılmasını gerçəkləşdirib. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdur.

Nəhayət mürtəce sovet imperiyası çökdükdən sonra Azərbaycan yenidən müstəqillik əldə etdi və özünün milli ordusunu yaratmağa başladı.  Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi. Sözün əsil mənasında ordu quruculuğuna yalnız Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən başlamaq mümkün oldu.

Həmin vaxt müharibə şəraitində yaşayan ölkədə silahlı qüvvələr acınacaqlı durumda idi. Ona görə də dahi rəhbər siyasi fəaliyyətində, ilk növbədə, bu məsələyə xüsusi diqqət yetirdi, zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə mürəkkəb şəraitdə ordu quruculu­ğuna yeni məzmun verdi və ölkədə müasir ordu formalaşdırılmasının əsasını qoydu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi və ordu quruculuğunda yeni bir mərhələ başladı.

Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan olundu. Həmin vaxtdan Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır.

Heydər Əliyev torpaqlarımızın müdafiəsi yönündə mühüm addımlar atmaq, ərazilərimizi qorumağa qadir ordu yaratmaq üçün, ilk növbədə, cəbhədə atəşkəs üçün bütün müm­kün siyasi və diplomatik vasitələri işə saldı. Nəticədə 1994-cü ilin mayında cəbhədə atəşkəs elan edildi. Bundan sonra silahlı qüvvələrimizin forma­laşması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ordunun maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı­nın artırılması və döyüş ruhunun yüksəldilməsi diqqət mərkəzində sax­lanıldı. Eyni zamanda, hərbi kadr po­tensialının gücləndirilməsi məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradıldı, respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusu artırıldı və Silahlı Qüvvələrə Yardım Fondu təsis olundu.

O illərdə ulu öndərin tarixi xidmətlərindən biri də yeni formalaşdırdığı ordunun gücü ilə Horadizin düşməndən azad edilməsi oldu və bununla da Azərbaycan torpaqlarının müharibə yolu ilə geri alınmasının mümkünlü­yü təsdiqlədi. Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər dövlətimizin başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyətinə başladığı ilk gündən uğurla da­vam etdirilib, hərbi quruculuq məsələsi prioritet istiqamətlərdən biri olub. 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyevin  “Azərbaycanda ordu quru­culuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir” deməsi bunun əyani sübutudur.

Ölkə rəhbəri ötən 18 il ərzində bu vədinə sadiq qaldı, respublika­mızda ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər gördü, silahlı qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranma­sına nail oldu. Ən müasir döyüş tex­nikasının alınmasını gerçəkləşdirdi. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxla­dı. Bütün bunlarla bərabər, döyüş hazırlığının bütün tələblərinin yerinə yetirilməsi üçün beynəlxalq tələblərə cavab verən əlverişli şərait yaradıldı, irimiqyaslı təlimlər keçirildi.

Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində isə ən önəmli amil silahlı qüvvələrimizdəki ruh yüksəkliyi və xalq-rəhbər-ordu vəhdəti oldu. Bu, Azərbaycana qarşı başlanan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü kimi yazılmasında, dinc insanların təxribatlar zamanı evlərini tərk etməmələrində özü­nü göstərdi.

Bu gün iftixarla, fəxrlə deyə bilərik ki, Azərbaycanın Silahlı Qüvvələri hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Məhz bunun nəticəsi idi ki, müharibənin gedişində silahlı qüvvələrimiz möhtəşəm uğurlara imza atdı, döyüş meydanında öz üstünlü­yünü dəfələrlə sübut etdi. Erməni tərəfinin təqribən 30 il ərzində işğal olunan torpaqlarda yaratdığı müdafiə xətlərini, mühəndis qurğu­larını şücaətlə dağıtdı, komanda məntəqələrini, çoxlu sayda hərbi tex­nikasını, canlı qüvvəsini məhv etdi. Azərbaycan Silahlı Qüvvələri erməni işğalçılarına qarşı apardığı döyüşlərdə dövlətimizin başçısının vurğuladığı kimi, dünyanın ən güclü orduları sırasında olduğunu təsdiq etdi. Ordu bölmələrimiz döyüşləri planlı şəkildə apardı, xaotikliyə yol vermədi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, müasir silah və sursatla təmin edilən ordu­muzun rəşadəti, nəhayət, xalqı­mızın dövlət başçısının və silahlı qüvvələrimizin ətrafında yumruq kimi birləşməsi Azərbaycan xalqına belə bir tarixi qələbə sevincini bəxş edən əsas amil oldu. Vətən müharibəsinin parlaq qələbə ilə başa çatmasını şərtləndirən digər amillər sırası­na isə döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silah­landırılması, artilleriya və aviasiya­nın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər. Orduda şəxsi heyətin ruh yüksəkliyini xüsusi qeyd etməliyik. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələri təkcə silah və müa­sir texnika gücünə yox, həm də yüksək döyüş ruhu, vətənpərvərlik nümunəsi ilə möhtəşəm qələbəni reallaşdırdı. Əsgər və zabitlərimizin fiziki gücü və qəhrəmanlığı hesabına Şuşanın işğaldan azad edilməsi bunun bariz ifadəsidir.

Şuşanın azad edilməsi əməliyyatı  Vətən müharibəsinin zirvə nöqtəsi oldu. Şuşa döyüşünə qədər or­dumuzun qələbələrini inkişaf etmiş texnologiyalardan, döyüş vasitələrindən istifadə ilə bağlayır­dılarsa, bu şəhər uğrunda gedən savaş silahlı qüvvələrimizin yüksək döyüş qabiliyyətinə malik olduğunu bir daha təsdiqlədi. Şuşa əməliyyatının xarakteri elə idi ki, ora­da heç bir səhvə yol vermək olmaz­dı. Əməliyyat ən kiçik detallarına qədər, ən yüksək dəqiqliklə, dəqiq kəşfiyyat məlumatları əsasında və yüksək peşəkarlıqla  hazırlandı. Şuşa əməliyyatında bir məqsəd də şəhərin dağıntılara məruz qalma­sına yol verməmək idi. Bu məqsədə də nail olundu, şəhər demək olar ki, dağıntısız azad edildi. Hərbçilərimiz sıldırım qayalarla yuxarı qalxaraq, düşməni  gözləmədiyi yerdə ya­xaladı  və yaxın məsafəli, əlbəyaxa döyüşdə onu məğlub edib, içərilərə doğru irəlilədi. Bu isə düşmənin panikaya düşməsinə, idarəçiliyi itirməsinə gətirib çıxardı. Beləliklə, işğalçı erməni hərbi birləşmələri bütünlüklə Şuşadan qovuldu.

Məhz yüksək inkişafın və məqsədyönlü ordu quruculuğunun nəticəsidir ki, nizami ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı yağı düşməndən təmizlədi və düşmən üzərində öz möhtəşəm qələbəsini təmin etdi.



Вернуться назад