Главная > Cəmiyyət > Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”

Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”


6-06-2022, 16:13. Разместил: admin
Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”


“İyunun 1-də paytaxtda Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə start verilmişdir. İyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi özündə üç ayrı layihəni ehtiva edir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu. Bu il 30 ölkədən 249 şirkətin qatıldığı Bakı Enerji Həftəsinin ən böyük tədbiri 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisidir. Bu layihə Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir və regionda neft-qaz sənayesinin əsas tanınmış beynəlxalq platforması olmaqla hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.

“Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib. O vaxtdan bu sərgi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb.”

Bu sözləri mətbuata verdiyi açıqlamada Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib: “Ölkə Prezidenti cənab İlham Əliyevin hər il sərginin açılış mərasimində iştirakı bu layihənin yüksək statusunu və Azərbaycan üçün əhəmiyyətini bir daha təsdiqləyir. 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində etdiyi çıxışında da dövlət başçısı vurğuladı ki, Azərbaycanın müstəqillik illərində öz enerji təhlükəsizliyinə yatırdığı sərmayələri və tərəfdaş ölkələrin diqqətini ölkəmizə cəlb etmək baxımından da Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox əhəmiyyətli və vacib olub. Prezident İlham Əliyev ölkəmizin müstəqillik illərində bu sahədə əldə etdiyi nailiyyətlərin tarixini bir daha xatırladaraq qeyd etdi ki, ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı”.

K.Qafarov sözünə davam edərək deyib: “Prezident İlham Əliyev öz çıxışında Cənub Qaz Dəhlizinin böyük önəm daşıdığını qeyd etdi. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi 2020-ci ilin dekabr ayının 31-də – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə tamamlandı. Bu nəhəng layihənin dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Bu gün dünyada, o cümlədən Avropada əlavə qaz mənbəyinə tələbat artmaqdadır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Beləliklə, Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı statusunu daha da möhkəmləndirib.”

Sonda millət vəkili hazırda ölkəmizdə bərpa olunan enerji növlərinin istehsalı sahəsində də böyük iş aparıldığını qeyd edib: “ Azərbaycan bərpa olunan enerji növlərinin istehsalı baxımından da kifayət qədər böyük potensiala malikdir. Bu gün ölkəmiz bu sahədə dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Hazırda ölkədə biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu tipli iki stansiya istifadəyə veriləcəkdir və bu, Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, yalnız başlanğıcdır. Xəzər dənizinin Azərbaycan sektorunun enerji potensialı 150 min meqavat təşkil edir. Bundan başqa, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada, ilk növbədə, külək və günəş enerjisi istehsalı nəzərdə tutulur. Hazırda neft və qaz sahəsində strateji tərəfdaş olan SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edirlər.Bütün bunlar Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində rolunun getdikcə artmasına və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir”.


Вернуться назад