Главная > Cəmiyyət > Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir

Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir


9-05-2022, 10:58. Разместил: admin
Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir


10 may ümummilli lider Heydər Əliyevin doğum günüdür

Müasir Azərbaycan tarixinin bütöv bir dövrü, önəmli bir mərhələsi Ulu Öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixində ən önəmli inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Təsadüfi deyil ki, tarixdə öz əməlləri ilə iz qoymuş şəxsiyyətlər sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı Vətənə və xalqa göstərdiyi misilsiz xidmətləri baxımından birincilər sırasında çəkilir. Dahi rəhbərin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanın qazandığı bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti və dühası, onun uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb.

Öz tarixini, keçmişini unudan xalqın gələcəyi olmaz. Məhz bu baxımdan ötən əsrin son onilliyinin əvvəllərində Azərbaycanda gedən proseslərin, baş verən hadisələrin ölkənin gələcəyi üçün əhəmiyyəti müqayisəyə gəlməyəcək dərəcədə böyük olmuşdur. İlk növbədə, birmənalı olaraq qəbul edilməlidir ki, 1993-cü ilin iyununda baş verən hadisələr Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən silməyə hesablanmışdı. Həmin dövrdə ölkə hakimiyyətində olan insanların səriştəsizliyi, bəzilərinin isə aşkar xəyanətkar mövqe tutması, şəxsi ambisiyalarını irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. Xalqın ən çətin günündə Ulu Öndər Heydər Əliyev Bakıya gəldi.

Ulu Öndərin Bakıya qayıdışı Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu Öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə, kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu.

Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Azərbaycana iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Bu gün artıq hamıya aydındır ki, o zaman Ulu Öndər Heydər Əliyev tərəfindən bu taleyüklü addımlar atılmasaydı, Azərbaycan dövlətini yaratmaq da, ölkəmizin ərazi bütövlüyünü erməni faşizmi üzərində əldə olunmuş möhtəşəm Qələbə ilə təmin etmək də mümkün olmayacaqdı. Beləliklə, Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi. Həmin gündən ötən dövr ərzində Ulu Öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Heydər Əliyevin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi.

Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında müstəsna və misilsiz xidmətləri olmuşdur. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, onu aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü.

Heydər Əliyev, eyni zamanda Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi. Ulu Öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoydu.

1993-2003-cü illər ərzində görülmüş və əsası qoyulmuş işlər hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gündən keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. 19 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Heydər Əliyev siyasi kursunun bütün bu illər ərzində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini - işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmişdir. Azərbaycan artıq yeni reallıqlar yaradan ölkədir və bu reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət edəcək. Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın nicatı və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan Ulu Öndərimiz Heydər Əliyevin adı və ideyaları isə qədirbilən xalqımızın qəlbində, gələcək nəsillərin qan yaddaşında əbədi olaraq yaşayacaqdır.

Kamaləddin QAFAROV,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Вернуться назад