Главная > Cəmiyyət > Azərbaycanın bugünkü inkişaf mənzərəsi Heydər Əliyevin çin olmuş arzusudur

Azərbaycanın bugünkü inkişaf mənzərəsi Heydər Əliyevin çin olmuş arzusudur


7-05-2022, 15:32. Разместил: admin
Azərbaycanın bugünkü inkişaf mənzərəsi Heydər Əliyevin çin olmuş arzusudur


Bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Belə liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar.

XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir.

Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər sadəcə eyni missiyanın, biri-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər.
Ulu öndərin azərbaycançılıq fəlsəfəsinin, humanitar siyasətinin konseptual əsaslarını əks etdirən zəngin mədəniyyətşünaslıq irsinin və maarifçilik fəaliyyətinin tədqiqi və mənimsənilməsi müasir qloballaşma dövründə xüsusilə əhəmiyyətlidir. Bu dövrdə məhz çoxəsrlik mədəniyyətimiz və mənəvi dəyərlərimiz Heydər Əliyevin qürur duyduğu azərbaycanlılığımızı, milli kimliyimizi qoruyub yaşatmağa imkan verəcək zəmindir. Mədəniyyətimizin bütün dövrlərini və sahələrini əhatə edən Heydər Əliyev irsi, onun yaratdığı azərbaycançılıq ideologiyası məhz bu amala xidmət edən müstəsna dəyərdir.
Azərbaycanda 60-cı illərin sonu – 70-ci illərin əvvəllərindən başlayaraq vüsət almış quruculuq işləri, ölkənin hərtərəfli inkişafı Heydər Əliyevin milli təəssübkeşliyindən doğan əzəmətli fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir. Ulu öndərin böyük qətiyyət və cəsarət, müdriklik və uzaqgörənlik göstərərək respublikamızın iqtisadi və sosial tərəqqisi ilə yanaşı, təhsil və mədəniyyətimizin prioritet sahə kimi inkişafına, milli mənliyimizin, ana dilimizin qorunmasına nail olduğu vurğulanır. Məhz Heydər Əliyevin milli təəssübkeşliyi sayəsində və onun rəhbərliyi altında sovet dövründə respublikamızda əsl mədəni intibah başladı, incəsənətimizin müxtəlif sahələri inkişaf etdi, yeni, demokratik meyllər formalaşdı, sənətkarlarımızın əsərləri ümumittifaq və dünya səviyyəsinə çıxarıldı, ana dili, ədəbiyyat, mədəniyyət, təhsilə hərtərəfli qayğı göstərildi.
Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi həmin illərdə milli dilimizin dövlət dili kimi rəsmən təsbit edilməsinin, mötəbər məclislərdə səslənməsinin, folklorumuzun və klassik yazılı abidələrimizin, xüsusən, “Kitabi – Dədə Qorqud”un öyrənilməsinin mühüm ümummilli əhəmiyyətini bir daha aşkarlayır.

Tarix göstərdi ki, bütün bunlar milli mənlik şüurunu oyadaraq, əslində müstəqilliyimizi yetişdirən əsas amillərdən oldu, digər tərəfdən, müstəqilliyimizin ilk illərindən dövlət quruculuğu milli ideologiyanın yaradılmasını aktuallaşdırdı. Və bu tarixi-milli vəzifəni də məhz Ulu öndər Heydər Əliyev yerinə yetirdi, dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olmaq missiyasını öz üzərinə götürərək böyük uğurla həyata keçirməyə başladı. Heydər Əliyevin milli-mənəvi dəyərlərə münasibəti onun yaradıcısı olduğu azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir. Türk xalqlarının birliyini, “bir millət – iki dövlət” formulu ilə ifadə olunan konseptual ideyasını ilk növbədə gerçək fəaliyyət, əməkdaşlıq, tərəfdaşlıq proqramı kimi təqdim edən Heydər Əliyevin bu birliyin ideoloqu və təşkilatçısı kimi həyata keçirdiyi tədbirlər, ümumtürk mənəvi sərvətləri olan ana dili, mədəniyyət abidələrimiz, ədəbiyyat və sənətimizlə bağlı imzaladığı fərmanlar, sərəncamlar bu baxımdan müstəsna rol oynamışdır. İslamı Azərbaycan xalqının, bütün müsəlmanların “ən ali əxlaq mənbəyi” hesab edən Heydər Əliyev bütün fəaliyyəti boyu milli-mənəvi və dini-əxlaqi meyarlara əsaslanır və bu meyarlar onun dövlət siyasətinin milliliyində və humanistliyində aşkarlanırdı.

Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu.

1970-1985-ci illərdə Sovet İttifaqının  tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırıldı. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Gənclər Sankt-Peterburqda, Kiyevdə, Xarkovda, Minskdə təhsil alırdılar. Onlar Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problemlərini həll etməli idilər.

Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq elmi uzaqgörənliklə milli tərbiyənin məzmununa gənc nəslin milli vətənpərvərlik anlayışını da daxil etmişdir. Bu dahi insanın irsində Vətən sevgisi, Azərbaycan sevgisi - azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil və din sevgisi, milli mədəniyyət və mənəviyyat sevgisi xüsusi yer tutur. O, bunları hər bir azərbaycanlı uşaq və gənc üçün mənəvi təməl kimi təqdim edir. Elə buradan da milli tərbiyə işinin məzmununda uşaq və gənclərdə Vətənə - Azərbaycana, millətə, xalqa, dilə, dinə, bayrağa, milli-mənəvi dəyərlərə hörmət və ehtiram hisslərinin formalaşdırılması zərurəti meydana çıxır.

Heydər Əliyevin milli tərbiyədə hər bir uşaq və gəncdə azərbaycançılıq hisslərinin formalaşdırılmasının zəruriliyi haqda konseptual fikri milli tərbiyə konsepsiyasının və strategiyasının prioritetlərindən biridir. Bu hisslər onun dediyi kimi, Azərbaycan sevgisində, ana Vətənə bağlılıqda təzahür edir: “Azərbaycanı sevmək - azərbaycançılıq hissiyatını özündə cəm etmək deməkdir”. Deyilənlər bir daha sübut edir ki, vətənpərvərlik ideyası Heydər Əliyevin milli tərbiyənin məzmunu konsepsiyasında ən aparıcı komponentlərdən biri kimi nəzərdə tutulur.

Çox əlamətdar haldır ki, XXI əsr Azərbaycan təhsilinin “Yol xəritəsi” hesab olunan, Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas strateji istiqamətlərindən biri olan təhsilin məzmunca yeniləşdirilməsində milli tərbiyə işinin təşkili məsələləri də əsas hədəflərdən biri kimi ön plana çəkilmişdir.

Bu gün Azərbaycan özünün böyük bir intibah, inkişaf dövrünü yaşamaqdadır, cəmiyyət həyatının bütün əsas sahələrində möhtəşəm dəyişikliklər baş verir. Bu dəyişikliklərin, uğurlarla zəngin inkişafın müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Yeniliyin, innovasiyalara imkan verən dəyişikliklərin tərəfdarı olan, belə təşəbbüslərlə çıxış edən, bu səpgili fikirlərə açıq dəstək verən, tərəqqiyə xidmət edən yaradıcılığı yüksək qiymətləndirən, mövcud imkanlardan ən müfəssəl şəkildə faydalanan dövlət başçısının fəaliyyəti Azərbaycanın müvəffəqiyyətlərlə dolu inkişaf yolunu müəyyənləşdirir. Doğru zamanda doğru qərarlar verən, real hədəflər seçən, önəmli strateji dəyişikliklərə gətirib çıxaran ideya və planların müəllifi kimi çıxış edən Azərbaycan Prezidenti həm də islahatçı bir lider olaraq çağdaş tariximizin yaradılmasında misilsiz xidmətlər göstərir.
Azərbaycanın bugünkü inkişaf mənzərəsi Heydər Əliyevin çin olmuş arzusudur. Ölkəmiz bu gün bütün dünyada tolerantlıq, mədəniyyətlər dialoqu məkanı kimi tanınır, multikultural dəyərlərin genişlənməsinə dəstək olur və bu dəyərlərə örnək ölkə kimi qəbul edilir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy Rayon Təşkilatının sədri



Вернуться назад