Главная > Cəmiyyət > Rüstəm Nağıyev: “Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı bütün türk dünyasının güclənməsinə xidmət edir”

Rüstəm Nağıyev: “Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı bütün türk dünyasının güclənməsinə xidmət edir”


27-04-2022, 14:34. Разместил: admin
Rüstəm Nağıyev: “Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı bütün türk dünyasının güclənməsinə xidmət edir”


Bu gün Azərbaycan türkdilli dövlətlərin həmrəyliyinin daha da möhkəmlənməsi və Türk dünyasının güclənməsi işinə əhəmiyyətli töhfələr verməkdə davam edir. Məlum olduğu kimi, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də Azərbaycan etdiyi rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında on sənəd imzalanıb. Bu, əlbəttə ki, yüksək göstəricidir və onu deməyə əsas verir ki, Azərbaycan-Qırğızıstan münasibətləri artıq keyfiyyətcə yeni səviyyəyə çatıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Səfər çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu deməyə əsas verir. O cümlədən hər iki ölkənin Prezidentlərinin mətbuata verdikləri bəyanatda Azərbaycan və Qırğızıstanın dost və qardaş dövlətlər olduğu xüsusi vurğulandı. Dövlət başçıları həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə ölkələr arasında münasibətlərin intensivləşdirmək əzmində olduqlarını bildirdilər.

Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda Azərbaycan və Qırğızıstan arasında imzalanmış sənədlərdən bəhs edərək onların əhəmiyyətini xüsusi vurğuladı. Məlumdur ki, iki ölkə arasında strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir. Məhz buna görə də Azərbaycan və Qırğızıstan dövlətləri arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması belə böyük əhəmiyyət kəsb edir. Dövlət başçımızın da dediyi kimi, bu sənəd ölkələrimiz arasında münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək.

Həmçinin ölkələrimiz arasında Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanmasından sonra yaradılacaq bu yeni təsisat çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə ediləcək. Qeyd etmək lazımdır ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlərin formatını müəyyən edən amillərdən biri də ölkələrimizin bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birilərini dəstəkləməsidir. O cümlədən Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstan ölkəmizə önəmli dəstək vermişdi.

Əlbəttə ki, ölkələrarası münasibətlərdə mühüm yerlərdən birini də ticari-iqtisadi əlaqələr tutur. Məhz buna görə də Azərbaycan və Qırğızıstan Prezidentlərinin hər iki formatda görüşlərində bu məsələyə xüsusi yer ayrılıb. Dövlət başçılarının gəldikləri yekdil qənaət bu olub ki, ölkələrimiz arasında mövcud olan əmtəə dövriyyəsinin hazırkı səviyyəsi qətiyyən qənaətbəxş hesab oluna bilməz. Təbii ki, aparılan müzakirələrdə nəqliyyat infrastrukturu mövzusu da diqqət mərkəzində olmuşdur. Danışıqlarda Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün iki ölkənin səylərinin birləşdirilməsilə bağlı məsələlər ətraflı müzakirə olunub. Müzakirələrin gedişində bildirilib ki, Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında artıq müəyyən qədər təcrübələri vardır. Aparılan fikir mübadilələrindən gəlinən nəticə də belə olub ki, mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var. Həmçinin kənd təsərrüfatı sahəsinin də perspektiv əməkdaşlıq istiqamətlərindən biri olduğu diqqət mərkəzinə çəkilib. Qərara alınıb ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək.

Bir vacib məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq mədəni irsin və ortaq tarixin mövcud olması qarşılıqlı əlaqələrin formalaşmasında əhəmiyyətli rol oynayır. Humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Diqqətəlayiq haldır ki, Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan da dəstəkləmişdir. Bu baxımdan Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq mədəni irsin və ortaq tarixin mövcud olması qarşılıqlı əlaqələrin formalaşmasında vacib rol oynayan amil kimi çıxış edir

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri


Вернуться назад