Главная > Cəmiyyət > Aqiyə Naxçıvanlı: “Zəfər qurultayı” diaspor fəaliyyətimizi gücləndirəcək
Aqiyə Naxçıvanlı: “Zəfər qurultayı” diaspor fəaliyyətimizi gücləndirəcək23-04-2022, 21:37. Разместил: admin |
“Türk dünyasının mədəniyyət və incəsənət beşiyi, Azərbaycanın incisi Şuşa şəhərində 65 ölkədən gəlmiş 400 nümayəndənin iştirakı ilə keçirilən Zəfər Qurultayı mühüm bir dövrə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti bu ili “Şuşa ili” elan etmişdir. Bu o Şuşadır ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində igid oğullarımız Şuşanı erməni işğalından azad edərək şanlı tariximizə qələbə dastanı yazdılar. İndi azad Şuşada belə bir qurultayın keçirilməsi böyük rəmzi məna daşımaqla bərabər, ermənilərə və onun havadarlarına ciddi mesajdır. Dünyanın hər yerindən buraya toplaşmış nümayəndələr xalqımızın soykökünə, tarixinə, mədəniyyətinə və azadlıq eşqinə bağlılıqlarını ifadə etdilər”. AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı söyləyib. Deputat bildirib ki, “Qurultay nümayəndələri “Zəfər yolu” ilə Şuşaya doğru irəlilədikcə insanları həyəcanlandıran ziddiyyətli mənzərələrə şahid olurdular. Bir tərəfdən 30 il boyunca erməni vandalizminin xarabazara çevirdiyi şəhər və kəndləri, məhv edilmiş infrastrukturu ürək ağrısız seyr etmək mümkün deyil, digər tərəfdən isə simurq quşu kimi külündən yenidən yaranan, bərpa edilən və dirçələn Qarabağda aparılan işlər fərəh doğurur. Bu gün Azərbaycan Qarabağda dünya urbanizasiya təcrübəsinin ən müasir modellərini yaradır, “ağıllı şəhər“ və “ağıllı kənd” layihələri həyata keçirir. Bu onun göstəricisidir ki Qarabağ Azərbaycan xalqının dədə-baba yurdudur. “Qarabağ bizimdir” deyib hayqıran ermənilər 30 il ərzində burada ancaq vandalizmlə məşğul olmuş, heç vaxt onların olmamış və olmayacağını bildikləri bu torpaqları viranəliyə çevirsələr də torpağın əsil sahibləri qayıtmış, bu ərazilərdə bərpa, quruculuq işləri geniş vüsət almışdır. Azərbaycan xalqı sübut edir ki, o, yaradıcı, sülhsevər və gələcəyə böyük ümidlərlə baxan xalqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin devizə çevrilən “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” cümləsinin ilyarımlıq qısa müddətdən sonra əməli olaraq sürətlə reallaşdığını görmək insanı fərəhləndirir”. Deputat qeyd etmişdir ki, “Dünya Azərbaycanlılarının həmrəyliyi ideyasının banisi, Ulu Öndər Heydər Əliyevin 30 il bundan əvvəl söylədiyi fikirlər bu gün reallığa çevrilir. O, deyirdi ki, biz Qarabağa qayıdacağıq, özü də qələbə ilə qayıdacağıq. Dünya azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayını bu əminliyin, həmçinin gələcək nəsillərə, Heydər Əliyevin elan etdiyi tarixi missiyanı əzmlə, qətiyyətlə davam etdirən siyasi və mənəvi varislərə olan böyük inamın təntənəsi kimi dəyərləndirsək, düşünürəm ki, tarixi gerçəkliyi dəqiqliklə ifadə etmiş olarıq. Azərbaycan Prezidentinin Qurultayda söylədiyi nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. Azərbaycan xalqının əzmi, Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğa” çevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyən edir. Eyni zamanda, 30 illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb edir. Ona görə də Şuşa Qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayanır. Buraya bir tərəfdən tarixi Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəslə vətənpərvərlik hisslərinin aşılanması və Azərbaycan dilinin həftəsonu məktəbləri çərçivəsində tədrisinin təşkili, eləcə də şəbəkələşmə və müxtəlif səpkidə kampaniyaların hazırlanması kimi icmadaxili fəaliyyətlər daxildir. Digər tərəfdən isə yerli ictimaiyyət və beynəlxalq təşkilatlar, xüsusilə də siyasi və akademik dairələrlə yeni dövrün tələblərinə uyğun münasibətlərin qurulması ətrafında müzakirələr diqqət mərkəzində dayanır”. Deputat qeyd etmişdir ki, əslində cənab Prezidentin bu nitqi diaspor fəaliyyətinin gələcək istiqamətləri üçün “yol xəritəsi” olmaqla yanaşı, gənc nəslə milli hisslərin, dilin, şanlı tariximizin aşılanması, öyrədilməsi, təbliğ edilməsi sahəsində konkret və aydın müddəaların məcmusudur. Bu nitqin əsas qayəsini incələsək görərik ki, hədəflərimiz və onların qarşısında dayanan maneələr böyükdür, amma keçilməz deyil. Ağır döyüşlərdə qələbə qazanan bir xalqın övladları arxayınlaşmamalı, haqdan, ədalətdən və Vətənimizə olan sevgidən ilham alan mübarizəmizi yorulmadan, usanmadan, fasiləsiz bir şəkildə davam etdirməlidir. Hədəflərimizə gedən yolumuzda harada yaşamağımızdan, hansı vəzifə tutmağımızdan asılı olmayaraq, Azərbaycançılıq ideyalarına sədaqətlə xidmət etməli, bütün fəaliyyətimizi Azərbaycanımızın yaşatmağa həsr etməliyik. Birliyimizi, diriliyimizi qorumalı, inkişaf etdirməli, gələcək mübarizəmizə hamılıqla töhfə verməliyik. Onda güclü olacağıq, onda daha əzmlə mübarizə aparacağıq”! Deputat qeyd etdi ki, “Prezident İlham Əliyevin Ana dili ilə bağlı tövsiyələrini müasir Azərbaycançılığın əsas hədəfi kimi qiymətləndirmək olar. Dövlətimizin başçısı bununla bağlı bildirdi: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir”. Deputat sonda qeyd etmişdir ki, “Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcıdır. Bu qurultayda səsləndirilən mesajlar, nişan verilən hədəflər bizi işıqlı gələcəyə aparan mübarizə yollarında sıx birləşdirəcək, dünyada yaşayan bütün azərbaycanlıların, onların diaspor təşkilatlarının fəaliyyətini daha da gücləndirəcəkdir. Yeni hədəflər uğrunda mübarizəmiz uğurlu olsun!” Вернуться назад |