Главная > Cəmiyyət > Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”17-03-2022, 15:09. Разместил: admin |
Milli Məclisinin deputatı, professor Eldar Quliyevin müsahibəsi AİA.Az-ın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır. Eldar müəllim, ilk növbədə Sizi, eləcə də Sizin timsalınızda rəhbərlik etdiyiniz universitetin professor-müəllim heyətini, bütün kollektivini və tələbələrinizi qarşıdan gələn Novruz bayramı münasibətilə öz adımdan və təmsil etdiyim informasiya agentliyi adından səmimi qəlbdən təbrik edirəm. Əlbəttə ki, söhbətimizin gedişində xalqımızın ən qədim dövrlərdən qeyd etdiyi Novruz barədə də suallar yer alacaq. Lakin bundan öncə bu ilin əvvəlindən ölkəmizdə və dünyada cərəyan edən proseslərə dair oxucularımızı da maraqlandıracaq bəzi sualları cavablandırmağınızı istərdik. Təbii ki, son iki ildə ölkəmizdə baş verən demək olar ki, bütün hadisələr bu və ya digər şəkildə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizin təsiri altında formalaşır. O cümlədən Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin Azərbaycanda Şuşa ili elan olunması da birbaşa bu qədim şəhərimizin işğaldan azad olunması ilə şərtlənən bir qərardır. Elə bilirəm ki, söhbətimizə də məhz bu mövzu ilə başlasaq yaxşı olar. Deyə bilərsinizmi bu qərarın Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? İlk növbədə birmənalı şəkildə qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu ilin yanvar ayının 5-də imzalanmış Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam sözün əsl mənasında tarixi bir sənəddir. Təsadüfi deyil ki, möhtərəm dövlət başçımız verdiyi bu tarixi qərar barədə ilk açıqlamanı da məhz 2021-ci ilin dekabr ayının 31-də, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində təqdim etdi. Çünki bu qərar təkcə Azərbaycan üçün deyil, eləcə də bütün dünyada yaşayan azərbaycanlılar üçün, hətta bütün Türk dünyası üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. Sərəncamda qeyd olunduğu kimi, Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Bu şəhərin işğal altında olmağı bütün aspektlərdən baxdıqda xalqımız üçün qara bir ləkə idi. Ermənilər 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da buna nail ola bilmədilər. Təbii ki, eyni siyasət Ermənistan tərəfindən 30 il ərzində Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərinə qarşı da aparılıb. Lakin bütün bu yalan və uydurmalar son nəticədə erməni ideoloqlarının necə deyərlər, öz başlarında çatladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular və bununla da ermənilərin Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoyuldu. Sözsüz ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış bu Sərəncam bir daha ölkəmizdə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına hər zaman dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini nümayiş etdirir. Digər tərəfdən isə, bu Sərəncam eyni zamanda istər Şuşada, istərsə də işğaldan azad olunmuş digər ərazilərimizdə aparılan quruculuq işlərinin daha böyük vüsət almasına səbəb olacaq. Bu barədə nə deyə bilərsiz? Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bilirsiniz ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bu gün artıq bütün dünya bilir ki, işğal dövründə ermənilər tərəfindən Şuşada xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirilmişdir. Bu qədim mədəniyyət beşiyində erməni vandallarının törətdikləri mədəni genosidin miqyası ölçüyəgəlməzdir. Lakin dediyiniz kimi, Vətən müharibəsinin nəticələri 30 il ərzində dünyaya təqdim olunan bütün saxta reallıqları kökündən dəyişdirdi. Tarixi ədalət bərpa olundu, azərbaycanlılar Şuşaya, Şuşa isə Azərbaycana döndü. Bu gün artıq işğaldan azad edilmiş Şuşanın yenidən dirçəlməsi istiqamətində möhtəşəm işlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyevin son bir ildə Şuşa şəhərinə 7 dəfə səfər etməsi də burada bərpa-quruculuq işlərinin həyata keçirilməsinə, eləcə də tarixi-mədəni irsin bərpası və qorunması istiqamətində aparılan işlərə dövlətimiz tərəfindən xüsusi diqqət ayrıldığından xəbər verir. Bir məqamı da diqqətdən qaçırmayaq ki, 2022-ci ilin “Şuşa İli” elan olunması barədə Sərəncamın imzalanması faktiki olaraq ötən ilin may ayında Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi barədə qəbul olunmuş digər bir tarixi qərarın məntiqi davamı kimi nəzərdən keçirilməlidir. Dövlət başçısının imzaladığı hər iki Sərəncam Şuşa şəhərinin Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayan mühüm tarixi sənədlərdir və bu qərarların hər biri bundan sonra həm Şuşamızın, həm də bütünlükdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verəcək. Eldar müəllim, yeri gəlmişkən paytaxtın ictimai-mədəni həyatında bu ilin ilk ayında baş vermiş daha bir əhəmiyyətli hadisə də Bakıda məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı oldu. Bu hadisənin tarixi və mədəni baxımdan əhəmiyyətini necə qiymətləndirirsiniz? Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı təkcə paytaxt Bakının deyil, eyni zamanda bütün ölkənin ictimai-mədəni həyatında xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. Ölkə Prezidenti cənab İlham Əliyevin yanvar ayının 18-də abidənin açılışında şəxsən iştirak etməsi də bu hadisənin əhəmiyyətini bir daha vurğulamış oldu. Məlum olduğu kimi Zeynalabdin Tağıyev tarixdə, Azərbaycan xalqının yaddaşında ilk növbədə böyük xeyriyyəçi kimi qalmışdır. Məhz onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir ki, onların da arasında Bakıya təmiz içməli suyun gətirilməsi xüsusilə qeyd olunmalıdır. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir və indinin özündə də Bakı və Sumqayıt şəhərlərinin bir hissəsini təmiz içməli su ilə təmin edir. Həmçinin Tağıyevin təhsil sahəsində göstərdiyi xeyriyyəçilik fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Bircə bunu demək kifayətdir ki, müsəlman dünyasında ilk qızlar məktəbinin açılması o dövr üçün son dərəcə mütərəqqi bir hadisə idi. Abidənin açılışında etdiyi çıxışında Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların tikilməsinin də təşəbbüskarı məhz Tağıyev olmuşdur. Bakının gözəlliyini təmin etmək üçün xaricdən memarlar dəvət etməsi onun mütərəqqi fikirdə olmasından xəbər verir. Həmçinin Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Son dərəcə qürurverici haldır ki, bu gün Azərbaycanda Zeynalabdin Tağıyevin əsasını qoyduğu xeyriyyəçilik ənənələri uğurla davam etdirilir və bu ənənələrin ən böyük daşıyıcısı Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda ən böyük xeyriyyəçi qurum olaraq, artıq 20 ilə yaxın bir müddətdir ki, bütün dünyada Azərbaycan mədəniyyətini təbliğ etməkdə, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinin inkişafına misilsiz töhfələr verməkdədir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan bu gün daha çox tanınır və məhz bu amil ölkəmizə İkinci Qarabağ müharibəsi dövründə böyük köməklik göstərdi. Həmçinin bu gün Heydər Əliyev Fondu işğaldan azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi, Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Məlum olduğu kimi, Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu, “YAŞAT” Fondu yaradılmışdır. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsaitlər köçürürlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının xarakterik cəhətlərindən biri olub və bu ənənə ölkəmizdə hər zaman yaşayacaq. Eldar müəllim, az öncə də qeyd olunduğu kimi, bu gün Azərbaycan bir qalib dövlət olaraq işğaldan azad olunmuş ərazilərində irimiqyaslı bərpa-quruculuq işləri ilə məşğuldur. Eyni zamanda regional sülhün möhkəm və davamlı olmasında ən çox səy göstərən ölkə də məhz Azərbaycandır. Lakin cərəyan edən hadisələr belə deməyə əsas verir ki, bu gün Ermənistanda hələ də revanşizm xülyalarını bəsləyən, erməni faşizmini dirçəltməyə çalışan qüvvələr mövcuddur. Sizcə Azərbaycan belə tendensiyaların mümkün fəsadlarının qarşısını ala bilmək üçün kifayət qədər imkanlara sahibdirmi? Xatırlayırsınızsa, Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibənin gedişində bu məsələyə toxunaraq xalqımızın heç vaxt erməni vəhşiliyini, erməni faşizminin cinayətlərini unutmayacağını bildirdi. Dövlət başçımız bir daha erməni faşizmini qidalandıran, onları dəstəkləyən qüvvələrə səslənərək qəti şəkildə bildirdi ki, biz qalib dövlətik və Azərbaycan erməni faşizminin bundan sonra heç vaxt baş qaldırmasına yol verməyəcək. Əslində bu bəyanat həm də sizin sualınıza tam və ən dolğun bir cavabdır. Bilirsiniz ki, Vətən müharibəsinin gedişində Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistanın cinayətkar ordusu hər zaman olduğu kimi dinc şəhər və qəsəbələrə hücumlar edir, mülki insanlar arasında tələfat törətməklə Azərbaycanı geri addım atmağa məcbur etməyə çalışırdı. Bu məqsədlə erməni faşistləri Mingəçeviri, Bərdəni, Tərtəri, Goranboyu, Ağdam və Füzuli rayonlarını, Naftalan şəhərini bombalayır, raket atəşinə tuturdular. Həmçinin İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq insanların həyatına son qoyub. Bu dinc şəhərdə 26 mülki vətəndaş namərd atəşi nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Amma ermənilərin Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi baş tutmadı. Bizi heç kim və heç nə dayandıra bilməzdi və bilmədi də. Azərbaycan Ordusu günahsız insanların, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Ermənistanın törətdiyi əməllər isə hərbi cinayətdir və bunu bütün dünya qəbul etməlidir. Yanvarın 30-da dövlət başçımızın Gəncədə təməini qoyduğu Memorial Kompleks də erməni faşizminin cinayətlərini hər zaman bütün dünyaya xatırladacaq. Bu yaddaş silinməməlidir və heç kim erməni vəhşiliyini unutmamalıdır. Azərbaycan erməni faşizminin ən kiçik təhdidinə dərhal ağır zərbə ilə cavab verməyə hazırdır və hər an bu hüququndan istifadə edə bilər. Dövlət başçımızın dediyi kimi, əgər Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilərsə, bu zaman o, yerindəcə məhv ediləcək və bunu hər kəs bilməlidir. Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumu keçirildi. Bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasətinin effektivliyini necə qiymətləndirirsiniz? Deyə bilərəm ki, Ölkə Prezidenti cənab İlham Əliyev Gənclər Forumunda etdiyi çıxışında ölkə ictimaiyyətini, xüsusən də gəncləri maraqlandıran bir çox vacib məsələlər barədə son dərəcə önəmli açıqlamalar verdi. O cümlədən Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilmiş Azərbaycan Gəncləri Gününün bu sahədə həyata keçirilən dövlət siyasətinin effektivliyinə zəmin yaratmış əsas amillərdən biri olduğunu vurğulayan dövlət başçımız Azərbaycan gəncliyinin bugünkü fəaliyyətini də yüksək qiymətləndirdi. Bu yanaşma ölkəmizdə gənclər siyasətinin əsasında Heydər Əliyev ideyalarının durduğunu bir daha təsdiq edir. 25 il bundan əvvəl Ulu Öndər Heydər Əliyev tərəfindən Gənclər Gününün təsis edilməsi Ümummilli Liderin növbəti siyasi uzaqgörənliyi idi. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, həmin dövrdə gənclər problemi bəlkə də hakimiyyət strukturlarında yer almış insanların böyük əksəriyyətini ən az narahat edən, düşündürən məsələlərdən biri idi. Əlbəttə, bunun da öz səbəbləri var idi. Həmin vaxt Azərbaycan çox böyük, ciddi, problemlər qarşısında dayanmışdı. Nizami ordusu olmayan Azərbaycan Birinci Qarabağ müharibəsində xaricdən böyük maliyyə və hərbi dəstək alan Ermənistana məğlub olmuşdu. Bütün digər sahələrdə də vəziyyət çox ağır idi. Dövlət başçımızn da öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan özünü dünya arenasında hələ tam təsdiq etməmişdi. Bütün dünyada ermənipərəst qüvvələr Azərbaycan həqiqətlərini təhrif edir, regionda baş verən prosesləri dünya ictimaiyyətinə öz maraqlarına uyğun şəkildə təqdim edirdilər. İknci bir tərəfdən də ölkə iqtisadiyyatı tənəzzül içərisində, dağıdılmış vəziyyətdə idi. Ölkənin gələcəyi böyük sual altında idi. Yalnız 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin kontraktı” imzalandıqdan sonra Azərbaycanın gələcəyə böyük ümidləri yarandı. Bütün bunlara rəğmən Ulu Öndər Heydər Əliyevin ölkə üçün son dərəcə ağır və təcili həllini gözləyən bir çox problemlərin olduğu bir dövrdə məhz gənclər məsələsinə xüsusi diqqət ayırması əlbəttə ki, gələcəyə hesablanmış mühüm strateji addım idi. 1996-cı il fevralın 2-də Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Bundan bir il sonra isə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Dediyimiz kimi, həmin vaxt bu qərar bir çoxları tərəfindən anlaşılmazlıqla qarşılandı. Lakin tarix özü bir daha kimin haqlı olduğunu göstərdi və bu gün Azərbaycan cəmiyyəti həmin müdrik qərarın möhtəşəm nəticələrinin şahididir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və 2003-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək uğurla həyata keçirilən gənclər siyasəti bu gün öz möhtəşəm nəticələri ilə xalqımızın rifah yüksəlişinə, dövlətimizin güclənməsinə xidmət edir. Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi ölkəmizin, cəmiyyətimizin həyatında çox önəmli rol oynayır. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur. Azərbaycan gəncliyi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır. Bu, aktual məsələdir və öz aktuallığını heç zaman itirməyəcək. ardı var... Вернуться назад |