Главная > Cəmiyyət > Regionların inkişafı və azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir

Regionların inkişafı və azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir


16-02-2022, 08:00. Разместил: admin
Mehman Soltanov: Ədliyyə işçilərinin peşə bayramıdır

“Ölkəmizdə regionların inkişafı, o cümlədən Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri cənab Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Fevralın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına səfəri bu reallığı bir daha təsdiqləyir”. Bu fikirləri Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov deyib.

Mehman Soltanov bildirib ki, erməni işğalından azad olunmuş torpaqlarımızda infrastruktur layihələri uğurla icra olunur. Onun sözlərinə görə, azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb: ““Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməl daşının qoyulmasıda əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam rayon Mərkəzi Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. 1 nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Eyni zamanda, Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlayıb. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq”.

“Dövlətimizin başçısı Ağdam Sənaye Parkında iki müəssisənin təməlini qoydu. Ölkəmizdə 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, 5 sənaye məhəlləsi – Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir. Bundan əlavə, Ələt Azad İqtisadi Zonasının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacaq. Səfər zamanı Prezident İlham Əliyev iş adamlarına, sahibkarlara çağırış etdi ki, həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə yatırsanlar. Əlbəttə ki, bu çağırışın möhkəm əsasları var. Çünki bu gün ölkədə biznes fəaliyyəti üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılmışdır. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Respublikanın bütün bölgələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mühüm infrastruktur layihələri icra olunur. Bu çağırış həm də azad olunmuş torpaqlarımızın daha tez bir zamanda dirçəlməsinə səbəb olacaqdır. Sahibkarlar maraqlı layihələr təqdim edə bilərlər, işğaldan azad olunmuş ərazilərə qayıdan insanlar həm yaşamalı, həm işləməli, həm də hansı sahə üzrə məşğulluq fəaliyyəti göstərməlidir. Əlbəttə ki, bu dəvət bütün sahibkarları, o cümlədən də qadın sahibkarları səfərbər edəcəkdir. Onların bir çoxu öz layihələrini təqdim ediblər. Bu həm də özəl sektorun inkişafına yeni bir təkandır”, - deyə Mehman Soltanov qeyd edib.

Mehman Soltanov onu da deyib ki, Ağdam Cümə məscidinin bərpa-restavrasiya işləri Heydər Əliyev Fondu tərəfindən aparılır: “Məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir. Dövlət başçısının dediyi kimi, bütün tarixi və dini abidələrbərpa olunacaq. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlayıb.  Tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür.İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Fondun bu istiqamətdəki fəaliyyəti xalqımız və cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır”.
 
Вернуться назад