Главная > Cəmiyyət > Aqşin Xancanov: 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunu sürətlə artırdı

Aqşin Xancanov: 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunu sürətlə artırdı


9-02-2022, 11:15. Разместил: admin
Ali Baş Komandan İlham Əliyev: Düşmən hərbi cinayət törədib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsinin rəisi Aqşin Xancanov - Fevralın 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə aparılmış Azərbaycanın Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilmişdir. Tədbirdən sonra  Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq üzrə komissarı Oliver Varhelyi iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrılması barədə bəyanatla çıxış etmişdir. Bu, postmüharibə dövründə nəinki ölkə ictimaiyyətinin diqqətini cəlb edən, hətta beynəlxalq miqyasda geniş əks-səda doğuran ən əhəmiyyətli siyasi hadisələrdən biridir.
Ayrılan vəsaitin xalqın faydalana biləcəyi konkret layihələrə, məsələn, suyun təmizlənməsi, yaşıl enerji, bərpa olunan energetika, kommunikasiyalar, kiçik və orta biznesə, habelə tədqiqat və demokratik institutların inkişafına dəstək kimi sahələrə yönəldilməsi nəzərdə tutulur.
Önəmli siyasi çalara malik bu hadisəyə yönəlmiş böyük  marağın səbəbləri müxtəlifdir. Bildiyiniz kimi, ötən il Ermənistanla müqayisədə Azərbaycana daha az həcmli maliyyə paketinin ayrılması rəsmi Bakının tənqidinə tuş gəlmişdi. Belə ki, Cənubi Qafqaza səfər edən Aİ Şurasının Prezidenti Charles Michel Ermənistandakı "prioritet proqramlar" üçün 2,6 milyard avro dəyərində maliyyə paketinin ayrılacağını elan etmişdi. O zaman Azərbaycan Prezidenti Ermənistanla müqayisədə Azərbaycana daha az vəsaitin -150 milyon avro ayrılmasından narazılığını ifadə etmişdi: "Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir," - deyə cənab İlham Əliyev Aİ qərarına münasibətini səsləndirmişdi. Ona görə də yeni maliyyə paketini Bakının iradına bir cavab kimi də qiymətləndirmək olar.
Siyasi texnoloqlar hesab edirlər ki, maliyyə yardımının ayrılması ilə bağlı qərar  Azərbaycanla Aİ arasında nəzərdə tutulan ikitərəfli sazişin imzalanması prosesini sürətləndirə, eyni zamanda Avropanın yeni qaz mənbələrinə çıxış əldə etmək niyyətini daha tez gerçəkləşdirə bilər.
Azərbaycanla Aİ arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Lakin, düşünürəm ki, Aİ- Azərbaycan əlaqələrinin qısa xülasəsini araşdırmadan postmüharibə dövründə bu xüsusda baş verən hadisələri obyektiv şəkildə dəyərləndirmək çətin olar. Keçən əsrin 90-cı illərindən başlayan bu münasibətlərin dinamikası isə zaman-zaman fərqli olub.
1990-cı illərin əvvəllərində Qərblə sıx əlaqələr qurmağa qərar verən Bakı 1996-cı ildə Aİ ilə Tərəfdaşlıq və Əməkdaşlıq sazişinə imza atıb. Bu sənəd   siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edir. "Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycan isə uzun müddətdir ki, bloklara meylli olmadığını nümayiş etdirdiyinə görə Moldova, Ukrayna və Gürcüstandan fərqli olaraq, Aİ ilə Assosiyasiya sazişindən imtina edib ikitərəfli sazişlərə üstünlük verir.
25 yanvar 2001-ci ildə rəsmən Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul edilmiş Azərbaycan 2004-cü ildə Azərbaycan Aİ-nin Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib. 2011-ci ilin yanvarında isə Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb.
Dünya qlobal siyasətinin mahir bilicilərindən olan Ulu öndər Heydər Əliyev, ümumiyyətlə, ölkəmizin bütün beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə əlaqələrində heç vaxt şaquli yanaşmaların yer almasına imkan verməmiş və yalnız xalqın maraqlarına xidmət edən və qarşılıqlı faydaya əsaslanan üfüqi münasibətlər siyasətinə üştünlük vermişdir.  Bu siyasətin əsası hələ o dönəmdə qoyulub. Mahiyət isə ondan ibarətdir ki,  biz nə qədər Avropaya lazımıqsa, bir o qədər də Avropa bizə lazımdır. Belə ki, biz bütün dünyaya açıq şəkildə bəyan etmişik ki, milli dəyərlərimizə zidd olan və ədalətsiz münasibətlərdən doğan addımlara qarşı ciddi mövqedə durmaq şərtilə Azərbaycan Avropa ailəsinin bərabərhüquqlu üzvü olmaq siyasəti götürmüşük və bu istiqamətdə addımlarımızı davam etdiririk. Ötən ilin mart ayında YAP-nın VII Qurultayında partiya aktivi qarşısında çıxış edən cənab İlham Əliyev Avropa ilə daha sıx yaxınlaşmanı nəzərdə tutan əvvəlki sazişi "təlimat kitabçası" adlandırıb: "Dedim ki, bizə belə təlimat lazım deyil. Biz özümüz bilirik nə etmək lazımdır. Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb".
Azərbaycan və Avropa arasında son illərdə ən çətin münasibətlər 2015-ci ildə mövcud olub. Buna səbəb illər uzunu Avropa İttifaqının Azərbaycana qarşı ikili standart mövqeyindən çıxış etməsi, ölkəmizə “yuxarıdan aşağı” baxması, tələblərinin diktə etməyə çalışması, Ermənistanın işğal siyasətinə açıq-aşkar göz yumması və bu qəbildən olan digər məsələlər səbəb olmuşdur. 2015-ci il sentyabrın 10-da Avropa Parlamentinin Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı qərəzli qətnamə qəbul etməsi Azərbaycan rəhbərliyinin və ictimaiyyətinin kəskin etirazı ilə qarşılaşıb. Rəsmi Bakı qətnaməni "ədalətsiz və qeyri-obyektiv" adlandıraraq Avropa Parlamenti ilə münasibətlərini kəsib. Milli Məclis Euronest Parlament Assambleyasında iştirakının dayandırılması prosedurlarına başlamaq haqqında qərar qəbul edib. Münasibətlər bir il sonra, Milli Məclisin "Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında" qərar qəbul etməsindən sonra yumşalıb.
Avropa İttifaqı 2015-ci ildə qonşuluq siyasətinə düzəlişlər etməklə, faktiki olaraq, Azərbaycanın təklif etdiyi istiqamətlər üzrə əməkdaşlıq xəttinə keçib. Bununla Azərbaycan Rusiya ilə yanaşı, postsovet məkanında Aİ ilə bərabərhüquqlu tərəfdaş statusuna yüksəlmiş dövlət oldu. Bu vəziyyət "Şərq Tərəfdaşlığına” daxil olan digər ölkələrin yürütdüyü siyasətə də öz təsirini göstərir.
Bu gün Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq ölkənin xarici siyasətinin əsas prioritetlərindəndir. Belə ki, onun  xarici ticarət dövriyyəsinin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. 17  ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Bu gün isə biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz edirik. Ölkəmiz Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olmuş və onu maliyyələşdirmişdir. Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.
2017-ci ildən bəri Bakı və Brüssel strateji əməkdaşlıq sazişini müzakirə edirlər. İndiyədək saziş əsasən hazır olsa da, son vaxtlaradək həllini tapmamış bəzi məsələlərə görə danışıqlar ləngiyirdi. Bu gün isə biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik.
44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunun sürətlə artması fonunda Aİ bu münasibətlərə yeni rakursdan baxmağa məcbur oldu və bu münasibətlər yeni mərhələyə qədəm qoydu. Əvvəlki dövrlərdə Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin maraqlarını nəzərə almağa həvəsli deyildi. Azərbaycanın müstəqil davranışları və xüsusən İkinci Qarabağ müharibəsindəki qələbəsi Brüsseli mövqeyinə yenidən baxmağa məcbur etdi. İndi isə Cənubi Qafqaza vəd edilən geniş maliyyə dəstəyi Aİ-nin bölgə sabitliyində maraqlı olduğunu və Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasına yardım etməyə hazır olduğunu göstərir. Yeganə Şərq Tərəfdaşlığı ölkəsi olaraq rəsmi Bakının Aİ ilə enerji təhlükəsizliyinə dair ayrıca sənəd imzalaması Azərbaycanın Avropa ilə münasibətlərdə xüsusi rola malik olmasına dəlalət edir.
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsi həm də Aİ-ni regiona münasibətini dəyişməyə sövq etdi. Brüssel yeni yaranmış geosiyasi mənzərəyə nüfuz etmək üçün daha fəal olmaq xəttini seçməklə yanaşı, regionda artıq Rusiya və Türkiyənin aparıcı rol oynaması ilə barışmaq zorundadır. Bu baxımdan Aİ-nın siyasətindəki çoxşaxəli siyasi vektor dəyişikliyini həm də İkinci Qarabağ müharibəsindən sonra bölgədə aparıcı rollara sahib Ankara və Moskvanın mövqelərini "tarazlaşdırmaq üçün" Cənubi Qafqazda daha geniş təmsil olunmaq cəhdi kimi də dəyərləndirmək olar. Hazırda Aİ Cənubi Qafqaz istiqamətində siyasətində vurğulanan şərtlər çərçivəsində daha böyük səmərə əldə etmək uğrunda çalışır.
Yeni, daha mütərəqqi və səmimi münasibətlərin formalaşması həm də ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu işinin davam etdirilməsi, qazanılmış müstəqilliyin təsdiqi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi, bu istiqamətdə dərin islahatlar üzərindən vətəndaş cəmiyyətinin inkişafının və insan hüquqlarının müdafiəsinin təmin edilməsi üçün geniş imkanlar açır.
O ki qaldı Ermənistana ayrılmış böyük maliyyə yardımına, burada yanaşma tam fərqlidir. Ermənilərin özləri də anlamamış deyillər ki, onlara ayrılan əsaslı yardım paketi Yerevanın Qarabağ dilemması kimi xülyasına dəstək ola bilməz. Çünki Avropa İttifaqıİ 10 noyabr tarixli Üçtərəfli bəyanatla bölgədə yaranan status-kvonu qəbul edir və onu zorla dəyişdirmək cəhdlərinə qarşıdır. Aİ-nin tarixin zibilliyinə atılmış "Dağlıq Qarabağın  statusu" ifadəsini dilə gətirmədən sərhədlərin demarkasiyasına dair çağırışı, məhz İttifaqın belə düşüncəsini əks etdirir.
Avropa İttifaqı-Azərbaycan münasibətlərinin yeni perspektivlərini müəyyənləşdirən əsas amillərdən biri. Prezident İlham Əliyevin mütərəqqi təşəbbüsləri və ciddi siyasi mövqeyidir. Aİ-nin qonşuluq siyasətinə etdiyi düzəlişlər fonunda 2015-ci ildən bəri müşahidə edilən sürətli geosiyasi dəyişikliklər Brüssel-Bakı xəttində də maraqlı yeniliklərə səbəb olmaqdadır. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında keçirilən görüşlərdə rəsmi Bakının konkret layihələr üzrə təkliflər verməsi maraqlıdır. Bu onu göstərir ki, Azərbaycan rəhbərliyi üçün Aİ ilə əlaqələr xarici siyasətin prioritetləri sırasına daxildir.
Beləliklə, Azərbaycan yenə də Avropa İttifaqı ilə münasibətlərin real zəmində səmərəli olması üçün üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla rəsmi Bakı həm Avropa İttifaqı ilə əlaqələri gücləndirir, həm də bir daha regionun aparıcı dövləti, lider ölkəsi kimi fəallığını ortaya qoyur. Ona görə də əminliklə demək olar ki, Aİ-Azərbaycan münasibətləri yalnız ziddiyyətlərlə deyil, həm də perspektivlərlə xarakterizə olunur və Brüsselin strateji xarakterli və konkret məzmuna malik layihələrin həyata keçirilməsinə üstünlük verəcəyinə ümidlər çoxalır. Ona görə də Azərbaycan Prezidentinin qətiyyəti və ədalətli siyasəti ilə tərəflər arasında əlaqələrin güclənəcəyinə bəslənən  ümidlər getdikcə möhkəmlənməkdədir.

Вернуться назад