Главная > Cəmiyyət > Qara Abdullayev: 20 Yanvar xalqımızın milli birlik və həmrəylik sınağından uğurla çıxdığı tarixdir
Qara Abdullayev: 20 Yanvar xalqımızın milli birlik və həmrəylik sınağından uğurla çıxdığı tarixdir20-01-2022, 12:36. Разместил: admin |
“Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Amma elə hadisələr də var ki, onları faciə kimi qəbul etməklə yanaşı, dövlətin, xalqın taleyində bir dönüş nöqtəsi kimi dəyərləndirib tariximizə qəhrəmanlıq səhifəsi kimi həkk edirik. 20 Yanvar faciəsi məhz belə hadisələrdəndir. Xalqımız artıq 32-ci ildir ki, 1990-cı ilin Qanlı Yanvarının ildönümlərini həm faciə, həm də qəhrəmanlıq tarixi kimi qeyd edir. Həmin müdhiş gecədə Azərbaycan xalqı tarixin sınağına çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar uzə çıxdı, həm də ölkəyə rəhbərlik edənlərin kimliyi bəlli oldu. Müstəqilliyimiz, suverenliyimiz uğrunda canlarından keçən oğul və qızlarımız şəhidlik zirvəsinə yüksəlməklə öz həyatlarını bugünkü və gələcək nəsillər naminə bir vətənpərvərlik məktəbi kimi xalqa qurban verdilər. Atılan bu addımlar gənclərimizə, dövlətinin, xalqının gələcəyini düşünən hər bir azərbaycanlıya birlik, həmrəylik çağırışı idi. 20 Yanvar faciəsi xalqımızın məğrurluğunun, yenilməzliyinin, bütün məqamlarda bir yumruq kimi birləşməsinin təqdimatı oldu”. Bu fikirləri Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev bildirib. XX əsrin sonlarında Azərbaycanda müstəqillik uğrunda baş qaldıran milli azadlıq hərəkatı sonrakı mərhələdə müstəqilliyimizin bünövrəsini qoydu: “Ancaq ovaxtkı SSRİ rəhbərliyi “sapı özümüzdən olan baltalar”dan istifadə etməklə, xalqın mübarizə əzmini qırmağa səy göstərdi. Həmin dövr xalqımız üçün çox keşməkeşli və ağır günlər oldu. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş İttifaq rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinin üzərinə Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı”. Hadisələrin səhərisi günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bəyan edərək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirdi, qanlı faciəni pislədi, günahsız adamların axıdılan qanlarını insanlığa qarşı törədilmiş xəyanət adlandırdı: “Yanvar hadisələrinə geniş mənada əsl hüquqi- siyasi qiymət məhz Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra verildi. Belə ki, ulu öndər Heydər Əliyevin 1994-cü ildə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı Fərmanında Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-huquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis həmin ilin martın 29-da 20 Yanvar faciəsi ilə bağlı qərar qəbul etdi. Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi”. Anım günlərində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində təşkil edilən silsilə tədbirlər, sərgilər, konfranslar bu qanlı terrorun əsl mahiyyətinin, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayır: “Ümummilli Lider müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən həqiqətlərin olduğu kimi qəbul edilməsində və dəyərləndirilməsində beynəlxalq aləmdə tanıtımın rolunu xüsusi vurğulayırdı. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin informasiya cəbhəsində fəallığın artırılmasına göstərdiyi diqqət də bu məqsədə xidmət edir. Təkcə bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Müzəffər Ali Baş Komandanın 44 günlük Vətən müharibəsi dövründə 30-dan artıq xarici mətbuata müsahibəsi həmin dövrdə Azərbaycanın diplomatik qələbəsində öz sözünü dedi. Eyni zamanda, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir”. Dövlətimiz 20 Yanvar qətliamı zamanı şəhid olanların ailələrini, həmin hadisələrdə əlil olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlayır. “1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə xilaskarlıq missiyasını yerinə yetirərək uğurlu siyasəti ilə dünyanın diqqətini Azərbaycan həqiqətlərinə, başımıza gətirilən faciələrə yönəltdi. Faktların dili ilə əsl həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırıldı. Ulu Öndərin bu xilaskarlıq missiyası son 18 ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atılır. Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimiz möhkəm təmələ əsaslanan siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycan yeni reallıqlar yaratdı. Dövlət başçısı İlham Əliyevin adı tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazıldı. Ölkə Prezidenti daim bu fikri bildirir ki, şəhidlərimizin ruhu şaddır, biz onların qisasını döyüş meydanında aldıq. 30 ilə yaxın dövrdə imitasiya naminə danışıqlar aparan, himayədarlarının dəstəyi ilə yeni ərazilər uğrunda müharibə planları hazırlayan Ermənistan Azərbaycan dövlətinin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti qarşısında diz çökdü. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Qarabağımızın tacı Şuşa bu gün sevincli günlərini yaşayır. Şuşa əməliyyatı Azərbaycan oğullarının mübarizliyinin, qəhrəmanlığının, döyüş ruhunun dünyaya təqdimatı oldu. Vətən müharibəsində silaha sarılaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılan gənclər son 17 ildə yetişən gənclikdir. Gənclərimizin milli ruhda, vətənpərvərlik ruhunda böyüməsi, milli maraqlarımızı hər şeydən üstün tutmaları qürurvericidir”. Son iki ildə 20 Yanvar faciəsinin ildönümünü fərqli ovqatda qeyd edirik: “Hər il 20 Yanvar faciəsinin ildönümlərində bu istəyimizi ifadə edirdik ki, işğal altında olan torpaqlarımızın azad olunacağı, şəhid ruhlarının rahatlıq tapacağı gün uzaqda deyil. Bu gün isə böyük əminliklə bildiririk ki, artıq həmin gün bir ildən artıqdır ki, reallığa çevrilib. Şəhidlərimizin ruhu şaddır. Şəhidlərimizin qanı bahasına əldə edilən müstəqilliyimizi qorumaq, möhkəmləndirmək üçün harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımız bir amal-azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməlidirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur mənbəyidir”. Вернуться назад |