Главная > Cəmiyyət > Dövlət şirkətlərinə necə nəzarət ediləcək? - Nizamnamə

Dövlət şirkətlərinə necə nəzarət ediləcək? - Nizamnamə


7-08-2020, 15:27. Разместил: admin
Dövlət şirkətlərinə necə nəzarət ediləcək? - Nizamnamə


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərman imzalayıb.

Azərbaycan İnvestisiya Holdinqinin nizamnaməsini təqdim edirik:

1.1. Azərbaycan İnvestisiya Holdinqi (bundan sonra – AİH) onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra – dövlət müəssisələri) vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. AİH öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. AİH öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. AİH ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. AİH bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. AİH-in müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) vardır.

1.6. AİH-in əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. AİH-in rəsmi adı aşağıdakı kimidir:

1.7.1. tam halda – Azərbaycan İnvestisiya Holdinqi, qısaldılmış halda – AİH;

1.7.2. ingilis dilində tam halda – Azerbaijan Investment Holding, ingilis dilində qısaldılmış halda – AİH.

1.8. AİH Bakı şəhərində yerləşir.

2. AİH-in fəaliyyət istiqamətləri

2.1. AİH-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, həmin siyasətin həyata keçirilməsini təmin etmək;

2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.1.4. qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə dövlət müəssisələrində idarəetməni təşkil etmək;

2.1.5. dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, bu məqsədlə onların maliyyə resurslarını, habelə xarici borcların cəlb olunmasını effektiv meyarlar əsasında idarə etmək;

2.1.6. dövlət müəssisələrinin fəaliyyət göstərdiyi xidmətlər bazarına özəl investisiyaları cəlb etmək, bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının inkişafını stimullaşdırmaq;

2.1.7. dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün onların səmərəlilik göstəricilərini müəyyən etmək və monitorinqini aparmaq;

2.1.8. dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması və maliyyə şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;

2.1.9. dövlət müəssisələrinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq;

2.1.10. dövlət müəssisələrinə dövlətin ayırdığı investisiyalardan səmərəli istifadəyə nəzarət etmək;

2.1.11. dövlət müəssisələrinin özəlləşdirilməyə (tam və ya qismən) hazırlanmasında iştirak etmək;

2.1.12. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. AİH-in vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, AİH-in vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət müəssisələrində dövlətə məxsus səhmlərin (payların) idarə olunmasını təmin etmək;

3.1.3. investisiyaların cəlb olunması və səmərəli idarə edilməsi yolu ilə dövlət müəssisələrinin inkişafına nail olmaq, onların özəlləşdirməqabağı sağlamlaşdırılmasını təmin etmək;

3.1.4. dövlət müəssisələrinin uzunmüddətli inkişaf və biznes planlarının təsdiqi üçün rəy vermək, biznes planlarında qoyulan hədəflərin monitorinqini aparmaq;

3.1.5. dövlət müəssisələrinin fəaliyyət göstərdiyi sahələrə investisiyaların, o cümlədən xarici investisiyaların cəlbinin stimullaşdırılması ilə bağlı təkliflər hazırlamaq və tədbirlər görmək;

3.1.6. dövlət müəssisələrinin iqtisadi səmərəliliyinin yüksəldilməsi, o cümlədən maliyyə vəziyyətinin yaxşılaşdırılması və gəlirlərinin artırılması üçün tədbirlər görmək;

3.1.7. dövlət müəssisələrinin fəaliyyət göstərdiyi sahələrdə xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı təkliflər vermək;

3.1.8. iqtisadiyyatın modernizasiyası və diversifikasiyası proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.9. iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən sosial əhəmiyyətli innovativ sənaye layihələrində iştirak etmək;

3.1.10. dövlət müəssisələrinin restrukturizasiyası ilə bağlı təkliflər vermək;

3.1.11. dövlət müəssisələrinin hesabatlarına dair tələbləri müəyyənləşdirmək və təqdim edilmiş hesabatların monitorinqi aparmaq;

3.1.12. dövlət müəssisələrinin fəaliyyətinin beynəlxalq təcrübə nəzərə alınmaqla əlaqələndirilməsi və onların iqtisadi səmərəliliyinin, o cümlədən maliyyə dayanıqlılığının artırılması ilə bağlı tədbirlər görmək;

3.1.13. dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini onların səmərəlilik göstəricilərinin təhlil nəticələri əsasında qiymətləndirmək;

3.1.14. dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması məqsədilə onlardan zəruri məlumatları və hesabatları tələb etmək, bu məlumatları və hesabatları təhlil edərək, dövlət müəssisələrinin idarəetmə orqanlarına müvafiq göstərişlər vermək;

3.1.15. dövlət müəssisələrinin idarəetmə orqanlarının tərkibinin tam formalaşdırılması üçün tədbirlər görmək;

3.1.16. dövlət müəssisələrinin idarəetmə orqanlarının fəaliyyətini təhlil etmək;

3.1.17. dövlət müəssisələrinin maliyyə resurslarına əlverişli çıxış imkanlarının yaradılması ilə bağlı kompleks tədbirlər görmək;

3.1.18. dövlət müəssisələrində innovasiya fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi və təşviqi ilə bağlı tədbirlər görmək;

3.1.19. dövlət müəssisələrinin rəqabət qabiliyyətinə və ixrac potensialına təsir edən amilləri araşdırmaq;

3.1.20. dövlət müəssisələrinin fəaliyyəti barədə məlumatları özündə əks etdirən vahid elektron informasiya sistemi yaratmaq;

3.1.21. dövlət müəssisələrinin iqtisadi və maliyyə vəziyyətini təhlil etmək və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görmək;

3.1.22. AİH-ə, habelə dövlət müəssisələrinə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək;

3.1.23. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.24. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.25. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.26. AİH-in strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.27. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.28. AİH-in informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.29. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.30. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, AİH əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.31. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.32. müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.33. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn və AİH-in səlahiyyətinə aid olan məsələlərlə bağlı Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.34. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı islahatlar aparılmasına dair təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək;

3.1.35. malların (işlərin və xidmətlərin) satın alınmasını, həmçinin müvafiq sahədə ehtiyacların qarşılanmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq həyata keçirmək;

3.1.36. bu Nizamnamə ilə və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq AİH-in aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti üzrə təkliflər vermək;

3.2.2. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.3. əməkdaşlarını dövlət təltiflərinə və mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.4. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.5. müqavilə əsasında müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.6. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.7. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.8. icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;

3.2.9. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.11. vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.12. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.13. bu Nizamnamə ilə və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. AİH-in idarə edilməsi

4.1. AİH öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə prinsiplərini tətbiq edir.

4.2. AİH-in idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.

4.3. AİH-in Müşahidə Şurası (bundan sonra – Şura) AİH-ə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 (beş) üzvdən – Şuranın sədrindən və digər üzvlərdən ibarətdir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şuranın vəzifələri aşağıdakılardır:

4.7.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən AİH-in maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.7.2. AİH-in inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək;

4.7.3. AİH-in illik maliyyə hesabatını təsdiq etmək;

4.7.4. AİH-in maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.7.5. AİH-in fəaliyyətinə nəzarət etmək;

4.7.6. AİH-in təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak edilməsinə, həmçinin AİH-in idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq vermək;

4.7.7. İdarə heyətinin fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

4.7.8. Şuranın üzvlərinin və İdarə heyətinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.9. AİH-in kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.7.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə baxmaq və müvafiq tədbirlər görülməsi ilə bağlı təkliflər vermək;

4.7.11. AİH-də daxili audit bölməsi yaradıldığı halda həmin bölmənin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.7.12. AİH-in xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri AİH-in aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.7.13. AİH-in fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.7.14. AİH-in strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qayda nəzərə alınmaqla, əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etmək;

4.7.15. bu Nizamnamənin 4.19-cu bəndinə uyğun olaraq İdarə Heyəti üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.7.16. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarı qəbul etmək;

4.7.17. AİH-in fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq dövlət müəssisələrinin ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll etmək;

4.7.19. dövlət müəssisələrinin Müşahidə Şurası üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini təsdiq etmək;

4.7.20. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

4.8. Şuranın sədri ildə azı bir dəfə Şuranın iclasını çağırır. Şura iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İdarə Heyətinin sədri çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında qərarlar hər üzvün bir səsi olmaqla sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.9. Şura üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.10. Şuranın iclasında İdarə Heyətinin üzvləri iştirak edirlər.

4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir.

4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan bütün aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.13. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İdarə Heyətinin sədrinə göndərir.

4.14. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.15. Şuranın katibi:

4.15.1. Şuranın iclaslarını təşkil edir;

4.15.2. Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt barədə Şura üzvlərinə, habelə İdarə Heyətinin sədrinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasa azı 3 (üç) iş günü qalmış yazılı məlumat verir;

4.15.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

4.16. Şuranın sədri:

4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İdarə Heyəti sədrinin müraciəti əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.17. Şura üzvləri:

4.17.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.17.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.17.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.17.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılma barədə təklif verirlər;

4.17.5. Şuranın qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.

4.18. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.19. İdarə Heyəti 5 (beş) üzvdən – İdarə Heyətinin sədrindən və digər üzvlərdən ibarətdir. İdarə Heyətinin sədrini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyətinin üzvlərindən biri eyni zamanda AİH-in idarə edilməsinə məsul olan Baş icraçı direktordur. İdarə Heyətinin digər üzvlərini, o cümlədən Baş icraçı direktoru İdarə Heyəti sədrinin təqdimatı əsasında Şura vəzifəyə təyin və vəzifədən azad edir.

4.20. İdarə Heyətinin iclası ayda azı 1 (bir) dəfə çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü və ya Şura çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir. İdarə Heyətinin iclasına münasibətdə bu Nizamnamənin 4.9-cu, 4.11-ci və 4.12-ci bəndlərində nəzərdə tutulmuş müddəalar tətbiq edilir.

4.21. İdarə Heyətinin sədri və Baş icraçı direktor müvəqqəti olmadıqda, onların səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.22. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.22.1. AİH-in fəaliyyətini təşkil etmək;

4.22.2. Şuranın qərarlarını icra etmək;

4.22.3. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;

4.22.4. aidiyyəti şəxslə dəyəri AİH-in aktivlərinin 5 faizinədək hissəni təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.22.5. AİH-in strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.22.6. bu Nizamnamənin 3.1.22-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.22.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;

4.22.8. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.22.9. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.22.10. Şuranın, İdarə Heyəti sədrinin və Baş icraçı direktorun səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.23. İdarə Heyətinin sədri:

4.23.1. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.23.2. Şuranın, İdarə Heyətinin və Baş direktorun səlahiyyətlərinə aid edilməyən digər məsələlər barədə qərar verir.

4.24. İdarə Heyətinin üzvləri:

4.24.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.24.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.24.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.24.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.24.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.25. Baş icraçı direktor:

4.25.1. AİH-in cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.25.2. öz təşəbbüsü ilə, İdarə Heyəti sədrinin, digər üzvünün və ya Şuranın təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.25.3. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.25.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində AİH-in Aparatının, idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.25.5. AİH işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.25.6. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, AİH-in, o cümlədən AİH-in idarə, filial və nümayəndəliklərinin işçilərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi haqqında qərarlar qəbul edir;

4.25.7. AİH-in saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunda nəzərdə tutulmuş mənbələrdən AİH-ə ayrılan vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;

4.25.8. Şura ilə razılaşdırmaqla, AİH-in mərkəzləşdirilmiş fondlarının yaradılması və onlardan istifadə barədə qərarlar qəbul edir;

4.25.9. AİH-in fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır və aidiyyəti üzrə təqdim edir;

4.25.10. AİH-in əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.25.11. AİH-in fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.25.12. AİH-in fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili əmrlər, sərəncamlar və göstərişlər verir;

4.25.13. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində AİH-in adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.25.14. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün tədbirlər görür;

4.25.15. AİH-in fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.25.16. AİH-in vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.25.17. AİH-də kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.25.18. AİH-də vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

4.25.19. Şuranın, İdarə Heyətinin və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

4.26. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. AİH-in nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. AİH-in nizamnamə fondu 10 000 000 (on milyon) manatdır.

5.2. AİH-in əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, ilkin mərhələdə fəaliyyətinin təşkili və saxlanılması xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır.

5.3. AİH öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. AİH qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra AİH-in, onun idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə olunmuş mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir. AİH-in mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Müşahidə Şurasının qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

5.5. AİH-in məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri (dövlət müəssisələrinin ödəyəcəkləri haqqın məbləği istisna olmaqla) tənzimlənən qiymətlərə aid deyildir.

6. AİH-in fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. AİH-in fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada AİH-in idarəetmə orqanları həyata keçirirlər.

6.2. AİH-in fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

7. AİH-də uçot və hesabat

7.1. AİH “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. AİH “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. AİH idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. AİH öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. AİH-in ləğvi və yenidən təşkili

AİH-in ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.


Вернуться назад