Nazir əvəzi narkotik istifadəçilərinin artmasının səbəbini açıqladı
- 23-08-2021, 14:21
- Cəmiyyət
- 0
- 194
“Son zamanlar narkomaniya ilə bağlı məsələ kəskinləşib. Bu da insanların 2 ilə yaxındır xroniki stres durumunda yaşamasından irəli gəlir”.
Bunu səhiyyə nazirinin birinci müavini Teymur Musayev Real TV-yə müsahibəsində deyib.
“Cavanlarımız xroniki stress durumundadır. Psixi durumu zəif olan, daxilən buna müqavimət göstərə bilməyən insanlar bu zəhərə düçar olurlar. Səhiyyə Nazirliyinin tabeliyindəki bütün narkoloji xəstəxanalar, narkoloji reabilitasiya mərkəzləri tam gücü ilə fəaliyyətdədir. Yeni müalicə üsulları tətbiq olunur. Bilirsiniz ki, bazarda yeni növ narkotik vasitələr peyda olub. İnsanlar çox asanlıqla onlara vərdiş qazanır və sonradan onların fəsadları çox ağır olur. Çox qısa bir müddətdə insan öz şəxsiyyətini və sağlamğlığını itirərək, dünyasını dəyişir.
Üzümü tutub demək istəyirəm ki, hər hansı bir ailədə belə bir insan varsa, əvvəlcə ailə üzvləri ona dəstək olmalı, müalicəsində kömək etməlidir. Bu, sırf tibbi problem deyil, sosial problemdir, ailə problemidir. Bu baxımdan ailə və yaxın çevrə bu cür insanlara dəstək olaraq onu lazımi müalicəyə cəlb etməkdə köməklik göstərməlidirlər. Bizim bütün müəssisələrdə keyfiyyətli müalicə tətbiq olunur, yüzlərlə insan bu bəladan sağalıb və hazırda reabilitasiya dövrünü yaşayır”.
Nazir müavini əlavə edib ki, istənilən halda ailəsi, çevrəsi tərəfindən normal, adekvat dəstək olarsa, narkotik aludəçisi olan insan bu bəladan qurtula bilir.