830 şəhidin kredit borcları silinib
- 22-12-2020, 15:00
- Cəmiyyət
- 0
- 292
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi, bununla da beynəlxalq hüququn norma və prinsipləri, tarixi ədalət bərpa edildi. Qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəltdi, bugünki və gələcək nəsillərin qürur mənbəyinə çevrildi.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılıb. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Ölkə prezidentinin tapşırığına uyğun olaraq AMB və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi bankların Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizin silinməsini təmin edib.
Eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub.
Bank olmayan kredit təşkilatları da bu prosesdən kənarda qalmayıb və onlar da qeyd olunmuş əhali qrupları üzrə kreditlərin tam silinməsini təmin edib.
Şəhidlərin ləğv prosesindəki banklar üzrə olan borcları da güzəştdən kənarda qalmayıb. Bu borc öhdəliklərinin silinməsi ilə bağlı məsələ bu günlərdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müzakirəsinə çıxarılacaq.
İntensiv hərbi əməliyyatların başlanmasından etibarən AMB şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara (və ya onların vərəsələrinə) sığorta ödənişlərinin operativ ödənilməsinin təmin olunması məqsədilə müvafiq dövlət qurumları - Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlayıb. Prosesin kompleks və ardıcıl idarə olunması üçün AMB-də işçi qrupu yaradılıb. Əməkdaşlıq şəraitində Ədliyyə Nazirliyinin şəhid olmuş hərbi qulluqçuların vərəsələrini qısa zamanda etməsi və onlara müvafiq təsdiqedici sənədlərin verilməsi təmin olunur. Eyni zamanda əlilliklə nəticələnən ağır bədən xəsarəti almış hərbi qulluqçulara müvafiq sənədlərin operativ verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edilir.
Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") daxili idarəetmə potensialı artırılıb, şirkət gücləndirilmiş iş rejiminə keçib, onun daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılıb, insan resursları artırılıb, təkrarlanan əməliyyatlar avtomatlaşdırılıb. Vətəndaşların fiziki qəbulu üçün müasir standardlara uyğun xidmətlər təşkil edilib, zənglərin qəbulu üçün telefoniya sistemi qurulub. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilib.
Şirkətin bütün rayonları əhatə edən filial şəbəkəsindən istifadə etməklə bütün şəhid ailələri ilə birbaşa əlaqə saxlanılır, sığorta ödənişi və əlaqədar sənədlərin əldə edilməsi ilə bağlı onlara məsləhət və əlaqədar dəstək xidmətləri göstərilir.
18 dekabr 2020-ci il tarixinə "Azərsığorta" 4 138 şəxsə ödəniş edib. Onlardan 751 nəfəri şəhidlərin vərəsələri, 3 387 nəfəri isə xəsarət alanlardır.