Azərbaycan əhalisinin sülhməramlılara münasibəti necədir?
- 22-12-2020, 13:56
- Cəmiyyət
- 0
- 228
Azərbaycan Respublikası Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sorğunun nəticələrinə əsasən əhalinin yarıdan çoxu (54.7%) hesab edir ki, bölgədə sülh həm Rusiya, həm də Türkiyə sülhməramlıları tərəfindən təmin edilə bilər.
Sorğunun nəticələrinə görə, bölgədə sülhün təminatçısı rolunda yalnız Türkiyə sülhməramlılarını görən respondentlərin göstəricisi 29.0%-dir.
Bu missiyanın beynəlxalq sülhməramlılar tərəfindən təmin ediləcəyini cəmi 4.5% respondent qeyd edib.
Yalnız Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edəcəyini respondentlərin 1.0%-i düşünür.
35.5% respondent Rusiya sülhməramlılarının bölgəyə gəlişinin nəticələrinin müsbət olacağını düşünür. Əsas motiv kimi (66.8%) bununla ermənilərin azərbaycanlılara qarşı təxribatının qarşısının alınacağı fikri yayılıb. İmzalanan müqavilənin şərtlərinin yerinə yetiriləcəyini 43.2% respondent qeyd edib.
44.6% respondent isə Rusiya sülhməramlılarının bölgəyə gəlişinin mənfi nəticələr doğuracağını hesab edir. Həmin respondentlərin əksəriyyəti (84.7%) Rusiya sülhyaradıcılarının daha çox ermənilərin maraqlarına xidmət edəcəyindən narahatdır. Narahatlığın ikinci səbəbi isə Rusiya sülhyaradıcılarının bölgəyə gəlişi ilə Qarabağda hərbi bazanın yaradılacağı ehtimalı ilə bağlıdır – 42.9%.
Diqqətçəkən məqam odur ki, 19.9% respondent bununla bağlı fikir bildirməkdə çətinlik çəkib.
Əhalinin 57.0%-i Türkiyə sülhməramlılarının bölgədəki postlarda Rusiya sülhməramlıları ilə birlikdə olması ilə ermənilərin qanunsuz (anti-konstitusion) fəaliyyətinin qarşısının alınacağını düşünür.
Rəyi öyrənilənlərin 49.6%-i hesab edir ki, imzalanan razılaşmanın şərtlərinin yerinə yetirilməsi təmin ediləcək.
Təxminən eyni sayda respondent (47.3%) Türkiyə hərbi kontingentinin sülhməramlıların tərkibində yer almasını bölgədə dayanıqlı və uzunmüddətli sülhün təminatı olaraq görür.
Bunun diplomatik mərhələdə Azərbaycanın ərazi bütövlüyünün bərpasını və mövqeyini gücləndirəcəyini 33.8% qeyd edib.