Ombudsmandan Şuşada meşələrin ağ fosforla yandırılması ilə bağlı HƏYƏCAN TƏBİLİ
- 6-11-2020, 10:46
- Cəmiyyət
- 0
- 288
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın törətdiyi ekoloji terror və Şuşa meşələrinin qəsdən yandırılaraq məhv edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Müraciətdə deyilir ki, BMT Baş Assambleyasının 2001-ci il 5 noyabr tarixli qətnaməsinə əsasən, hər il 6 noyabr tarixi Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü kimi qeyd olunur:
"Təəssüf hissi ilə bildiririk ki, ekoloji terror Azərbaycandan da yan keçməmiş, 30 ilə yaxın davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan dəymiş, ətraf mühitin məhvi və ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxarmışdır.
Ermənistan Respublikası silahlı qüvvələrinin hərbi fəaliyyəti və qadağan olunmuş silahlardan istifadəsi nəticəsində ətraf mühit fiziki və kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, burada mövcud olan müxtəlif nadir bitki və heyvan növləri məhv edilmiş, flora və faunaya külli miqdarda ziyan vurulmuşdur. Təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməkdədir.
Təsadüfi deyil ki, BMT Baş Assambleyası tərəfindən hələ 2006-cı ildə qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnaməsində işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmışdı.
Bununla yanaşı, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunub.
Bu müddət ərzində Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal altında saxlanılan ərazilərində təbii sərvətlər talan edilmiş, 163 faydalı qazıntı yatağı, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür, meşə örtüyü, nadir ağaclar və digər sərvətlər qanunsuz istismara məruz qalmışdır.
2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, sosial, mədəni və strateji əhəmiyyətli obyektləri ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutmaqla sülh və insanlıq əleyhinə cinayətlərini davam etdirirlər.
Cəbhə bölgəsindən uzaq məsafədə yerləşən yaşayış məntəqələrini və hərbi əməliyyatların iştirakçısı olmayan mülki əhalini hədəf almaq, çoxsaylı dinc sakinləri, o cümlədən uşaq və qadınları qətlə yetirmək, tarixi, mədəni və dini abidələri, qəbiristanlıqları belə ballistik raket və ağır artilleriyadan atəşə tutmaq Ermənistan hərbi birləşmələrinin törətdiyi cinayətlərin yalnız bir hissəsidir.
Azərbaycan Respublikasının rəhbər tutduğu mövqeyi isə BMT Nizamnaməsinin 51-ci maddəsinə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə və beynəlxalq humanitar hüquq normalarına əsaslanır.
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində 30 ilə yaxın həyata keçirdiyi ekoloji terrorun davamı olaraq hazırda Şuşa meşələrində zəhərli və çətin söndürülən maddələrdən istifadə etməklə qəsdən yanğınlar törədərək nadir meşə örtüyünü məhv etməkdə davam edir.
Hazırda ümumi sahəsi 8 000 hektardan çox olan, qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərdən ibarət unikal bir ekosistemin məhv edilməsi, əsasən endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vurmaqdadır. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması deməkdir. Ekspertlərin bildirdiklərinə görə ağ fosfor tipli bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir. Bu, ekoloji terrordur.
Qeyd olunan faktlara əsaslanaraq, 6 noyabr - Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ərəfəsində beynəlxalq təşkilatlara, o cümlədən ekoloji təhlükəsizliyin təmini və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edərək, Ermənistan tərəfindən törədilmiş və hal-hazırda davam etdirilən ekoloji terrorun dayandırılması, qarşısının alınması və gələcəkdə baş verməməsi üçün təcavüzkar ölkəyə münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırırıq".
Müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-ə, YUNESKO-ya, BMT-nin İqtisadi və Sosial Şurasına, BMT-nin İnkişaf Fonduna, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara göndərilib.