C.Əhmədov: “Ali Baş Komandan gələcək nəsillərin qəlbində əbədi bir qürur mənbəyi olaraq yaşayacaq!”
- 23-10-2020, 16:20
- Cəmiyyət
- 0
- 242
1992-ci ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidi və tələbi ilə Azərbaycanda hakimiyyətə gəldi. Bu gəlişi ilə Ümummilli Lider bütün xalqı bir yumruq kimi öz ətrafında birləşdirdi və müstəqil, suveren Azərbaycan dövlətini yaratdı.
Lakin hələ ilk müstəqillik dövrümüzdən bəri Azərbaycanın işğal olunmuş ərazilərindən bircə qarış belə olsun torpaq geri alınmamışdı. Nəhayət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ağır və şərəfli missiyanı öz üzərinə götürdü. Bu məqsədlə hakimiyyətdə olduğu illər ərzində dövlət başçımız çox mühüm xarici əlaqələr qurdu, güclü inkişafa nail oldu və qüdrətli ordu yaratdı. Bu gün isə cənab Ali Baş Komandan Azərbaycan xalqını öz ətrafında daha sıx birləşdirərək ölkəmizin ərazi bütövlüyünü bərpa edir.
Bu gün bütün dünya görür ki, erməni işğalçıları döyüş meydanında şanlı ordumuzun qarşısında duruş gətirə bilmədiklərindən xaincəsinə dinc əhalini hədəfə alırlar. Gəncənin, Tərtərin, Qəbələnin və digər şəhər və rayonlarımızın artilleriya və raket atəşinə tutulması bütün insanlıq əleyhinə törədilən cinayətdir. İslamda da var ki, bir nəfər günahsız insanı öldürmək bütün bəşəriyyəti öldürmək deməkdir. Lakin Paşinyan kimiləri bu həqiqətləri dərk edə bilməzlər. Ona görə də onların əsil cəzaları hələ bundan sonra veriləcək.
Bütün bu vəhşiliklərin müqabilində isə bizim Ali Baş Komandanımız torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarını da son dərəcə ədalətli və humanistlik prinsiplərinə uyğun şəkildə aparır. Dövlət başçımız dəfələrlə erməni xalqına öz övladlarını bizim torpaqlarımıza buraxmamaları ilə bağlı müraciət etdi. Erməni qoşunlarına döyüşsüz bizim ərazilərimizdən çıxıb getmək şansı verildi. Azərbaycan iki dəfə humanitar atəşkəs rejiminə razılıq verdi. Bütün bunlar onun göstəricisidir ki, Ali Baş Komandan cənab İlham Əliyev bütün qəlbi ilə Allaha bağlı olan böyük iman sahibidir və onun ürəyindəki Allah sevgisi, yürütdüyü rəhmani siyasət bütün dünya ölkələrinin rəhbərlərinə əsil nümunədir.
Ermənilərin bütün təxribatlarına baxmayaraq, hələ indiyədək Azərbaycandan Ermənistan ərazisinə bir güllə belə atılmayıb. Lakin erməni tərəfi bütün bu imkanları qətiyyən dəyərləndirə bilmədi. Buna görə də Azərbaycan ordusu cənab Ali Baş Komandanın qətiyyətli rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində hərbi əməliyyatları böyük uğurla davam etdirir. Artıq Azərbaycan torpaqlarının büs-bütün işğaldan azad ediləcəyi gün çox yaxındadır.
İllər keçəcək, bu günlər ölkəmizin tarixinə ən şanlı səhifələr kimi həkk olunacaq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev əsrlər boyu gələcək nəsillərin qəlbində əbədi bir qürur mənbəyi olaraq yaşayacaq!
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti,
Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti
Cəsarət Əhmədov