Hüseyn Əfəndiyev: Gücümüz birliyimizdir
- 11-10-2024, 10:12
- Cəmiyyət
- 0
- 38
Yasamal Rayon İcra Hakimiyyəti Başçısının I müavini Hüseyn Əfəndiyev - Böyük tarixi keçmişə və zəngin ənənələrə malik olan Azərbaycan xalqı taleyin sınaqlarından hər zaman alnı açıq, üzü ağ çıxmağı bacarıb. Bu baxımdan XX əsrin sonu və XXI əsrin əvvəllərində yaşadığımız hadisələr də istisna olmadı. 30 ilə yaxın müddətdə Vətən torpaqlarımız erməni işğalı altında qalsa da, iradəmiz əyilmədi, ruhumuz sarsılmadı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gəldi. Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinə dünya ictimaiyyətinin susqunluğu, bəzi Qərb dairələrinin Cənubi Qafqaza yanaşmasındakı ikili standartları Azərbaycan xalqını və dövlətini haqq yolundan döndərə bilmədi. Əksinə, xalqımız öz dövlət başçısının ətrafında daha da sıx birləşdi və tam əmin idi ki, haqq-ədalətin bərpa olunacağı gün uzaqda deyil.
Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə çox vətənpərvər bir gənclik formalaşdı. Dövlət başçısı ordumuzun gücləndirilməsi istiqamətində yorulmadan çalışdı. Ən müasir silahlarla təchiz edilərək qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək gücünə malik Azərbaycan Ordusu cəmi 44 günə düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Eyni zamanda, 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri şanlı ordusunun nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Düşmən ağ bayraq qaldıraraq təslim oldu.
Prezident İlham Əliyev 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərindəki nitqində yaxın tariximizə qısa ekskurs edərək yaşadığımız siyasi proseslərin dolğun və məntiqli şərhini verdi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərə toxunan dövlət başçısı qeyd etdi ki, Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdır. Bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər.
Bu gün xalqımız Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək növbəti qələbələrə doğru qətiyyətli addımlar atır. Biz tarixi Zəfərimizi məhz sarsılmaz birliyimiz sayəsində öz qanımız, canımız bahasına əldə etmişik.