BANM-in məzunu “Extra Mile Technologies” şirkətinin təsisçisidir
- 14-08-2024, 01:19
- Cəmiyyət
- 0
- 44
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisası üzrə məzunu, ali məktəbin böyük mühəndisi Elmar Əsgərzadə “Euronews” telekanalına müsahibə verib.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
O, “Extra Mile Technologies” MMC şirkətinin təsisçisidir. Onun sintez etdiyi məhsul sürtünən metal səthlər arasında mikroskopik itələmə qüvvəsi yaradaraq sürtünmə əmsalını minimuma endirir. Həmin məhsuldan mühərrik və sənaye yağlarının tərkibində istifadə olunur. Yaradılan texnologiyanın keyfiyyəti dünyanın ən böyük enerji şirkətlərindən biri tərəfindən çoxsaylı testlər nəticəsində təsdiqlənib.
Elmar Əsgərzadə “Euronews”a məhz bu startap şirkəti, eləcə də BANM-dəki fəaliyyəti barədə danışıb. Bununla yanaşı, startap şirkəti ilə ABŞ Dövlət Departamentinin təşkil etdiyi “GIST's Business Incubation” proqramını bitirib, “EIT Climate-KIC | Maritime ClimAccelerator” və “US Market Access Center Inc” (USMAC) akseleratorlarını uğurla keçib. Startap yarışları, qrantlar və investisiyalar daxil olmaqla, 140 min dollar şirkətə yatırım cəlb edib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb. İnnovasiya və sahibkarlıq kateqoriyasında qalib olub. Həmin ildən etibarən BANM-in rektoru Elmar Qasımovun dəvəti ilə ali məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzində elmi əsaslı startapların yaradılmasına mütəxəssis dəstəyi göstərir. Mentorluq etdiyi bir çox yerli və xarici müsabiqələrdə layihələr yüksək nəticələr əldə edib. Habelə Avropanın ən böyük yaşıl texnologiyalar proqramı olan “Startupbootcamp”da beynəlxalq mentor olaraq fəaliyyət göstərir.
ABŞ, İngiltərə, Türkiyə, Sloveniya, Özbəkistan, Gürcüstan, Filippin və Banqladeş kimi ölkələrdə müxtəlif innovasiya ilə əlaqəli proqram, konfrans və yarışlarda iştirak edib.
Müsahibə ilə linkdə tanış olmaq mümkündür.