Ruslan Həsənov: Dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər
- 7-01-2024, 14:49
- Cəmiyyət
- 0
- 225
102xeber.az saytının Təsisçisi Baş Redaktoru Hacı Ruslan Həsənov - Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi 2023-cü il Prezidentin Sərəncamına uyğun olaraq “Heydər Əliyev ili” elan edilmişdi. 2023-cü il çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilərək Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətləri geniş təhlil edildi, indiki və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atıldı. 2023-cü ildə Azərbaycanın çoxəsrlik tarixinə növbəti Zəfər səhifələri yazıldı. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev bildirdi ki, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü il aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Sentyabrın 19-20-də aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistanın ərazilərimizdəki qeyri-qanuni hərbi mövcudluğuna son qoyulması ilə bölgədə sülh və təhlükəsizlik bərqərar edildi. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Və Azərbaycanın suverenliyi tam bərpa olundu. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı.
Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızın ucalması xalqımıza növbəti dəfə qürurlu anlar yaşatdı. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində Prezident İlham Əliyev şəhidlərimizi dərin ehtiramla anaraq bildirdi ki, onların qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alındı. Zəfərimizin üçüncü ildönümündə - 8 noyabr tarixində Xankəndi şəhərində hərbi parad keçirildi. Tariximizə yazılan zəfər səhifələri bunlarla bitmədi. Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi həyata keçirilən uğurlu, rasional, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara cavab verən strateji kursun məntiqi nəticəsidir. Azərbaycanın hərbi gücünün, iqtisadi potensialının, qlobal arenada siyasi nüfuzunun və çəkisinin artması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyin, xalq-Lider birliyinin təmin olunması ərazi bütövlüyümüzün bərpasında, tarixi qələbənin qazanılmasında həlledici amil olub. 2023- cü ildə “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində bərpa-quruculuq işləri və köç prosesi davam etdi. Qarabağ və Şərqi Zəngəzurun bu gün böyük tikinti meydançasına çevrildiyini qeyd edən Prezident İlham Əliyev şəhərlərimizin, kəndlərimizin yenidən qururulmasından və artıq 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmasından da bəhs etdi. 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər artıq öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Ötən il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdılar - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib. Prezidentin müraciəti müharibədən sonrakı dinc quruculuq dövründə Azərbaycan dövlətinin konkret və aydın planlarının olduğuna, onların ardıcıl surətdə həyata keçirildiyinə bir daha əminlik yaratdı. Prezident İlham Əliyev xalqa təbrikində yeni müjdələr də verdi. Bu müjdə ondan ibarətdir ki, yeni qədəm qoyduğumuz 2024-cü ildə azad olunmuş bir sıra yaşayış məntəqələrinə keçmiş köçkünlərin qayıdışı təmin olunacaq.
Prezident İlham Əliyev 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində mühüm mesajlar verdi, zəruri məqamlara toxundu. Əminik ki, həmrəyliyimiz 2024-cü ilin hədəflərinin də reallığa çevrilməsində öz sözünü deyəcək. Bütövlükdə, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa builki müraciətini əminliklə Azərbaycanın növbəti qürur səhifəsi, gücümüzün ifadəsi, birliyimizin və həmrəyliyimizin rəmzi hesab edə bilərik. Sözü imzası qədər dəyərli olan güclü Liderin, müzəffər Ali Baş Komandanın vurğuladığı kimi: “Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.
Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.”