Qəhrəman Qələndərov: Heydər Əliyevin cəsarətli mövqeyi
- 25-09-2023, 10:38
- Cəmiyyət
- 0
- 199
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin direktoru Qəhrəman Qələndərov - Kimliyimizin təqdimatı olan Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi, zənginləşməsi Ümummilli Lider Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin nəticəsidir. Ulu Öndər Azərbaycan dilinin inkişaf etməsi, onun insanların mənəvi-əxlaqi və siyasi dünyagörüşünün əsasına çevrilməsi, cəmiyyətimizdə layiqli yer tutması üçün nə etmək lazım olduğunu çox yaxşı bilirdi.
70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Ümummilli Lider özünün zəngin siyasi təcrübəsi, yüksək intellektual qabiliyyəti, milli mədəniyyətimizi, mənəvi meyarlarımızı dərindən bilməsi sayəsində milli dilin inkişafına və tətbiqinə şərait yaratmışdır. Azərbaycan dilinin dövlət dili statusu qazanması Onun fəaliyyətinin əsasında dayanaraq bu istiqamətdə göstərdiyi səylər, fədakarlıq öz müsbət nəticəsini vermişdir. Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycan hakimiyyətinə qayıdışından sonra da Azərbaycan dilinin qorunması prioritet olmuşdu. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşımışdır. Bu sənəd dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Onun Azərbaycan dilinin inkişafı, saflığının qorunması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Günümüzün əsas çağırışı gənclərimizin milli ruhda tərbiyəsidir. Azərbaycançılığın əsas tərkib hissələrindən biri məhz dilimizin qorunmasıdır. Dilimizi sevdirmək üçün onu sevməliyik. Ümummilli Liderin “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur.