17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür - Dr. Dilqəm Məhərrəmov
- 17-06-2023, 23:10
- Cəmiyyət
- 0
- 267
Bu münasibət ilə Baku Medical Plazanın Plastik, estetik, rekonstruktiv cərrahı PhD Dr. Dilqəm Məhərrəmovu 102xeber.az-ın rəhbərliyi və kollektivi adından təbrik edirik və işlərində uğurlar arzulayırıq.
Baku Medical Plazanın Plastik, estetik, rekonstruktiv cərrahı PhD Dr. Dilqəm Məhərrəmov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Dilqəm Məhərrəmovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Dilqəm Məhərrəmov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün ilk səhiyyə və sosial təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.
Bir əsrdən çox müddətdə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə 800-ə yaxın artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə əlaqədar görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.
Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.
Yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Son üç ildə Azərbaycan tibb işçiləri hər iki sınaqdan uğurla çıxıblar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərdi. Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub.
Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.
Baku Medical Plazanın Plastik, estetik, rekonstruktiv cərrahı PhD Dr. Dilqəm Məhərrəmov - Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Ulu Öndər Heydər Əliyevin bu müdrik sözləri siyasi, fəlsəfi və tarixi təhlillər zamanı bir daha öz təsdiqini tapır. Yaxın zamanlarda 105-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq taleyi hər bir müstəqil Azərbaycan vətəndaşı üçün öz dövlətinin müstəqilliyini qorumaq, milli-mənəvi dəyərlərə sahib çıxmaq naminə əsas olmalıdır.
Biz bu il müstəqilliyimizin bərpasının 32-ci ildönümünü, Milli Qurtuluşumuzun isə 30 illik yubileyini qeyd edəcəyik. Bilirsinizmi, cəmi iki yaşında bir dövlətin, dövlətçiliyin qurtuluşa ehtiyac duyması, öz gələcəyini xilas etmək üçün mübarizə aparması, torpaqlarının işğalını dayandırması və otuz il bu işğalla mübarizə aparması indi hər kəsə asan görünə bilər. Lakin bu ölkədə bir nəsil öz gəncliyini, öz uşaqlığını və ya ahıl zamanını məhz bu keşməkeşli dövrə həsr etmiş, bu ağır vəziyyətdən çıxmaq üçün mübarizə aparmışdır.
Bu, mübahisəsiz aksiomdur ki, əgər Ulu Öndər Heydər Əliyev tərəfindən Milli Qurtuluş gerçəkləşdirilməsə idi, Azərbaycan Respublikasını da Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq taleyi gözləyirdi. Özü də bu dəfə hadisələr daha dramatik bir süjet xətti ilə davam etməkdə, daxili və xarici düşmənlər öz təzyiqlərini artırmaqda idilər. Torpaqlarının bir hissəsi işğal olunmuş, hər gün şəhid gələn bir cəmiyyət idarəolunmaz vəziyyətdə idi. Birinci Qarabağ müharibəsində şəhid olanlara o zamankı hakimiyyətin lazımi qiymət verməməsi, qayğı, hörmət göstərməməsi nəticədə cəmiyyətdə ordudan yayınmalara və torpaqların işğalına gətirib çıxarırdı.
Düşünürəm ki, 4 iyun 1993-cü ildə Gəncədə baş verən hadisələrin böyük tarixi araşdırmalara ehtiyacı var. Bəzi ekspertlər hesab edirlər ki, Gəncədə baş verənlər hərbi qiyam idi və yaxud da hakimiyyətin dəyişməsi üçün səbəb. Hətta Gəncədə baş verənləri dövlət çevirilişinə cəhd də adlandıranlar var. Yanaşmaların fərqli olması anlaşılandır. Lakin üstündən 30 il keçdikdən sonra və vəziyyəti doğru təhlil edərkən görürsən ki, əslində Gəncə hadisələri nəticə idi. Üç il ərzində dövləti o zaman idarə edənlərin yaramaz, vətəndaşını düşünmədən atdığı addımlarına qarşı etirazın kulminasiya nöqtəsi idi. Axı onsuz da dağılmış iqtisadiyyat, cəmiyyətin bir gecədə - 20 Yanvar hadisələri fonunda Sovetlər ölkəsinə qarşı itmiş etimadı, işğal altında qalan torpaqlar az imiş kimi, o zamankı hakimiyyətdə olanların özbaşınalıqları da davam edirdi. Yəni əgər normal dövlət idarəetmə institutu olsa idi, hadisələri təhlil edən mərkəzlər əslində Gəncədə və ya başqa bir yerdə hakimiyyətə qarşı ayaqlanmaları öncədən görə bilərdi. Gəncə hadisələri birmənalı o dövrlər baş verənlərin məntiqi nəticəsi və etirazın kəskin ifadəsi idi. O zaman demokratik yollarla insanlar öz etirazlarını ifadə edə bilmirdilər.
Böyük mütəffəkir Nizami Gəncəvi deyir ki, yaxşı palançı olmaq, yalançı papaqçılıqdan daha üstündür. Dövlət idarəçiliyindən xəbəri olmayan prezident, aspiranturanı bitirə bilməyən baş nazir, iclası idarə etmək iqtidarında olmayan parlament sədri və sair. Anlayıram ki, müstəqilliyi uzun zaman sonra dadan xalq, cəmiyyət bir müddət addımlarını çətin ata bilər. Lakin o zamankı hakimiyyətin səriştəsizliyi az qala müstəqilliyin itirilməsi ilə nəticələnəcəkdi. Nə birinci prezident Ayaz Mütəllimov, nə də Əbülfəz Elçibəy o dövrün çağırışlarını dərk edə bilmirdilər. Meydanda xalq kütlələri tərəfindən qazanılmış azadlığı, qələbəni dövlət idarəetməsinə transformasiya edə bilmədikləri üçün vəziyyət hər gün daha da kəskinləşirdi. Hakimiyyət səlahiyyətlərini yerinə yetirmək üçün məsuliyyət daşıyan şəxslər həm hazırlıqlı, həm də yerində deyildilər. Əslində, çıxış yolunu özləri də bilirdi. Xilas bir yöndə idi, xilaskar bir nəfər idi.
Yalançı ordu birləşmələri, yerlərdə “bəylik” edən məmurlar, parlamentdə qeyri-sabit və əxlaq normalarından kənar iclaslar dövləti çox çətin vəziyyətə salmaqda idi. Naxçıvanda isə Bakıda ölümlə təhdid etdikləri Heydər Əliyev yenidən Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərinə həyat verir, orada müstəqil Azərbaycanın gələcəyini müəyyənləşdirirdi. Bir yol var idi. O da Ulu Öndəri Bakıya dəvət etmək. Lakin onun ədalətinə, qətiyyətinə və dövlət idarəetmə qabiliyyətinə yaxşı bələd olan keçmiş hakimiyyət mənsubları ondan sözün bütün mənalarında qorxurdular. Axı Ümummilli Liderin xalq tərəfindən sevildiyini və hakimiyyətə qayıdacağını təxmin etmək o dövr üçün elə də çətin deyil idi. Xalqın iradəsinə qarşı gedənlər, xalqı yox sayanlar, xalqın öz oğluna qadağalar qoyanlar xalqı uçuruma aparanlar idilər.
Ömrünün ahıl çağında Heydər Əliyevə hakimiyyət gərək deyil idi. O dövrdə istər Moskvada, istərsə də daha sonra Naxçıvanda rahat, sakit həyat tərzini davam etdirə bilərdi. Lakin situasiya ölkəni siyasi, ideoloji, ictimai, iqtisadi baxımdan iflic vəziyyətinə salmışdı. Xalqın Heydər Əliyevə ehtiyacı var idi. Qarşısı alına bilməyən xaos və anarxiya, hakimiyyətdaxili çəkişmələr pik həddə çatmışdı.
Ayrı-ayrı qruplar “mərkəzi hakimiyyət”ə tabe olmaq istəmirdilər. Vahid komandanlıq yox idi. Əslində hakimiyyət anlayışının özü belə yox idi. Belə bir vəziyyətdə hakimiyyətin mənbəyi olan xalq öz funkisional və tarixi əhəmiyyətə malik vəzifəsini operativ şəkildə yerinə yetirdi. O zamankı hakimiyyət, xüsusi ilə prezident Əbülfəz Elçibəy yaxşı anlayırdı ki, meydanı idarə etməklə dövləti idarə etmək eyni deyil. O, bu məqamı anladı anlamağına, amma çox gec anladı. O zaman anladı ki, özünün Qarabağ üzrə xüsusi nümayəndə vəzifəsinə təyin etdiyi, Milli Qəhrəman adı verdiyi Surət Hüseynov dırnaqarası ordusu ilə Bakıya doğru irəliləyir, bütün hakimiyyət nümayəndələrini Prezident Aparatının önündə cəzalandıracağını deyirdi. İndi dərindən düşünəndə o qənaətə də gəlmək olar ki, hakimiyyət nümayəndələri özlərini, öz təhlükəsizliklərini xalqın gələcəyindən üstün tutublar. Çünki, Ulu Öndər hakimiyyətə gəlməsə idi, çox böyük ehtimal ki, hakimiyyətin güç yolu ilə devrilməsi baş verəcək və Surət Hüseynov məhkəməsiz başda o zamankı prezident olmaqla bütün hakimiyyət nümayəndələrini cəzalandıracaqdı. Hakimiyyətin özbaşınalığından cana gəlmiş xalq baş verən hadisələrə elə də ciddi reaksiya verməyəcəkdi. Yəni, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması müasir tariximizi həm də böyük bir rüsvayçılıqdan xilas etdi.
Ölkəmiz müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşmişdi. Belə bir vəziyyətdə səbri tükənmiş Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, o biri tərəfdən özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən AXC—Müsavat rejimi xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi. 15 iyun 1993-cü ildə Milli Qurtuluşu Heydər Əliyevin timsalında Azərbaycan xalqı gerçəkləşdirdi. Milli Qurtuluş məfkurəsi Azərbaycan xalqının müstəqilliyini, gələcəyini və inkişafını təmin edən əsas ideya mənbəyidir.
Bu gün qalib ölkənin qürurlu vətəndaşları olaraq geriyə dönüb tarixi hadisələri təhlil etdiyimiz zaman Azərbaycan xalqının 30 il əvvəl ən çətin zamanda belə müdrik qərarlar verdiyinə şahid oluruq. Bəli, bu otuz ildə müstəqillik yolumuz heç də hamar olmamış və biz müstəqilliyimiz üçün çox sayda qurbanlar vermişik. Lakin yolumuzdan dönməmişik. İndi çox böyük fəxarətlə deyə bilərik ki, Naxçıvanda soyuq, qaranlıq otaqlarda Ulu Öndər Heydər Əliyev tərəfindən yandırılan Milli Qurtuluş məşəli indi işğaldan azad olunmuş Şuşada, Ağdamda, Laçında və digər torpaqlarımızda dalğalanan şanlı üçrəngli bayrağımıza işıq salır. Milli Qurtuluş məşəli öncə xalqımızı, sonra işğal olunmuş Qarabağı, Şərqi Zəngəzuru xilas etdi. İndi isə ən ali məqsədimiz Ulu Öndərin yolu ilə inamla və İlhamla öz tarixi torpaqlarımıza doğru irəliləmək və orada xalqımızın layiq olduğu həyatı təmin etməkdir.