Niyazi Nəcəfov: Gələcək inkişafın əsası
- 11-06-2023, 11:15
- Cəmiyyət
- 0
- 202
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan Şəhər Komitəsinin sədri Niyazi Nəcəfov - 15 iyun tarixi iki mühüm hadisə ilə tarixə çevrilib. 1993-cü il 15 İyun tarixi Milli Qurtuluş Günü kimi bayramlarımız sırasına daxil oldu. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın böyük faciələrdən, təhlükələrdən xilası oldu. 2021-ci il 15 İyun-Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşa zəngin tarixə malik olan Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin rəsmiləşdirilməsinə şahidlik etdi. İmzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafının əsasına çevrildi. Bu sənəd Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə əlaqələrinin müxtəlif istiqamətlər üzrə inkişafında yeni bir mərhələnin başlanğıcı oldu.
Azərbaycan-Türkiyə əlaqələri müttəfiqlik nümunəsidir. Qeyd etdiyimiz kimi, bütün sınaqlardan şərəflə çıxmış, zəngin tarixə malikdir. İki dost ölkənin ortaq etnik kökləri, mədəniyyəti, dili, dini, milli dəyərləri, milli maraqları var. Tarixən bir-birinə dayaq olmaları bu birliyi, qardaşlığı, müttəfiqliyi təmin etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti, həyata keçirdikləri siyasət iki qardaş dövlət üçün deyil, həm də türk dünyasi, region və dünya üçün önəmlidir.
Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilir. Həmin çinarın kölgəsi həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ neft-qaz layihələrinin ardınca iqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan BTQ dəmir yolunun istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin icrasının tam şəkildə başa çatdırılması kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır.
Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Sülhə və inteqrasiyaya yol açır. Bu sənəd əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq. Bəyannamə, eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzunu artırır. Sənəddə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin mövqeyini daha da möhkəmləndirəcək. Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını, dostluğunu, müttəfiqliyini bütün dünyaya çatdıran bir mesajdır.