Xuraman Behbudova: Tarixə yazılan 5 il
- 11-04-2023, 15:27
- Cəmiyyət
- 0
- 260
Hüseyn Axundov adına Qobu 3№li tam orta məktəbin direktoru Xuraman Behbudova - 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində seçicilərin 84 faizindən çoxunun səsini qazanan cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Respublikamızda böyük islahatlara start verildi, dayanıqlı, çevik iqtisadi layihələrin əsası qoyuldu.
Prezident İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib. Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzu artmış, iqtisadi cəhətdən ölkəmiz güclü, qüdrətli dövlətə çevrilmiş, vətəndaşlarımızın həyat və yaşayış səviyyəsi yüksəlmiş, Azərbaycanın milli maraqları dövlət siyasətinin prioritetinə çevrilmişdir.
2018-ci il prezident seçkilərində vətəndaşlarımız ölkəmizdə həyata keçirilmiş böyük naliyyətlərə və gələcək daha xoşbəxt həyata səs vermişdilər. Dünyada baş verən siyasi münaqişələr, iqtisadi böhranlar fonunda Azərbaycan stabil və inkişaf edən ölkəyə çevrilmişdir.
Seçkiləri müşahidə edən bütün yerli və xarici ölkələrin nümayəndələri, beynəlxalq təşkilatlar seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və çox şəffaf keçirilməsi barədə müsbət rəylər söyləmişlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2018-ci illərdə BMT, AŞ, NATO və bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın irəli sürdüyü təkliflər böyük rəğbətlə qarşılanmış və qəbul edilmişdir. Prezident İlham Əliyevin "Ancaq güclü iqtisadiyyatı olan ölkələr müstəqil siyasət apara bilər" fikri hər zaman öz təsdiqini tapmışdır. 2003-2018-ci illərdə Azərbaycan iqtisadiyyatı dünyada rast gəlinməyən sürətlə inkişaf etmişdir. Ümumdaxili məhsul 3,2, büdcə gəlirləri isə 13,5 dəfə artmışdır. İqtisadiyyatın bütün sahələrində yüksək artım qeydə alınmışdır. 2 milyona yaxın yeni iş yerlərinin yaradılması əhalimizin həyat səviyyəsini dəfələrlə yüksəltmişdir. Ölkəmizdə idmanın inkişafına və gənclərimizin sağlam böyüməsinə böyük diqqət ayrılmışdır. Müasir tələblərə cavab verən 43 Olimpiya kompleksi tikilib istifadəyə verilmişdir.
Azərbaycanda böyük infrastruktur layihələr həyata keçirilmişdir. Azərbaycan elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində ölkəmiz dünyada ən çox islahat aparan 10 ölkədən biri olmuşdur.
Azərbaycanda neft-qaz sektorunda böyük layihələrin icrası başa çatdırılmış və beynəlxalq əhəmiyyətli yeni layihələrin təməli qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilməklə ölkə iqtisadiyyatımıza böyük gəlirlər gətirdi. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı təbii qaz ixrac edən ölkəyə çevirdi. 2018-ci ildə Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP qaz boru xəttinin açılışı oldu. Həyata keçirilmiş bu uğurlu layihələrin nəticəsində bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır.
Prezident İlham Əliyev ölkəmizdə milli həmrəyliyin möhkəmləndirilməsində və xalqın milli ideologiya ideyası ətrafında birləşməsində misilsiz xidmətlər göstərmişdir.
2003-2018-ci illərdə Azərbaycan Ordusunun güclənməsi və ordumuzun müasir silahlarla təmin olunması istiqamətində böyük işlər görülmüşdür. 2016-ci ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun güclü bir ordu olmasını göstərdi. Aparılan iqtisadi islahatların və məqsədyönlü daxil və xarici siyasətin nəticəsində Azərbaycan iqtisadi, siyasi və hərbi cəhətdən güclü bir dövlətə çevrildi. Bu vəhdətin uğurlu məntiqi olaraq Azərbaycan Ordusu 44 günə 30 ilə yaxın işğalda olan torpaqlarımızı işğaldan azad etdi.
Son 10 ildə dünyada qlobal maliyyə böhranının yaşanmasına baxmayaraq ölkəmiz iqtisadi artıma nail olmuşdur. 2014-2015-ci illərdə dünyada neftin qiymətinin 3 dəfəyə qədər azalması və 2020-ci ilin əvvəllərindən başlamış pandemiya böhranından bir çox ölkələr əziyyət çəksə də Azərbaycanda iqtisadi stabillik qorunmuşdur. Qeyri-neft sektoru, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı artmışdır. Azərbaycanda səhiyyə, təhsil sistemində də böyük nailiyyətlər əldə olunmuşdur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan siyasi və iqtisadi sahələrdə dünyanın güc mərkəzinə çevrilmişdir.