Erməni silahlı birləşmələri Qarabağı dərhal və birdəfəlik tərk etməlidirlər
- 15-08-2022, 07:30
- Cəmiyyət
- 0
- 248
Artıq xəbər verildiyi kimi, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağsu və İsmayıllı rayonlarına səfər etmişdir. Hər zaman olduğu kimi, dövlət başçısının bu səfəri də bir sıra mühüm tədbirlərlə əlamətdar olmuşdur. Məlum olduğu kimi xüsusilə son illər Azərbaycanın regionlarında aparılan abadlıq-quruculuq işləri getdikcə daha geniş vüsət almaqdadır. Ölkə Prezidentinin bölgələrə etdiyi müntəzəm səfərlər də bütün bu işlərin birbaşa dövlət başçısının xüsusi nəzarətində olduğundan xəbər verir. Qeyd etmək lazımdır ki, bütün digər bölgələrdə olduğu kimi, son illər Ağsu və İsmayıllı rayonlarında da bir sıra irimiqyaslı infrastruktur layihələri icra edilib. O cümlədən, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən yuxarı təmin olunub, Ağsu rayonunda isə bu göstərici 100 faizə yaxındır. Hər iki rayonun elektrik enerjisi ilə təchizatı tam təmin edilib. Ağsuda və İsmayıllı şəhərlərində 160 çarpayılıq xəstəxana tikilərək sakinlərin istifadəsinə verilib, 100-ə yaxın yeni məktəb binası inşa edilib və ya əsaslı şəkildə təmir olunub.
İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Ölkə Prezidenti cənab İlham Əliyev bütün bu məsələlərə toxunaraq detallı məlumatlar təqdim edib. Həmçinin dövlətimizin başçısı ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı görülən tədbirlər barədə də önəmli açıqlamalar verib. İlk növbədə ölkənin istehlak bazarında son vaxtlar müşahidə olunan müəyyən qiymət artımı ilə bağlı fikirlərini bildirən Ölkə Prezidenti qeyd edib ki, ölkənin ümumi daxili məhsulunun əksər hissəsini həm yerli, həm də xarici şirkətlərin təmsil olunduğu özəl sektor formalaşdırdığından dünyada gedən iqtisadi proseslər Azərbaycana da təsirsiz ötüşmür. Ölkəmiz hələ ki, özünü ərzaq məhsulları ilə tam təmin edə bilmir. Məsələn, bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Bu isə o deməkdir ki, tələbatın qalan hissəsi idxal hesabına ödənilir. Buna görə də dünyada ərzaq məhsullarının qiyməti qaldıqda bu proses ölkəmiz üçün qaçınılmaz olur. Lakin növbəti bir neçə il ərzində Azərbaycan özünü əksər ərzaq məhsulları ilə 100 faiz təmin edə biləcək. Təəssüflər olsun ki, bunu ərzaqlıq buğda üçün deyə bilmirik. Belə ki, Azərbaycan bu gün taxıla olan ehtiyacını əsasən Rusiyadan idxal hesabına ödəyir. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi isə hər iki ölkədən idxal məsələlərini xeyli əngəlləyir. Buna görə də bir çox ölkələr hazırda taxıl qıtlığı ilə üz-üzə qalıblar. Lakin Azərbaycan belə bir problem yaşamır. Məsələ bundadır ki, vaxtında görülmüş tədbirlər, əldə olunmuş razılaşmalar sayəsində ölkəmizə həm taxılın, həm də gübrə məhsullarının idxalı fasiləsiz davam edir. Eyni zamanda da, buna paralel olaraq Azərbaycan dövləti bütün mümkün problemlərdən sığortalanmaq üçün əməli işlər görür. Növbəti illərdə əkin sahələrindən daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində məhsuldarlıq xeyli artacaq. Azad edilmiş torpaqlarda, Qarabağda və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişaf etdirilməsi də ölkənin ərzaq təhlükəsizliyinin tam təmin edilməsinə mühüm töhfələr verəcək.
Əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin müsahibəsində ən çox diqqəti cəlb edən məqamlardan biri də siyasi aspektə səsləndirdiyi fikirlər idi. Azərbaycan İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar yaradıb və Ermənistan istəsə də, istəməsə də bu reallıqları qəbul etməlidir. İlk növbədə erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidirlər. Bu, Ermənistanın 10 noyabr 2020-ci ildə imzaladığı Üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərdən biridir və Ermənistan hökuməti bunu təmin etməyə məcburdur. Avqustun 3-də keçirilimiş “Qisas” əməliyyatı da bir daha göstərdi ki, Azərbaycanın qarşı tərəfi buna məcbur etmək üçün bütün imkanları və gücü kifayət qədərdir. Möhtərəm dövlət başçımızın dediyi kimi, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdırlar. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim Azərbaycana mane ola bilməz.
Həmçinin 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, Ermənistanı Xankəndi ilə birləşdirən yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Qeyd edək ki, bu bəndin üçtərəfli Bəyanata daxil edilməsi də birbaşa Azərbaycan Prezidenti cənab İlham Əliyevin təkidi ilə baş vermişdir. Çünki bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Dövlət başçımızın dediyi kimi, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması Cenevrə konversiyalarının qaydalarına ziddir və hərbi cinayətdir. Azərbaycan buna nail olacaq və Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqlar. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların heç bir xüsusi statusu və müstəqilliyi barədə söhbət gedə bilməz. Bu insanların hüquqları və təhlükəsizliyi isə Azərbaycan dövləti tərəfindən təmin ediləcək.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri