Qara Abdullayev: Xalqımızı nicata aparan yolun başlanğıcı
- 10-06-2022, 00:00
- Cəmiyyət
- 0
- 178
Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev - XX əsr Azərbaycana çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcədə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Lakin bu insanların içərisində elə bir şəxsiyyət var ki, Azərbaycan deyəndə ilk onun adı yada düşür. Təbbi ki, bu şəxsiyyət xalqın xilaskar oğlu- Ulu Öndər Heydər Əliyevdir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə etsə də, ancaq bu müstəqilliyin sonu çox da uzaq görünmürdü. Müstəqillik əldə etdiyimiz cəmi iki il ərzində ölkədə hərc-mərclik, özbaşınalıq hökm sürürdü. Öz şəxsi maraqları naminə Azərbaycan dövlətçiliyinə qarşı təhlükəyə çevrilən neqativ qüvvələrin baş qaldırması etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı. Məhz belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyev xalqın istəyi ilə yenidən hakimiyyətə qayıtdı. Əslində heç ortada bir hakimiyyət də yox idi. Ölkənin müxtəlif ərazilərində silahlı birləşmələrin özbaşınalığı hökm sürürdü. Ancaq Ümummilli Liderin yenidən siyasi rəhbərliyə qayıdışı ilə ölkəmizi bir çox təhlükələrdən – siyasi və iqtisadi böhrandan, xaos və anarxiyadan, parçalanmaq və məhv olmaqdan, vətəndaş müharibəsindən xilas etdi.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıtması xalqımızı nicata aparan yolun bilavasitə başlanğıcı oldu. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider bütün fəaliyyəti dövründə xalqının xilaskarı missiyasını şərəflə yerinə yetirmişdir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür.
Ümummilli Liderin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. Həmçinin ölkəmizdə siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının sərbəst nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verdi.
Bir vaxtlar xalqı uçuruma aparan hakimiyyətpərəstlər ölkədə sabitliyin yarandığını görüb “Müxalifət”adı altında yenidən Ulu Öndərə qarşı“ mübarizə aparmağa çalışırdılar. Ancaq xalq öz xilaskar oğlunun ətrafında bir yumruq kimi birləşmişdi. O yumruq ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarını yaşadan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmənin başını əzən zərbəyə çevrildi.
Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalan cənab İlham Əliyev səbəbkarı olmadığı işğalın xilaskarı oldu.
Nə qədər Azərbaycan var, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq.