Aqiyə Naxçıvanlı: Ulu öndər Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bütün ağır sınaqlardan uğurlu çıxışını təmin etdi
- 4-05-2022, 14:49
- Cəmiyyət
- 0
- 161
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi tarixi dövrün hər iki mərhələsi, həm 1969-1982-ci, həm də 1993-2003-cü illər, ölkəmiz adına qazanılan böyük uğurlar və əldə edilən nailiyyətlər baxımından olduqca oxşardır. Xüsusilə demək lazımdır ki, Azərbaycan dövlətinin mövcudiyyətinin təmin edilməsi baxımından həyati önəm kəsb edən Heydər Əliyev epoxasının dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan ikinci mərhələsinin ən başlıca nailiyyəti odur ki, məhz həmin dövrdə ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanmış, daha da möhkəmləndirilib və inkişaf etdirilib. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi də məhz bu, çox mürəkkəb və son dərəcə məsuliyyətli, dövrün xarakterik cəhətlərindəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı söyləyib.
Deputat qeyd edib ki, bütün bu uğurların əsasında Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə tarixi qayıdışı və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri funksiyasını öz üzərinə götürməsi dayanır. Məhz həmin tarixdən Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı.
“Ulu Öndərin təbirincə desək, bu dövr “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində, Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışına qədərki dövrü əhatə edən mərhələdə ölkə rəhbərliyinin həyata keçirdiyi səbatsız, səriştəsiz və əslində antimilli mahiyyət kəsb edən daxili və xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə, məhz həmin illərdə Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi. Eyni zamanda da Azərbaycan rəhbərliyinin mövcud şəraitə adekvat olmayan mövqeyi cənub qonşumuz İranla da münasibətləri son dərəcə kəskinləşdirmişdi. Bu yarıtmaz siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. Bu da azmış kimi, ABŞ Konqresi də Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi”, - deyə deputat bildirib.
A.Naxçıvanlı deyib ki, belə bir şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli perspektiv separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. İkinci bir tərəfdən də respublikamız real vətəndaş müharibəsi girdabına sürüklənmişdi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Yalnız Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bu sınaqlardan da uğurlu çıxışını təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz xilaskar missiyasını yerinə yetirdi.
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarət oldu ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli yaradıldı.
Daxili siyasi sabitlik və iqtisadi inkişafa nail olan Heydər Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil, həm də onun davamı olan uğurlu xarici siyasət strategiyasını müəyyənləşdirdi. Balanslı və çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunan bu siyasətin prioritet istiqamətlərindən birini Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ (artıq mövcud olmayan) münaqişəsinin tənzimlənməsi təşkil etmişdir. Bu məqsədlə Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin həllinə nail olmaq üçün ikitərəfli formatda keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə tədbirlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək danışıqlarda münaqişənin tarixi və mahiyyəti, onun törətdiyi nəticələr haqqında təkzibedilməz faktları və arqumentləri ortaya qoymuş, münaqişənin əzəli və tarixi Azərbaycan torpağı olan Qarabağın dağlıq ərazilərini ilhaq edib özünə birləşdirməyə çalışan Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində yarandığını bəyan etmişdi. Heydər Əliyev ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini, yekdilliyini təmin etdi. Nizami ordu quruculuğu prosesi dönməz xarakter aldı. Nəticələr özünü çox da gözlətmədi. Nizami Azərbaycan Ordusunun cəbhə boyu həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar münaqişənin tənzimlənməsi prosesində Ermənistanın tutduğu ənənəvi güzəştsiz mövqeyini sarsıtdı. Ermənistan cəbhədə atəşkəsin elan edilməsinə razılıq verməyə məcbur oldu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 12-də atəşkəs haqqında tarixi razılaşma əldə olundu. Nəticədə, 1992-ci ilin mart ayında 11 dövlətin iştirakı ilə yaradılmış və missiyası Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik olan ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqları intensiv xarakter aldı.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, ötən illər ərzində Azərbaycan demokratik inkişaf yolunda da ciddi uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsinin nəticəsi olaraq qəbul edilmiş 1995-ci il Konstitusiyası və ona edilmiş əlavə və düzəlişlər ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesində müstəsna rol oynayıb. Ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması və xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Məhz bu möhkəm təməl əsasında ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi qorunmuş, çoxpartiyalı sistem üçün əsaslar yaradılmış, siyasi plüralizm, vicdan və etiqad azadlığı, milli azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edilib.
“Bu gün Azərbaycan xalqı qəlbində əbədi abidəsini ucaltdığı Ulu Öndərin anadan olmasının 99-cu ildönümünü öz dahi oğlunun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirməklə qeyd edir. Eyni zamanda, xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin sükanı möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında etibarlı əllərdədir və ölkəmiz davamlı və dinamik inkişaf tempinə malikdir. Bu gün məhz Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edərək, milli dövlət quruculuğu və idarəçiliyinin ən şərəfli mərhələsini yaşayır.
Artıq neçə müddətdir ki, Azərbaycan bütün əhəmiyyətli regional-transmilli layihələrin ən arzuolunan iştirakçılarından birinə çevrilib. Vətən müharibəsində əldə olunmuş parlaq tarixi Qələbədən sonra isə ölkəmizin bu mövqeləri daha da güclənib. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri böyük vüsətlə davam etdirilir və ən qısa zamanda dünya həmin ərazilərdə bərpa olunan şəhərlərimizin timsalında növbəti Azərbaycan möcüzəsini seyr etmək imkanı əldə edəcək”, - deyə A.Naxçıvanlı vurğulayıb.