Şahbaz Xuduoğlunun polislə bağlı videosuna DİN-dən cavab
- 14-08-2020, 15:34
- Cəmiyyət
- 0
- 255
“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Çevik Polis Alayı əməkdaşlarının qapalı məkanlarda tibbi maskadan istifadə olunub-olunmamasına nəzarət üçün mətbəəyə girməsinə və çəkiliş aparmalarına etiraz edib. O, bununla bağlı həmin polis əməkdaşları ilə söhbətini videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mətbəədə yoxlanış zamanı polis əməkdaşları qanunvericiliyin tələblərinə tam formada əməl ediblər:
“Polis əməkdaşları xidməti vəzifəsini yerinə yetirib. Fərqi yoxdur, nəşriyyat olsun ya mağaza olsun, nəzarət qaydasında baxış keçirirlər ki, insanlar ictimai qapalı məkanda karantin qaydalarına əməl edirlər, ya yox. Bina şəxsi mülk olsa da, ora iş yeri, ictimai yerdir. Orada bəlkə də 50 nəfər işləyir. Polis əməkdaşları da çəkilişi sübut üçün ediblər ki, sonra həmin şəxslər etiraz edərək “maska taxmışdım, polis qanunsuz protokol tərtib edib” deyə bilərlər. Bu zaman sübut kimi videolar təqdim oluna bilər”.
E.Zahidov polis əməkdaşlarından birinin maska taxmamasının görüntülənməsinə belə münasibət bildirib: “Bir polis əməkdaşı qara, digər ağ maska taxıb. Videonun əvvəlində görülən görüntüdə isə polis əməkdaşı söhbət edən zamanı sosial məsafəni qoruyaraq maskanı çıxarıb, sözünü deyir, sonra yenə maska taxır”.