Goranboy rayon İcra Hakimiyyəti bəzi internet saytlarında rayon barədə dərc olunan yazılara münasibət bildirir
- 24-02-2022, 06:30
- Cəmiyyət
- 0
- 181
AİA.Az xəbər verir ki, mövcud internet resurslarında bəzi internet saytları reallıqdan kənar, dəqiqləşdirilməmiş və özlərinə sərf edən, yalançı, məkrli və qərəzli maraqlarına xidmət edən informasiyaları yaymaqla, rayon İcra Hakimiyyətinin işgüzar nüfuzuna və rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əldə olunmuş nailiyyətlərinə, görülmüş işlərə kölgə salmağa cəhd göstərirlər.
Bildiririk ki, Goranboy rayon icra Hakimiyyətinin təşkilatçılığı və rayon icra hakimiyyətinin başçısı, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Regional Qaz İstismarı İdarəsi, Mingəçevir Regional Elektrik Şəbəkəsi, Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər şöbəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi–Sosial Ekspertiza və Reabilitasiya şöbəsinin rəhbərləri, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi, rayonun hüquq mühafizə orqanları və xidmət sahələrinin rəhbərlərinin iştirak ilə, 25 fevral 2022-ci il tarixdə Goranboy şəhərində Şəhid ailələri və Qazilərin problem və müraciətlərin dinlənilməsi, bu sahədə operativliyin təmin edilməsi məqsədi ilə görüş təşkil olunmuşdur.
Tədbirdə, aidiyyəti xidmət sahələrinin rəhbərləri tərəfindən fərdi qaydada Şəhid ailələri və Qazilərin müraciətləri dinlənilmiş, sosial qayğılarının, kommunal təhcizat təminatının, o cümlədən elektrik enerjisi, təbii qaz, içməli və suvarma suyu, rabitə, həmçinin müharibə zamanı sağlamlığını itirmiş iştirakçıların əlillik dərəcəsinin təyin edilməsi, veteranlıq və medal təqdimatı məsələlərinin həlli ilə bağlı qeydlər aparılmışdır.
Tədbirdə iştirak edən bütün Şəhid ailələri və Qazilərimiz bu cür görüşlərin təşkilini və RİH-nin fəaliyyətini yüksək qiymətləndirmiş, Ölkə rəhbəri cənab Prezident İlham Əliyevə məmnunluqlarını bildirmişlər. Qərara alınmışdır ki, bu cür məqsədyönlü qəbullar ayda bir dəfə olmaqla davam etdirilsin.
Bir daha bildiririk ki, bəzi saytlarda yerləşdirilən bu kimi informasiyalar böhtan xarakterlidir, tam əsassızdır. Əslində, bu cür təxribat xarakterli yazılar goranboyluların fikri və münasibəti deyil, kimin və ya kimlərinsə şəxsi, qərəzli yanaşmalarıdır.
Goranboy rayon İcra Hakimiyyəti, yerli icra hakimiyyətləri haqqında əsasnamənin tələblərini əldə rəhbər tutaraq, rayonda siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrinə aid dövlət siyasətinin və ölkə başçısının qarşıya qoyduğu vəzifələrin icrasını təmin edir.
Rayonda görülmüş işlər və reallıqlar, xüsusən də 44 günlük Vətən müharibəsi öncəsi və müharibə dövründə cəbhəboyu yaşayış məntəqələrində və arxa cəbhədə aparılan işlər, Şəhidlərimizin dəfn və yas mərasimlərinin təşkili, Şəhid ailələrinə mənəvi və maddi dəstəyin göstərilməsi, müharibədən sonra Şəhid ailələri və Qazilərin sosial qayğılarının həlli ilə bağlı RİH-nin və Milli Məclisin rayonu təmsil edən deputatlarının birgə fəaliyyəti barədə və digər məlumat və materialları İcra Hakimiyyətinin rəsmi internet (www.goranboy-ih.gov.az), Facebook və İnstaqram (Goranboy rayon Icra Hakimiyyəti) səhifələrindən izləmək və öyrənmək olar.