Qubadlıda yeni qərargah binası istifadəyə verildi - FOTOLAR
- 19-01-2022, 12:16
- Cəmiyyət
- 0
- 223
Yanvarın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah binası istifadəyə verilib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindənməlumat verilib.
Bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə yeni qərargah binasının açılışa hazır olması barədə Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə etmişdir. General-polkovnik Elçin Quliyev əlamətdar tədbir münasibətilə şəxsi heyəti təbrik etmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraqazad edilmiş ərazilərimizdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasını, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd etmiş, ötən il ərzində Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd-döyüş məntəqəsinin xidməti-döyüş fəaliyyətinə başlamasını bildirmişlər.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ötən il ərzində işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 4 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və dövləti qayğının növbəti ifadəsi olduğu, sərhədçiləri xidməti uğurlara ruhlandırdığı xüsusi vurğulanmışdır.
Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək qəhrəmanlıq salnamələri yazmış sərhədçilərin bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimzin toxunulmazlığının təmin edilməsi vəzifəsini şərəflə yerinə yetirdikləri qeyd olunmuşdur.
Açılış mərasiminin rəmzi lenti kəsildikdən sonra qərargah binasında yaradılmış şəraitə baxış keçirilmişdir. Burada şəxsi heyətin yüksək səviyyədə xidmət aparmaları üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, konfrans zalı, növbətçi otaq mövcuddur. Bina daimi su və elektrik enerjisi, istilik sistemi ilə təchiz olunmuşdur. Ərazidə abadlıq işləri aparılmış, asfalt örtüyü salınmış, ağaclar əkilmişdir.
İnzibati binanın qarşısında ucaldılmış Dövlət Sərhəd Xidmətinin Vətən Müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə qarşısına güllər düzülmüşdür.
Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin sıralarında Vətən müharibəsində iştirak edərək şücaət göstərmiş, hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının azad olunmasında fərqləndiklərinə görə təltif edilmiş medalları təqdim olunmuşdur.
Tərxis edilən hərbi qulluqçuların təntənəli yola salınması təşkil edilmiş, onlarla xatirə fotoşəkilləri çəkilmiş və şəxsi heyət DSX-nin hərbi orkestrinin ifasında “Cəngi” musiqisinin sədaları altında xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınmışlar.