Главная > Bölgə > Gəncə Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Gəncə Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir19-06-2023, 15:14. Разместил: admin |
Gəncə ilə Çindao şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıbÇinin Çindao şəhəri Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyi və Şandon Əyaləti Hökumətinin birgə təşkilatçılığı ilə keçirilmiş “Xalq Diplomatiyası və Qardaşlaşmış Şəhərlər” və “İstehsal və Təchizat Səncirləri” Forumlarına, eləcə də 23-cü ŞƏT İnvestisiya və Ticarət Sərgisinə ev sahibliyi etmişdir. Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyindən verilən məlumata əsasən, cari ilin 15 iyun tarixində ŞƏT ailəsinə daxil olan ölkələrin əyalət və şəhərlərinin iştirakı ilə keçirilmiş “Xalq Diplomatiyası və Qardaşlaşmış Şəhərlər Forumu”nda təşkilata daxil olan ölkələrin elm, təhsil, texnika, innovasiya, yoxsulluqla mübarizə və sosial-iqtisadi inkişaf sahələrində əməkdaşlığı ətrafında müzakirələr aparılmış və ölkələr arasında əlaqələrin dərinləşməsində regionlar arasında işbirliyinin əhəmiyyətinə diqqət yönəldilmişdir. Forum çərçivəsində Çin Xalq Respublikasının Çindao şəhəri ilə Azərbaycan Respublikasının Gəncə şəhəri arasında dostluq və əməkdaşlıq haqqında sazişin imzalanması mərasimi də keçirilmişdir. Sözügedən sazişi Gəncə şəhərinin adından Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı Çindao şəhərinin adından isə şəhər merinin müavini Qen Tao imzalamışlar. 10 milyon nəfərdən çox əhalisi olan Çindao Çinin əsas beynəlxalq liman şəhərlərindən biri olmaqla yanaşı, həm də ölkənin əsas turizm bölgəsi və dünyaca məşhur Haier, Hisense və CRRC kimi şirkətlərin istehsal müəssisələrinə ev sahibliyi edən vacib sənaye şəhəridir. Çindao şəhərinin 2022-ci ildə ÜDM-si 3.9 faiz artım nümayiş etdirərək, 223 milyard ABŞ dolları təşkil etmişdir. Gəncə və Çindao arasında imzalanmış sözügedən saziş şəhərlər arasında ticarət-iqtisadi və mədəni-humanitar təmasları fəallaşdırmaqla yanaşı, Azərbaycan-Çin münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayan regionlararası əməkdaşlığın dərinləşməsinə də öz töhfəsini verəcəkdir. Cari ilin 16 iyun tarixində Çindao şəhərində yerləşən və ÇXR Sədri Si Cinpinin təşəbbüsü ilə yaradılmış Çin-ŞƏT İqtisadi və Ticarət Əməkdaşlığı Nümayiş Zonasında Azərbaycan Respublikasının Milli Pavilyonunun rəsmi açılış mərasimi keçirilmişdir. Daimi əsasda fəaliyyət göstərəcək Milli Pavilyonun açılış mərasimində iştirak edən səfir Əkrəm Zeynallı öz müasir dizaynı və milli üslubu ilə seçilən Azərbaycan Pavilyonunun ölkəmizin qədim tarixi və zəngin mədəniyyətinə dair məlumatları özündə ehtiva etməklə yanaşı, onun müasir inkişafını və qüdrətini də təcəssüm etdirdiyini bildirmişdir. Azərbaycan Səfirliyinin dəstəyi və Çin-ŞƏT İqtisadi və Ticarət Əməkdaşlığı Nümayiş Zonasının təşkilatçılığı ilə yaradılmış sözügedən pavilyonun ziyarətçiləri burada ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, müasir dövrdə inkişafı, turizm potensialı və nəqliyyat-logistika imkanları ilə bağlı dolğun məlumat almaqla yanaşı, pavilyonun ticarət bölməsində “Made in Azerbaijan” brendi altında nümayiş etdirilən yüksək keyfiyyətli məhsulların alışını da həyata keçirə biləcəklər. Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Gəncədə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilibGəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib. Konsert Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin sədri Rəhman Hacıyev, şəhid və qazi ailələri, hökumət rəsmiləri, millət vəkilləri, Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərən donor şirkətlərin və Fondunun tərəfdaşlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də Gəncə şəhərinin sakinləri iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev konsertin əsas məqsədi barədə məlumat verib. O, “Qarabağ gecəsi” xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək göstərən, eyni zamanda bilet əldə edərək işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasına töhfə verən hər kəsə təşəkkürünü bildirib. Konsertin baş sponsoru olan “Veysəloğlu” Şirkətlər Qrupunun baş icraçı direktoru Burak Dəniz bu cür təşəbbüslərə dəstək göstərməyin əhəmiyyətini qeyd etməklə yanaşı, işğaldan azad edilən ərazilərin bərpası istiqamətdə həyata keçirilən tədbirlərdə həmrəyliyin vacibliyini vurğulayıblar. Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış ediblər. Konsertin bədii hissəsindən sonra tədbir rəsmi ziyafətlə davam edib. Rəsmi ziyafətdə konsertin ərsəyə gəlməsində həmrəylik nümayiş etdirərək dəstək olan donorlara Fondun “Təşəkkür Sertifikatı” təqdim olunub. Qeyd edək ki, konsertdən əldə edilən vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək. Xatırladaq ki, “Qarabağ gecəsi” adlı ilk xeyriyyə konserti 26 iyun 2022-ci il tarixində Bakıda, Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunub. “Avrora Qrup”un baş sponsorluğu ilə baş tutan konsertdən toplanan vəsait hesabına Şuşa şəhərində yerləşən mədəniyyət müəssisələrinin birinə musiqi aləti - royal alınacaq. Həmrəy olaq, Qarabağı daha gözəl bərpa edək! Niyazi Bayramov şəhərin Cavadxan küçəsində aparılan geniş abadlıq və quruculuq işləri ilə yerində tanış olubGəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə sakinlərinin ən çox istirahət etdiyi məkanlardan olan Cavadxan küçəsində aparılan genişmiqyaslı abadlıq, quruculuq, təmir və bərpa işləri ilə yerində tanış olub. Şəhər rəhbərinə bildirilib ki, Cavadxan küçəsində yerləşən evlərin fasadları, novdanları yuyularaq təmizlənib. Daş döşəmələrin təmirə ehtiyacı olan hissələri yeniləri ilə əvəz olunub, işıq dirəklərində olan köhnə plafonlar yeni, müasir LED lampaları ilə əvəzlənib, yeraltı keçidlərdə təmizlik işləri görülüb. Burada olan buta formalı oturacaqlar yenidən boyanıb, güldanlara mövsümü güllər əkilib, eyni zamanda, fəvvarələr təmir olunub. Cavadxan küçəsi ilə yanaşı, şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq iməciliklər təşkil olunur. Park və xiyabanlara, küçələrə güllər və həmişəyaşıl kollar əkilir, ictimai iaşə və ticarət obyektlərinin qarşısına yeni gül dibçəkləri qoyulub. Bununla paralel olaraq ehtiyac olan küçə və prospektlərdə yeni dirəklər basdırılır, müasir gecə işıqlandırma sistemi qurulur. Görülən işlərlə yerində tanış olan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tapşırıq və tövsiyyələrini verib. Daha sonra şəhər rəhbəri sakinlərlə də söhbət edib. Onların rəy və təkliflərini dinləyən Niyazi Bayramov, səsləndirilən fikirlərin dəyərləndiriləcəyini bildirib. Qeyd edək ki, aparılan abadlıq, təmir-bərpa və tikinti işləri Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən aparılır. Həyata keçirilən işlər mütəmadi olaraq davam edəcək. Вернуться назад |