Qax Rayonunda silsilə tədbirlər davam edir
- 17-04-2023, 10:10
- Bölgə
- 0
- 281
Tariximizin daşlaşmış yadigarları
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə aprelin 14-də Qax şəhərində “Bu diyarın hər daşı, hər guşəsi bir tarixdir” adlı regional tədbir keçirilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə regional idarənin xidməti ərazisinə daxil olan rayonların aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan sərgiyə baxış olub.
Tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Regional tədbiri Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova açaraq, aprelin 18-nin dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Qeyd olunub ki, xalqımızın keçmişini özündə yaşadan, əsrlərin sınağından çıxmış qədim tarixi-mədəni abidələrimizi qoruyaraq gələcək nəsillərə çatdırmaq hər birimizin ən ümdə vəzifəsidir. Bu gün mədəni irsimizin qorunması, inkişafı və təbliği istiqamətində dövlətimiz tərəfindən təxirəsalınmaz tədbirlər görülür.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi Tərxan Tahirli çıxışında qeyd edib ki, Azərbaycan xalqının qədim mədəni sərvətləri içərisində tarixi abidələr xüsusi yer tutur. Azərbaycan mədəniyyətinin əhəmiyyətli nümunələri olan bu abidələr mədəniyyət tariximizin öyrənilməsində mühüm mənbələrdən sayılır. Tarix və mədəniyyət abidələri xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən, maddi və mənəvi həyatımızın, tariximizin daşlaşmış yadigarıdır.
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Qəbələ Regional İdarəsinin təşəbbüsü ilə “Sönməz günəş” devizi altında uşaq, yeniyetmə və gənclər arasında keçirilən rəsm və əl işlərindən ibarət müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.
Tədbir çərçivəsində daha sonra Qax rayonu ərazisində yerləşən tarixi abidələrə ekskursiya təşkil edilib.
RİH başçısının Qındırğa kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qındırğa kəndində 11 aprel 2023-cü il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin bir hissəsindən keçən çayın məcrasının təmizlənməsinə, içməli su probleminin həll olunmasına, giriş yolunun təmiri üçün texnikanın ayrılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.
Rayonda “Heydər Əliyev İli” çərçivəsində ümumrayon iməciliyi keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da silsilə tədbirlər davam etdirilir.
“Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq aprelin 15-də, Qax şəhəri ərazisində və rayonun kənd inzibati ərazi vahidlərində ümumrayon iməciliyi keçirilib.
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iməcilik ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədi daşıyıb.
Ümumrayon iməciliyində idarə, müəssisə və təşkilat kollektivləri, YAP fəalları və sakinlər böyük həvəslə, fəal iştirak ediblər. Müxtəlif ərazilərdə və yol kənarlarında təmizlik işləri aparılıb, yol kənarları alaq otlarından təmizlənib, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən yığışdırılıb, səliqə-sahman yaradılıb.